Bia.Az

Rusiyanın yeni peyvəndləri haqda nə bilirik? – “Deutsche Welle”

Gündəm
 26-03-2021, 17:54     277

Rusiyada koronavirus əleyhinə üç peyvənd təsdiqlənib: “Sputnik V”, “EpiVacCorona” və “CoviVac”. Novator.az saytı Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində bu peyvəndlər haqda ingilis dilində dərc olunmuş yazını tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Rusiya bu ilin payızına qədər vətəndaşlarının böyük hissəsini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır. O öz məqsədinə çatmaq üçün üç yerli peyvənddən istifadə edir.
Bu peyvəndlərin hər üçü peyvəndlərin təhlükəsizlik və effektivliyini təmin etmək məqsədilə beynəlxalq səviyyəli elmi standartda tələb olunan genişmiqyaslı kliniki tədqiqatların 3-cü mərhələsi başa çatmamış təsdiqlənib.
COVİD-19 əleyhinə “Sputnik V” peyvəndini 2020-ci ilin avqust ayının əvvəlində təsdiqləyən Rusiya bununla dünyada koronavirus peyvəndini təsdiqləmiş ilk ölkə olub.
Rusiya hökuməti “Sputnik V”i təsdiqləyəndən sonra 40 min nəfərin iştirakı ilə genişmiqyaslı kliniki tədqiqatlar aparılıb.
Peyvəndlər hansı mərhələdə təsdiqlənməlidir?
Əslində peyvənd və ya dərman preparatı yalnız kliniki tədqiqatların 3-cü mərhələsi həyata keçirilib başa çatdırılandan və təsdiqlənəndən sonra kütləvi istifadəyə buraxılmalıdır.
Koronavirus pandemiyası dövründə peyvənd istehsalçıları prosesi sürətləndirmək və səhiyyədəki fövqəladə vəziyyətin tələblərinə cavab vermək üçün bəzən 2-ci və 3-cü mərhələlərin tədqiqatlarını eyni vaxtda aparıblar.
Lakin hətta 3-cü mərhələ başa çatsa da, tədqiqatlar davam etdirilir: dərman preparatını və ya peyvəndi daha uzun müddət ərzində daha geniş miqyasda sınaqdan keçirmək üçün tədqiqatların 4-cü mərhələsi həyata keçirilir. Odur ki, rus peyvəndləri hələ bir neçə prosesdən keçməlidir.
Bu şəkildən də göründüyü kimi, Rusiyanın yanvar ayının ortalarında başlatdığı peyvəndləmə kampaniyası hətta ticarət mərkəzlərindəki tibb məntəqələrində də aparılır
Rusiya ikinci peyvəndi “EpiVacCorona”nı 2020-ci ilin oktyabrında, üçüncü peyvəndi “CoviVac”ı 2021-ci ilin fevralında təsdiqləyib. Bu peyvəndlərin heç biri tədqiqatların 3-cü mərhələsinə cəlb olunmayıb.
Belə görünür ki, başqa peyvəndləri də eyni aqibət gözləyir. Məlumata görə, Rusiya COVİD-19 infeksiyasına qarşı əlavə 20 peyvəndin istehsalına hazırlaşır. Bunlardan biri “Mir-19” peyvəndidir. Onun klinikaya qədərki sınaqlarının ilkin mərhələsi bu yaxınlarda Rusiyanın Federal Tibbi-Bioloji Agentliyində həyata keçirilib.
Biz “EpiVacCorona” peyvəndi barədə nə bilirik?
“EpiVacCorona” peyvəndi kimyəvi sintezə məruz qalmış antigenə əsaslanır və tərkibində canlı virus yoxdur.
Antigen – orqanizmin immunitet sisteminin virusa qarşı antitel yaratmasına səbəb olan maddədir.
Clinicaltrials.gov saytında dərc edilmiş məqalədə qeyd olunur ki, ABŞ-ın Milli Tibbi Kitabxanasının açıqladığı məlumata görə, “EpiVacCorona” peyvəndi üzrə tədqiqatların 2021-ci ilin may ayından tez yekunlaşacağı gözlənilmir.
Rusiyanın COVİD-19 əleyhinə peyvəndlərindən biri: “EpiVacCorona”
“EpiVacCorona” peyvəndi Rusiyada tədqiqatların 1-ci və 2-ci mərhələlərindən keçəndən sonra təsdiqlənib.
Türkmənistanın Dövlət Xəbər Agentliyinin verdiyi məlumata görə, “EpiVacCorona” peyvəndinin istifadəsi Türkmənistandan başqa heç bir ölkədə təsdiqlənməyib.
Martın 1-nə olan məlumata görə, Dünya Səhiyyə Təşkilatı öz ekspertlərinin “EpiVacCorona” peyvəndini qiymətləndirə bilməsi üçün “Vektor” Mərkəzindən peyvəndin məqsədi barədə izahedici sənəd gözləyir.
“Vektor” Mərkəzi “EpiVacCorona” peyvəndinin istehsalçısıdır.
“EpiVacCorona” adi soyuducuda saxlana bilər.
Rusiya hökuməti bu peyvəndin ilkin sınaqlarda 100% effekt verdiyini iddia edir.
Biz “CoviVac” peyvəndi barədə nə bilirik?
Beynəlxalq mənbələrdə, yaxud digər etibarlı mənbələrdə “CoviVac” peyvəndi barədə ətraflı məlumat yoxdur.
Biz bilirik ki, “CoviVac” peyvəndi Rusiya Elmlər Akademiyasının Çumakov Mərkəzində (M.P.Çumakov adına İmmunobioloji Preparatların Hazırlanması və Tədqiqi üzə Elmi Mərkəz) hazırlanıb.
Rusiyada istehsal olunmuş “CoviVac” peyvəndi
ABŞ-ın Normativ-Hüquqi Nəzarət üzrə Peşəkarlar Cəmiyyəti “CoviVac” peyvəndini inaktiv peyvəndlər siyahısına daxil edib. Amma “CoviVac” peyvəndi haqqında Clinicaltrials.gov saytında, Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzində, yaxud Dünya Səhiyyə Təşkilatının peyvəndləri izləmə sistemində bundan başqa bir məlumat yoxdur.
Çaşqınlıq yaranmasın: ABŞ-ın “Codagenix” şirkəti də bənzər adda peyvənd hazırlamağa başlayıb. Həmin peyvənd “Covi-Vac” (defislə yazılır) adlanır. Rusiyanın “CoviVac” peyvəndinin adı da bəzən defislə yazılır.
Rusiyanın “CoviVac” peyvəndi ümumən “virus peyvəndi” kimi tanınır. Peyvəndlərin geniş yayılmış formalarında olduğu kimi, onun tərkibinə virusun səthindəki tikanlı zülallar və daxilindəki genetik material daxildir.
“CoviVac” peyvəndində koronavirus inaktiv (öldürülmüş) formada mövcuddur. Ona görə bu virusun genetik materialı hüceyrələrə yoluxa, yaxud çoxala bilməz. Bununla belə, genetik material orqanizmin immunitet sistemində virusa qarşı cavab reaksiyası (virusa qarşı immunitet) yarada bilir.
Çumakov Mərkəzindən bildirilib ki, bu peyvənd 2-8°C temperaturda saxlana bilər. Bu isə “CoviVac”ın saxlanma şərtinin əlverişli olması deməkdir. Başqa peyvəndlərdən fərqli olaraq onu çox soyuq şəraitdə saxlamağa ehtiyac yoxdur və bu səbəbdən daşınması da rahat həyata keçirilə bilər.
Rusiyanın TASS agentliyi xəbər verib ki, “CoviVac” peyvəndi buster-immunizasiya üçün istifadə oluna bilər. Deyilənə görə, digər peyvəndlərlə müqayisədə “CoviVac”ın əks təsirləri az olduğu üçün bu peyvənd xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə və yaşlılara da vurula bilər.
Rusiyalı tədqiqatçılar iddia edirlər ki, “CoviVac” bütövlükdə virusa əsaslandığından o, virusun əksər variantlarına və ya mutasiyalarına qarşı effektiv olacaq.
“Sputnik V” peyvəndi haqqında
“Sputnik V” peyvəndində müdafiə gücünü orqanizmə ötürmək üçün bir vasitə kimi adenovirus (geniş yayılmış qrip kimi virus) vektorlarının iki versiyasından istifadə olunub.
Vektorlar manipulyasiyaya uğramış viruslar olduğuna görə orqanizmə yoluxmur və çoxalmır. Buna baxmayaraq onlar immun reaksiyasına səbəb olur, yəni immunitet yarada bilir.
Rusiyanın COVİD-19 əleyhinə təsdiqlədiyi ilk peyvənd: “Sputnik V”
“Sputnik V” peyvəndinin birinci və ikinci dozalarında fərqli vektorlardan istifadə olunub. Alimlərin sözlərinə görə, fərqli vektorlardan istifadə peyvəndin insana uzun müddət ərzində daha effektiv təsir göstərməsinə imkan verir.
“Sputnik V” peyvəndi ilə bağlı tədqiqatların 3-cü mərhələsi ən azı altı dəfə həyata keçirilib. Bu tədqiqatlar Rusiya, Hindistan, Venesuela, Belarus və Birləşmiş Ərəb Əmirliklərində aparılıb.
40-dan çox ölkə “Sputnik V”i fövqəladə vəziyyətlərdə istifadə etmək üçün təsdiqləyib.
Bu peyvəndin 90% effektiv olduğu bildirilir.
Avropalı ekspertlər yeni rus peyvəndləri haqda nə düşünürlər?
Rusiyadakı ekspertləri çıxmaqla digər ekspertlər bu üç peyvəndə hələ də ehtiyatla yanaşırlar. Səbəb bu peyvəndlərin müstəqil ekspert qiymətləndirməsindən keçməməsidir.
Deyilənə görə, “EpiVacCorona” peyvəndinin istehsalçıları xarici elmi jurnallara 1-ci və 2-ci mərhələdə aparılan tədqiqatların nəticələrini təqdim ediblər. Lakin 3-cü mərhələnin nəticələrinin təqdim olunmaması hələ də sual doğurur. Almaniya və Avropadakı ekspertlər hazırda bu peyvəndləri şərh etməkdən imtina edirlər.
Almaniyanın vaksinlər və biotibbi dərman vasitələri üzrə federal institutu olan Paul Erlix İnstitutunun sözçüsünün “Deutsche Welle” media şirkətinə göndərdiyi elektron məktubda qeyd olunur ki, institutun ekspertləri onlara etibarlı məlumat təqdim olunmayana qədər hər hansı peyvənd barədə heç bir fikir bildirməyəcəklər.
Paul Erlix İnstitutu fərziyyələri heç bir şəkildə qəbul etmədiyini vurğulayaraq “Deutsche Welle” şirkətinə Avropa Dərman Agentliyi ilə əlaqə saxlamağı məsləhət görüb.
Avropa Dərman Agentliyi Avropa İttifaqında dərman və peyvəndlərin təsdiqlənməsinə məsuliyyət daşıyır. Amma bu agentlikdən də “Deutsche Welle” şirkətinə məsləhət görüblər ki, Paul Erlix İnstitutuna müraciət edin.
TASS xəbər agentliyinin martın 1-nə olan məlumatına görə, Rusiyada təxminən 144 milyonluq əhalinin peyvəndlənməsi üçün indiyədək ən azı 7 milyon 885 min doza “Sputnik V” peyvəndi və 45 min doza “EpiVacCorona” peyvəndi buraxılıb.
Rusiya öz peyvəndlərini may ayına qədər 50 milyon dozada istehsal etmək niyyətindədir.

BİA.AZ
скачать dle 12.1