Bia.Az

Rusiya Ordusu terrorçuları Qarabağa buraxıb

Gündəm
 12-03-2021, 11:54     401

İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan martın 10-u Xankəndi şəhərində N saylı hərbi hissənin hərbi qulluqçuları ilə görüşərək onlara “dövlət mükafatları” təqdim edib. Bu hərbi qurumun rəhbəri Vladimir Vartanovdur.

“Turan” xəbər verir ki, Araik Arutunyan təltif edilən şəxslərin Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin payızında keçirdiyi əməliyyatlar zamanı Qırmızı Bazar qəsəbəsini (Xocavənd rayonu) igidliklə qoruduğunu vurğulayıb.

Agentlik Rusiya sülhməramlılarının Vladimir Vartanovun rəhbərlik etdiyi hərbçiləri Qarabağa necə buraxdığı sualını qoyur, Azərbaycan hakimiyyətini bununla bağlı izahat tələb etməyə çağırır.

Novator.az-ın məlumatına görə, Azərbaycan Baş Prokurorluğunun 3 noyabr 2020-ci il açıqlamasında qeyd olunub ki, Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin digər ölkə vətəndaşlarını cəlb edərək “VoMa” adı altında silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməlləri törətmələrinə dair araşdırma aparılıb, Vladimir Vartanov və digərlərinin Azərbaycana və ölkənin vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə cinayətkar birlik halında birləşmələri müəyyən edilib, həmçinin Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə muzdlu kimi istifadə edilmələri bilinib.

Məlumata əsasən, faktla bağlı təcavüzkar müharibəni aparma, cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və digər ittihamlarla cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib, ərazilərdə özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna beş il müddətinə Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.

BİA.AZ
скачать dle 12.1