Bia.Az

GENERAL KİMLƏRİN SİFARİŞİ İLƏ VƏ NİYƏ ÖLDÜRÜLDÜ? - Rail Rzayevin sirli qətlindən 12 il ötdü

Gündəm
 11-02-2021, 12:09     71

2009-cu ilin bu günü, fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini olan general-leytenant Rail Rzayev öldürülüb. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.

Qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı yanında yalnız sürücüsü olub. General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Məlumata görə, generalın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb. Sürücü maşından zibili götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşədən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib. Həmin gün Bakıda olduqca intensiv yağış yağıb və küləkli gün idi. Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Generalın ağzından qan gəldiyini görəndə yolda generalın adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsinə göstəriş verib. Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb Rail Rzayevin qətlə yetirildiyini anlayıblar.
Rail Rzayev həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında qətlə yetirilib. Generalın ölümü ilə bağlı bir sıra versiyalar səsləndirilir.  
Cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov “Zerkalo” qəzetinə müsahibəsində generalın qətli ilə bağlı 4 versiya üzərində iş getdiyini açıqlamışdı. Ancaq onları açıqlamamışdı. Mətbuatda isə ötən müddətdə bundan da artıq versiyalar səslənib. 
Ancaq bütün hallarda qətlin onun xidməti işilə bağlı olduğu vurğulanır.

Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə Prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.
Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu qətl onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib.

Üstündən 12 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.
Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər.
Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi.
Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də demişdi.

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin..."
Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.
Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Bu sualların cavabı bu günə qədər verilməyib. 
Ancaq ötən müddətdə Rail Rzayevin qətli barədə indiyədək nəzərdən keçirilmiş versiyalar arasında 2-si daha çox diqqəti çəkib.
Prezident niyə xarici amilləri qabartmışdı ?

Bunlardan birincisi qətlin Rusiyanın müəyyən dairələrinin sifarişi ilə həyata keçirilməsi ehtimal idi. 
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev də xarici amilləri qabarmışdı.
Hadisə baş verən gün müşavirə keçirən prezident İlham Əliyev hüquq-mühafizə orqanlarından qətlin üstünün açılmasını tələb etmişdi: «Tələb edirəm ki, bu dəhşətli qətli törədənlər və sifarişçilər cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılıb, istintaq gedir, ilkin məlumatlar var...»
Bunun ardınca prezident Azərbaycan dövlətinin ÖZÜNÜ MÜDAFIƏ ETMƏYƏ qadir olduğunu bildirmişdi: «Azərbaycan dövlətinin imkanları çox böyükdür, bizə qarşı, dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə, onu törədənlər cavab verməlidir və cavab verəcəklər. Azərbaycan dövləti bir daha demək istəyirəm ki, ÖZÜNÜ MÜDAFIƏ ETMƏYƏ QADIRDIR. Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün müxtəlif cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir ki, bütün hallarda hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və məhv edilməsi üçün lazımi tədbirləri görür».
Prezidentin çıxışından göründüyü kimi, o, qətlin arxasında xarıcı qüvvələrin dayandığına istina etməmiş, hətta buna işarəı vurmuşdu. Bu zaman ilk ağla gələn Rusiya oldu. Çünki həmin dövrdə Azərbaycanın mərkəzində durduğu bir çox regional layihələr Moskvanı qəzəbləndirmişdi. Bu qətldən təxminən 3 ay sonra Rusiyadan gələn killerin Azərbaycan Neft Akademiyasında həyata keçirdiyi qətliam da bu ehtimalı artırdı. Hədəf kimi general-leytenant Rail Rzayevin seçilməsi də təsadüfi sayılmırdı.

Məsələ bundadır ki, o vaxt belə bir məlumat da yayıdı ki, qətl baş verən ərəfədə Respublika Prokurorluğunun istintaq qrupu Rail Rzayevin idarəsində bir ay yoxlamalar aparıb. Nəticədə HHQ və HHMQ-nın iki hərbi hissəsinin komandiri də daxil olmaqla, bir neçə zabit həbs olunub. Hansı ki, həmin zabitlər Rusiya kəşfiyyatına casusluqda ittiham olunub!! Hərbi Hava Qüvvələrindəki Rusiya şəbəkəsinin ifşa olunmasının isə Rail Rzayevin şəxsi təşəbbüsü olduğu bildirilirdi. Bu məlumat Rail Rzayevin də Rusiya kəşfiyyatı tərəfindən öldürüldüyünə dair şübhələrin əsassız olmadığını təsdiqləyirdi.
Generalın öldürülməsinin Neft Akademiyasında qətliam törədən Fərda Qədirovun Gürcüstana qayıtması ilə təxminən eyni vaxtda düşməsi də diqqətdən qaçmamlıdır. Bu təsadüfə oxşamır. Ehtimal ki, Moskva həmin vaxt Azərbaycanda qətllər və terror aktları törətmək üçün xüsusi diversiya qrupu göndərib. Və bu qrup Moskvadan tapşırıq alaraq hərəkət edib.
Generalın qətlini “daxili düşmənlərin” üzərinə atmaq kimlərin marağında idi?
Elə R.Rzayevin hakimiyyətdaxili qruplaşmalardan hansınınsa öldürə biləcəyi versiyasının gündəmə buraxılmasının da Rusiya xüsusi xidmətinin planı olduğu istisna edilmirdi. Belə ki, Rail Rzayevin qətlindən az əvvəl o, sanki məqsədli şəkildə ölkə mətbuatının və siyasi dairələrin gündəminə gətirilmişdi.

Xatırladaq ki, həmin ərəfələrədək R.Rzayevin adı KİV-də çox nadir hallarda çəkilirdi və bu, əsasən rəsmi xəbərlərlə bağlı olurdu. Lakin qətldən az əvvəl R.Rzayevlə bağlı çox ciddi məlumatlar yayıldı. 
Manşet xəbərlərində bildirilirdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vertalyotu Qəbələ rayonuna uçmaq üçün havaya qalxdıqdan bir neçə dəqiqə sonra Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən hücuma məruz qalıb. Buna səbəb nazirin vertolyotunun uçması üçün zəruri ərizənin olmaması və ya onun verilməsinin gecikməsi olub. Buna görə HHQ vertolyotun havada olmasını qanunsuz hesab edib.
Məlumatın sonrakı hissəsində deyilirdi ki, vertolyotda olanlar vurulmaqdan qorxaraq, ciddi həyəcan keçiriblər. “Fövqəlnazir” baş verən hadisədən bərk qəzəblənərək, elə insidentin baş verdiyi yerdən müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamağa çalışıb. Ancaq həmin vaxt S.Əbiyev istirahət etdiyindən onunla danışa bilməyib. Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən K.Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq R.Rzayev nazirin diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq mülki qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də K.Heydərova uçuşu davam elətdirməyə imkan verilməyib.

Üstündən xeyli müddət keçməsinə baxmayaraq bu məlumatın doğruluğu hələ də təsdiqlənməyib. Bizim fikrimizcə, məlumat kökündən yalnış idi və məqsədli şəkildə yayılmışdı. Hətta qanunsuz uçuş etsə də belə, Azərbaycanda hansısa nazirin (bu Kəmaləddin Heydərov olmaya da bilər) vertalyotuna qırıcıların hücum etməsinə inanmaq çox çətindir. Hava Hücumundan Müdafiə Qüvvələrinin radar mərkəzlərində oturanların vertalyotda hansısa nazirin olduğunu bilmələri kifayətdir ki, uçuşun davam etdirilməsinə icazə versinlər. İstər HHMQ komandanlığının, istərsə də müdafiə nazirinin vertalyotu məcburi endirmək barədə göstəriş vermələri qətiyyən ağılabatan deyil. 
Sual olunur; Belə bir hal baş versə və tutaq ki, K.Heydərov bu göstərişə tabe olmasa nə baş verərdi? Qırıcılar nazirin vertalyotunu vuracaqdımı? Bu barədə düşünmək belə qeyri-ciddilikdir.
Deməli həmin ərəfələrdə Kəmaləddin Heydərovla Rail Rzayevin adının belə bir məsələdə hallandırılmasında kimlərinsə marağı olub. Sanki həmin qüvvələr bilirmiş ki, yaxınlarda HHMQ komandanı qətlə yetiriləcək və onun məsuliyyətini «fövqəlnazirin» üzərinə doğru yönləndirmək istəyiblər. Belə də oldu: Qətl günündən başlayaraq mətbuat «vertalyot krizinə» geniş yer ayırmağa başladı.
Bu da qətlin sifarişcilərinin marağında idi. Fikrimizcə, bu məsələ Rail Rzayevin qətlində Rusiya ilə yanaşı Azəbaycan hakimiyyətinin daxilində o zaman güclü olan "5-ci kalon"un da rolu ola biləcəyinə dair ən ciddi məqamdır. İstintaq «vertalyot krizi» barədə məlumatın mənbəyini tapa bilsə bəzi məsələlərə aydınlıq gəlmiş ola bilərdi....
Generalın qətlində beynəlxal mafiyanın izi...

Ancaq, Rusiya yeganə versiya deyil. Rail Rzayevin aradan götürülməsində aktuallığını qoruyan daha bir versiya onun beynəlxalq silah və uyuşdurucu mafiyası tərəfindən öldürülməsidir. Bu ehtimal bir xarici nəşrin məlumatından sonra daha diqqətçəkən olmuşdu.
İspaniyanın «El Pais» qəzeti generalın qətli ilə bağlı versiyaları yazarkən qeyd edirdi: «İstisna etmək olmaz ki, qətl qanunsuz silah alveri ilə məşğul olan mafiyanın işidir”. 
Çoxsaylı mənbələr o vaxtlar Azərbaycan Hava Qüvvələrinə məxsus yük təyyarələrinin çox müəmmalı yükdaşımalarda iştirak etdiyini, Rail Rzayevin bu işlərdən böyük pullar qazandığını bildirirlər. Qeydiyyata alınmayan uçuşlar zamanı silah və hətta narkotik vasitələr daşındığı istisna olunmurdu. 
Generalın qətli ərəfəsində Çində qəzaya uğrayan təyyarənin içindən külli miqdarda narkotik tapılması və həmin təyyarənin pilotları arasında Azərbaycan HHQ zabitinin olması faktı R.Rzayevin «qara» işlərdə əlinin ola biləcəyi və buna görə beynəlxalq mafiya tərəfindən öldürüldüyü versiyasına diqqəti çəkirdi.
Cinayətin ilk günlərində yerli mətbuat bu barədə yazırdı: «Silah alverindən böyük məbləğdə əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rail Rzayevdən soracaqlarmış. Həmin alverdə əli olanlar generalı aradan götürüb sorğu-sualdan özlərini yayındıra bilərdilər».
Bu barədə istintaqda da hansı qənaətlərin formalaşdığı məlum deyil. Ancaq bir neçə ilə əvvəl “AzPolitika.info”-ya verilən məlumatlarda mənbə qeyd edirdi ki, istintaq qətlin Rail Rzayevin şəxsi biznesi və «qara» fəaliyyətilə bağlı ola biləcəyi qənaətində gəlib, araşdırmalar da bu istiqamətdə aparılıb.

Vurğulanırdı ki, Rail Rzayev Azərbaycanın üzərindən hava nəqliyyatı vasitəsilə yük daşımalarında əsas söz sahibi olub. Hərbi Hava Qüvvələrinə məxsus onlarla iritutumlu yük təyyarələri rəsmi qeydiyyatda olmadan silah və digər məhsullar daşıyırmış. Bu fakt beynəlxalq ictimaiyyətə də məlum olub. Digər tərəfdən o da faktdır ki, Azərbaycan son illər narkomafiyanın əsas maraq dairəsindədir. ABS Dov­lət De­par­ta­men­ti­nin «2008-ci il Bey­nəl­xalq Nar­ko­tik­lə­rə Nə­za­rət Stra­te­gi­ya­s» ad­lı he­sa­ba­tı­na go­rə, Azər­bay­can əsas nar­kot­ran­zit öl­kə­lər­dən bi­ri­dir. Sə­nə­də go­rə, Əf­qa­nıs­tan­dan və Mər­kə­zi Asi­ya­dan Qər­bi Av­ro­pa­ya, o cüm­lə­dən Iran­dan Ru­si­ya­ya, ora­dan da Qər­bi Av­ro­pa­ya narkotik dasınmasında tranzit ölkə Azərbaycandır. Qey­ri-rəs­mi mə­lu­mat­la­ra go­rə, il ər­zin­də öl­kə əra­zi­sin­dən 2 mil­yard dol­lar də­yə­rin­də olan nar­ko­tik mad­də ke­ci­ri­lir. Bu həcmdə narkotikin isə Azərbaycandan təyyarə ilə dasındıgı da subhə dogurmur.
Yəni Azərbaycan üzərindən daşınan narkotikin bir hissəsnin məhz general Rail Rzayevə məxsus təyyarələrlə daşındığı istisna olunmurdu.
Rail Rzayevin qətlindən təxminən bir həftə əvvəl baş vermiş bir hadisə də diqqətçəkən idi. Həmin vaxt Rusiyanın Yekaterinburq şəhərində ümumi qiyməti yüz milyonlarla dollar olan böyük partiya İran həşişi tutulmuşdu. Həmin narkotikin İrandan Dağıstana Azərbaycan üzərindən aparıldığı bildirilirdi. İstintaqın bu hadisə ilə Rail Rzayevin qətli arasında bağlılığı araşdırdığı deyilirdi...
İstənilən halda Azərbaycanda yüksək post tutan bir generalın qətlinin üstünün açılmaması bu i.in arxasında böyük qüvvənin dayandığnı göstərir.  12 ildir ki, general Rail Rzayevin qətli ilə bağlı ortada olan versiyalardır, nə qatil var, nə də sifarişçi.
ONA GÖRƏ DƏ BU SUAL AÇIQ QALIR: GENERAL KİMLƏRİN SİFARİŞİ İLƏ VƏ NİYƏ  ÖLDÜRÜLDÜ?#AzPolitika.info

BIA.AZ

скачать dle 12.1