Bia.Az

RAMİZ MEHDİYEVDƏN GECƏ HƏMLƏSİ - Akademik yeni açıqlamayla "sədaqət andı"nı təkrarladı

Gündəm
 9-02-2021, 15:46     53

“Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır. Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil”.
“AzPolitika.info” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat və informasiya şöbəsinin axşam saatlarında yaydığı açıqlamada belə yazılıb.
Daha sonra qeyd olunur ki, akademik Ramiz Mehdiyev "Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət edib", Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir.
“Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də həmişə olduğu kimi ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir”, - müəllif bildirir.

Açıqlamada daha sonra vurğulanır ki, Ramiz Mehdiyevin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilib: 

“Ona görə də böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər. Hər bir KİV redaktoru cəmiyyətə ötürdüyü məlumatın ciddiliyinə, doğruluğuna cavabdehlik daşımalı, ayrı-ayrı şəxslərin yox, ictimai sifarişin ifadəçisi qismində çıxış etməyi bacarmalıdır. Öz informasiya siyasətində bu meyarı qulaqardına vuran KİV-lər ilk növbədə öz oxucu auditoriyalarına hörmətsizlik etdiklərini unutmamalıdırlar”.



Qeyd edək ki, “Baku Stell Company” MMC-nin rəhbəri, məşhur oliqarx Rasim Məmmədov Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında həbs edilib. Onların vəkili Elçin Sadıqov mətbuata bildirib ki, R.Məmmədov onların milyonlarla manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Bu açıqlamadan bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti R.Məmmədovun həbsi barədə məlumat yayaraq, onun ümumilikdə 55 milyon manatdan artıq vəsaiti müxtəlif cinayət yolları ilə mənimsədiyini açıqlayıb. Rasim Məmmədov uzun müddət Ramiz Mehdiyevin patronajlığı altında fəaliyyət göstərib, onun nəzarətində olan biznes sahələrini idarə edib. Mətbuatda gedən yazılarda oliqarxla Mehdiyev ailəsinin işbirliyindən bəhs olunan çoxsaylı yazılar dərc olunub. Görünür, AMEA prezidenti davam edən proseslərdən özünə qarşı təhlükə hiss edərək mətbuatı hədəfə alıb. Akademik bəyanatında bəzi ikibaşlı mesajlar da verib

Bunu isə deputat Vahid Əhmədovun, ADP sədri Sərdar Cəlaloğlunun hakimiyyətdən “vurulan” məmurların dövlət çevrilişinə hazırlaşdığı barədə dediklərinə reaksiya da saymaq olar. AMEA prezidenti nədənsə çox narahat görünür...

BİA.AZ
скачать dle 12.1