Bia.Az

TÜRKİYƏ NATO-dan ÇIXMALIDIRMI? – “İş praktikaya keçəndə ABŞ dövləti daha rasional davranacaq...”

Gündəm
 2-02-2021, 14:03     128

2016-cı ilin 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə müdafiə sahəsindəki siyasi konsepsiyasında dəyişikliyə getdi. Çevrilişə cəhd olunan günün axşamı ABŞ administrasiyasının verdiyi qəribə bəyanatlar heç kimdə təəccüb doğurmadı. Amma bu, Türkiyə dövlətinin siyasətində bəzi dəyişikliklər edilməsinə səbəb oldu.

ABŞ-ın o zamankı dövlət katibi Con Kerrinin qalmaqqallı ifadələri, Obamanın susması və Türkiyə dövlətilə FETÖ-nun sanki bərabər güclər olduğu kimi bəyanatların eşidilməsi “nə baş verir” sualını yaratdı.

Türkiyə xalqında “hər bir dövlət çevrilişinin arxasında Amerika dayanır” düşüncəsi formalaşıb ki, bu da öz növbəsində ABŞ-a olan güvəni sarsıdır. YPG güclərinə 20 min yük maşını silah-sursatın verilməsini də bura əlavə etsək, onda bəlli olar ki, Türkiyə ilə Amerika arasındakı münasibətlər tam qopmasa da, hər şey sanki incə ipdən asılmış vəziyyətdədir.
ABŞ-ın “F-35” qırıcılarını Türkiyəyə verməkdən imtina etməsi alovun üzərinə yağ tökdü. 15 iyul 2016-cı ildə Türkiyənin hava hücumundan etibarlı qoruna bilmədiyi bəlli oldu. Və Amerika müvafiq müdafiə sistemləri vermədiyi üçün Türkiyə rusların qapısını döymək məcburiyyətində qaldı. ”S-400” raket komplekslərinin alınması ilə bağlı danışıqlara start verildi və nəticədə bu zenit-raket kompleksləri əldə edildi. Hazırda bu sistem Sinopda işlək vəziyyətdədir. Ümid edirik ki, onun istifadəsinə ehtiyac qalmayacaq, lakin hər halda, əgər havadan hücum olarsa, bizim artıq buna qarşı müqavimət göstərəcək gücümüz var.
NATO-nun az qala düşmən hesab etdiyi Rusiyadan NATO ölkəsinin silah alması Amerikanı əsəbləşdirmişdi. ABŞ-ın Türkiyəyə qarşı sanksiya təhdidləri 2018-ci ildən Co Baydenin 2020-ci il noyabr seçkilərindəki qələbəsinə qədər davam etdi. Bayden hökumət başına gələndən sonra hələlik yumşaq mesajlarla diqqət çəkir. Hərçənd ki, dövlət katibi Entoni Blinken Türkiyənin ünvanına kəskin ifadələr işlədir. Ancaq iş nəzəriyyədən praktikaya keçəndən sonra şübhə yoxdur ki, ABŞ dövləti daha rasional davranacaq.
Bunlarla yanaşı, Türkiyənin lazım gəldiyi təqdirdə Rusiyadan başqa silahlar da alacağı kimi bəyanatlar səsləndirməsi gündəmə “Türkiyə NATO-dan çıxırmı və ya çıxmalıdırmı” kimi suallar gətirir. 28 yanvarda Böyük Britaniyanın Türkiyədəki səfiri ser Dominik Çilkott “Diplomatik müxbirlər assosiasiyası”nın jurnalistlərinə müsahibə verib. ”BBC Türkçe”-nin məlumatında deyilir ki, Çilkott Böyük Britaniya və Türkiyə arasında imzalanan azad ticarət müqaviləsi, ”S-400”-lərin alınması və Kipr problemi ilə bağlı mühüm açıqlamalar verib. Bu bəyanatları NATO kontekstində dəyərləndirmək lazımdır. “BBC Türkçe” müxbiri Dominik Çilkotta “S-400”-lər barəsində belə bir sual verib: ”Böyük Britaniya mətbuatının məlumatına əsasən, Britaniya son yeddi il ərzində Türkiyəyə 1,3 milyard funt sterlinq dəyərində silah satıb. Türkiyə Rusiya ilə strateji əməkdaşlığa gedir və raket əleyhinə “S-400” sistemləri alır. Britaniya və Rusiya arasındakı gərginliyin hələ də davam etdiyini nəzərə alsaq, Britaniya “S-400”-lərin alınmasına necə baxır?”

Dominik Çilkott cavabında deyib: ”Biz, NATO müttəfiqlərinin Rusiyadan silah almaması barəsindəki mövqeyi dəstəkləyirik. Dediyiniz kimi, biz, NATO müttəfiqiyik. Türkiyə ilə müdafiə sənayesi sferasında əməkdaşlıq edirik. Bu, ikili münasibətlərin mühüm hissəsidir. ”TFX” (Turkish Fighter Experimental) təyyarələri son dərəcə önəmli layihədir. Britaniya müdafiə sferasında Türkiyə ilə müştərək iş görməyin tərəfdarıdır. NATO-nun Rusiyadan hərbi texnika alınmaması məsələsində prinsipi var. NATO müttəfiqləri öz aralarında belə bir addımın atılmaması barəsində razılaşıblar. Britaniya hökuməti də bu məsələdə həmin mövqedən çıxış edir. Biz, NATO-nun müttəfiqlərin Rusiyadan hərbi texnika alınmaması və ya Rusiya istehsalı olan silahlardan istifadə edilməməsi mövqeyini dəstəkləyirik.
Mövqeyimiz tam aydındır. Ümid edirəm ki, gələcəkdə Türkiyə müdafiə sənayesində Rusiya ilə deyil, NATO-dakı müttəfiqlərilə əməkdaşlıq edəcək.”
Göründüyü kimi, Britaniyanın Ankaradakı səfiri Rusiyadan silah alınmasına qarşı açıq çıxış edir. Türkiyənin “Türk Havacılık və Uzay Sanayi” (TAİ) şirkəti “F-16” qırıcılarını “TFX” qırıcılarıyla əvəzləmək istəyir. “TFX” qırıcılarının mühərrikləri barədə Çilkott deyib: ”Britaniya hökuməti bu mühərriklərin hazırlanması və istehsalı məsələsində “Rolls-Royce”-un Türkiyə ilə birlikdə çalışan şirkət olacağına ümid edir.”
Son bir neçə aydır ki, başda Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə hökumət nümayəndələri “bizim kursumuz Qərbə doğrudur” deyirlər. İslahat zərfində xarici şirkətlərin Türkiyəyə sərmayə qoymasıyla bağlı hüquqi məsələlərin həll ediləcəyinin bildirilməsi çox böyük önəm daşıyır. Bu arada isə, ABŞ Dövlət Departamenti “F-35” təyyarələri və digər hərbi texnikaların satılmasıyla əlaqədar keçmiş administrasiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanmış sövdələşməni dayandırıb. Həmçinin, ABŞ hökuməti Fələstinə yardımları bərpa edib. Bu yardımlar Tramp dövründə durdurulmuşdu. Bunların hamısı çox mühüm məsələlərdir.
Bütün bunlardan yaranan qənaətə görə, Türkiyə NATO-dan çıxmamalı, lakin Rusiya və bir çox digər ölkələrlə əməkdaşlıq etməlidir. Mütləq geniş spektrli alternativlər olmaldır. Əlbəttə, Bayden və onun tərəfdarlarının Türkiyəyə yönəlik siyasətini də görmək lazımdır. Amerika və Böyük Britaniya yaxşı bilir ki, Türkiyənin NATO-dan çıxması, Qərbin Rusiya qarşısındakı mövqeyini xeyli zəiflədəcək.
“Türkiyə” qəzeti
Tərcümə: “AzPolitika.info”скачать dle 12.1