Bia.Az

TƏCİLİ XƏBƏR! Putinin azərbaycanlı dostunun ötürdüyü GİZLİ MESAJ...

Gündəm
 31-01-2021, 01:33     365

"İlham Rəhimovun narahatlığı həm də, özünün dediyi kimi, bu günə aid real, gizli informasiyalara əsaslanır".

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli iş adamı İlham Rəhimovun mətbuata müsahibəsində işlətdiyi "Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycanın ən böyük problemidir" fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, Rəhimov müsahibədə Rusiya sülhməramlılarından qaynaqlanan potensial təhlükələrə işarə vurub:


 
"İlham Rəhimovun maraqlı müsahibəsi var. Bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycanın ən böyük problemidir və nə qədər ki, Putin hakimiyyətdədir, biz bu problemi həll etməliyik, Rusiyadakı hakimiyyət dəyişikliyindən sonra çox çətin olacaq. O, sülhməramlıların ya vaxtından əvvəl, ya da 4-5 il sonra Azərbaycandan çıxarılmasının zəruri olduğunu vurğulayır. İlham müəllim "nələrsə bilirəm ki, belə deyirəm”, - sözlərini də əlavə etməyə ehtiyac duyaraq Rusiya sülhməramlılarından qaynaqlanan potensial təhlükələrə işarə vurub. İlham Rəhimovun kim olduğunu yəqin ki, bilirsiniz. Bu səbəbdən onun fikirlərinə əhəmiyyət vermək lazımdır. 

Müsahibədən belə anlaşılır ki, İ.Rəhimov bizim 10 noyabr 2020-ci ildən bəri ifadə etdiyimiz narahatlıqları, xəbərdarlıqları nəinki bölüşür, hətta o bizdən daha çox narahatdır. Bizim narahatlığımız Rusiyanın "sülhməramlı” fəaliyyət təcrübəsi və ümumən onun regional maraqları ilə əlaqəli biliklərə əsaslanırsa, yəni empirik xarakterlidirsə, İlham Rəhimovun narahatlığı həm də, özünün dediyi kimi, bugünə aid real, gizli informasiyalara əsaslanır".

Bəs, bu problemi necə həll etməli?

Politoloq bildirib ki, bununla bağlı İlham Rəhimovun da aydın təsəvvürü yoxdur:

"O, sadəcə, hesab edir ki, biz üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirsək, sülhməramlılarla və ümumilikdə Rusiya ilə münasibətləri yaxşı səviyyədə saxlasaq, onları çıxara bilərik. Amma bu, sadəcə, ehtimaldır. Aydındır ki, Rusiya özü çıxmaq istəməsə, biz onu buradan çıxara bilmərik. Putinin bizim tələbimizlə sülhməramlıları vaxtından əvvəl geri çəkə biləcəyi fikri də inandırıcı görünmür. Ümumiyyətlə, Rusiya prezidentinin yaxın dostu və biznes ortağı olan, Rusiyada kapital toplamış bir şəxsin Rusiyadan qaynaqlanan təhlükələrdən danışması, amma bununla birlikdə Rusiya prezidentini bu mənfiliklərin xaricində olan şəxs qismində təqdim etməsi çox maraqlı məqamdır. Onun Putin haqqında dedikləri doğrudur və ya yanlışdır, o ayrı məsələ, amma onun söylədikləri siyasətin və geosiyasətin nə qədər mürəkkəb, çoxtərəfli, çoxrəngli, dinamik, dəyişkən bir sahə olduğunu anlamaq baxımından önəmlidir".

Qeyd edək ki, iş adamı İlham Rəhimov "Yeni Müsavat”a müsahibə verib. İş adamının Dağlıq Qarabağdakı Rusiya sülhməramları ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə böyük müzakirərə yol açıb. 

BİA.AZ

скачать dle 12.1