Bia.Az

“Al Market”də ƏCAİB MƏNZƏRƏ... - XƏSTƏLİK MƏNBƏYİDİR...

Gündəm
 7-03-2020, 14:39     494

“Al Market”də ƏCAİB MƏNZƏRƏ... - XƏSTƏLİK MƏNBƏYİDİR...Paytaxtdakı “Al Market” mağazalar şəbəkəsində qəribə mənzərə hökm sürür. Belə ki, bu marketlərdə təmizlik işçiləri yoxdur, onların işini də satıcılar görürlər. Burada əvvəla sanitar-gigiyenik problem meydana çıxmaqla yanaşı, axşam saatlarında müştərilərə xidmət göstərilməsi də ayrıca sıxıntıya çevrilir. Yəni satıcılar bilmirlər ki, döşəməni silsinlər, yoxsa müştəriləri yola salsınlar.

AYNA əməkdaşı şəbəkəyə daxil olan bir neçə marketdə eyni mənzərənin şahidi olub. Bunun səbəbini soruşduqda satıcıların cavabları belə olub: “Hər işi bizə gördürürlər - fəhlə də, satıcı da, xadimə də özümüzük”.

Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsinin sahibi olan “Azersun Holding”ə sorğu göndərdik. Sorğumuza verilən cavabı təqdim edirik: “Bütün dünyada fəaliyyət göstərən “discount” marketlərdə olduğu kimi, “Al Market”də də mağazaların daxilində mal qəbulu, təmizlik, kassa və digər bütün işlər eyni əməkdaşlar tərəfindən həyata keçirilir. Lakin bütün bu işlər mağazanın fəaliyyətinə və müştərilərin narahatlığına səbəb olmayacaq şəkildə görülməlidir. Mağaza personalları daim bu mövzularda məlumatlandırılır, onlara təlimlər keçirilir. Qeyd edilən məsələ ilə bağlı bütün “Al Market” əməkdaşlarına bir daha xəbərdarlıq edilib. “Al Market” müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşaraq, hər zaman xidmət səviyyəsinin daha da yüksəldilməsinə çalışır. Müştərilərimizdən hər hansısa mağazada xoşagəlməz halla rastlaşdıqları halda [email protected] ünvanına məlumat verməklərini xahiş edirik”.

Mənzərəni AYNA-ya şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, işçinin hansı maaşla hansı işi görməsi işəgötürən ilə işçi arasında bağlanan əmək müqavilə ilə tənzimlənir: “Müqavilədə əgər xadimə ilə satıcılığı eyni zamanda etmək yazılıbsa, işçi də müqaviləyə imza ataraq razılaşıbsa, onda heç bir qanun pozuntusu yoxdur. Əmək müqaviləsi baxımından bu, mümkündür. Amma ictimai iaşə obyektində gigiyena qaydalarına əməl olunmaması başqa bir məsələdir. Burada istehlakçıların hüququ pozulur. İstehlakçı da bunu sübut etməlidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da əməkdaşımıza deyib ki, bütün məsələlər əmək müqaviləsində göstərilən müddəalara əsasən tənzimlənməlidir: “Əgər işəgötürən ilə işçi arasında bağlanan əmək müqaviləsində döşəmələri silmək və məhsulları satmaq nəzərdə tutursa, bu, qanun pozuntusu deyil. Buna görə işçi əməkhaqqı alır. Yox əgər əmək müqaviləsində döşəmə silmək nəzərdə tutulmursa, artıq əmək qanunvericiliyinin pozulması hadisəsi baş verir”.

“O ki qaldı sanitar-gigiyenik qaydaların pozulmasına, bununla bağlı istehlakçılar bizə müraciət etməyiblər. Belə halla rastlaşan şəxslər Əmək Müfəttişliyinə zəng edərək şikayət etməlidirlər”, - Hüseynov bildirib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərdik. Təəssüflər olsun ki, günlərlə sorğumuza rəsmi cavab ala bilmədik.скачать dle 12.1