Bia.Az

AMEA-da milyonluq yeyintiyə "akademik mərhəmət" - İLGİNC

Gündəm / Sosial
 22-12-2020, 12:38     404

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) son beş ildə 10 milyon manata qədər dövlət vəsaitinin müxtəlif adlar altında mənimsənildiyi iddia edilir.

Bu barədə Qlobal.az məlumat yayıb.

Məlumata görə, Azərbaycan MEA-da dövlət vəsaitlərinin mühüm hissəsi "cari və əsaslı təmir” adı altında mənimsənilmişdir.

AMEA-nın nəzdindəki elmi müəssisələrin və institutların təmirini və tikinti, abadlıq işlərini həyata keçirən İşlər İdarəsi, apardığı işləri keyfiyyətsiz görmüş, bəzi hallarda isə ümumiyyətlə, nəzərdə tutulan tikinti və təmir işləri büdcədən vəsait ayrılmasına baxmayaraq, aparılmamışdır.

Bütün bu neqativ halların Azərbaycan MEA-nın və eyni zamanda İşlər İdarəsinin əvvəlki rəhbərliyinin dövründə baş verdiyi də vurğulanır.

Məlumata görə, ötən ilin oktyabr ayında akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra orada bəzi islahatyönümlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də İşlər İdarəsi müdirinin dəyişdirilməsi olmuşdur.

İşlər İdarəsinə yeni müdir təyin edilən sabiq deputat Elton Məmmədov İdarədə əsaslı audit aparmaq istəsə də, nədənsə, AMEA rəhbərliyi buna imkan verməyərək ona "üstdən get” demişdir.

Bununla yanaşı, mənbə qeyd edir ki, AMEA-nın İşlər İdarəsinin əvvəlki rəhbərliyi Fətəli Abdullayev yerlilərindən ibarət MMC-lər yaradaraq akademiyanın institutlarında aparılacaq təmir işlərini onlara tapşırmışdı.

Milyonlarla vəsaitin ayrılmasına rəğmən, işlərin əksəriyyəti yarımçıq, bəziləri isə ümumiyyətlə, görülməmişdir.

Fətəli Abdullayevin İşlər İdarəsinin müdiri vəzifəsində çalışarkən ən çox tender verdiyi şirkətlərdən biri Lətifoğlu Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğu vurğulanır.

Məlumata görə, ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinmişdir.

Qlobal.az məsələ ilə bağlı AMEA ilə əlaqə saxlayıb münasibət öyrənmək istəsə də, qarşı tərəf məsələyə rəyini bildirməyib.
скачать dle 12.1