Bia.Az

ABŞ-ın vitse-prezidenti Bakıya sülh müqaviləsi üçün gəlir? – Metyu Brayza ilə MÜSAHİBƏ

Gündəm
 9-02-2026, 13:18     586

Globalinfo.az ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza ilə müsahibəni təqdim edir:
Müsahibənin birinci hissəsini təqdim edirik:
– ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, növbəti gün isə Azərbaycana gələcək. Bu səfərləri necə dəyərləndirirsiniz? Cənab Brayza, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ənənəvi olaraq Gürcüstana səfər edirdilər. İndi regionda diqqətin artıq Gürcüstana deyil, Azərbaycan və Ermənistana yönəlməsi Ağ Evin xarici siyasət kursunda hansı dəyişikliklərdən xəbər verir?
– Tramp administrasiyasının Gürcüstana deyil, Ermənistan və Azərbaycana diqqət yetirməsinin iki səbəbi var. Birincisi, Prezident Tramp Azərbaycanla Ermənistan arasında sülh və rifahın strateji əhəmiyyətini anlayır. Düşünürəm ki, o, ikinci müddətə prezident seçiləndə və Nobel Sülh Mükafatı almaq üçün səylərini artırarkən, Ermənistanla Azərbaycanın əslində sülh müqaviləsi bağlamağa çox yaxın olduğunu anladı. Hesab edirəm ki, o, bu işdə rol oynamaq və təqdir edilmək istəyirdi.
Bundan əlavə, AzərbaycanErmənistan sülh müqaviləsinin mühüm elementi olan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizi, Prezident Trampın Cənubi Qafqazda ABŞ investorları və şirkətlərinin mövcudluğundan siyasi-hərbi münaqişələrə son qoymaq üçün istifadə etdiyi yanaşması və ya strategiyasında rol oynayır. Prezident Trampın fikrincə, döyüşən tərəflər arasında əməkdaşlıq qurmaqla və iş yerləri və iqtisadi artım yaradan investisiyalar vasitəsilə rifah yaratmaqla ABŞ şirkətləri və investorları öz mövcudluğu ilə digər ölkələrin müdaxilə etməsində və ya hətta hərbi güc tətbiq etməsində çəkindirici rola malikdir. ABŞ investisiyalarının strateji çəkindirmə metodunun Rusiya və ya İranla işə yarayacağı hələ məlum deyil. Lakin bu, hər hansı ABŞ prezidenti üçün xarici siyasətdə tamamilə yeni yanaşmadır.
– Bəs ikinci səbəb?
– Siyasətin dəyişməsinin ikinci səbəbi Gürcüstanın daxili vəziyyəti ilə bağlıdır. “Gürcü Arzusu” hökuməti Gürcüstan vətəndaşlarının Avropa İttifaqına, eləcə də NATO-ya qoşulmaq istəyini yavaşlatmaq və ya hətta bloklamaq istədiyini açıq şəkildə bildirib və onlar bunu Moskvaya, Rusiyaya hörmət göstərmək məqsədilə edir.
ABŞ-ın Cənubi Qafqaza dair xarici siyasətində üçüncü ümumi dəyişiklik ondan ibarətdir ki, prezident Tramp Rusiya ilə rəqabət aparmağa və ya Rusiyanı cilovlamağa və onu Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışmır, əksinə, Rusiya ilə ticarət və investisiya, qarşılıqlı iqtisadi maraqlara əsaslanan dinc mühitdə daha konstruktiv münasibətlər qurmağa üstünlük verir. Lakin ABŞ, həmçinin, Rusiyanın Cənubi Qafqazda hegemonluğunun qarşısını almaq istəyir. Beləliklə, Trampın xarici siyasətdə yanaşması budur və vitse-prezident Vensin Azərbaycana səfəri də bu kontekstdədir.
– “Associated Press” agentliyinin məlumatına görə, Prezident Donald Tramp vitse-prezidentə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını tapşırıb. Bununla bağlı fikrinizi öyrənmək istərdim.
– Qeyd etdiyim kimi, Prezident Trampın Cənubi Qafqazla bağlı xarici siyasətinin mərkəzində Azərbaycan və Ermənistana sülh müqaviləsi bağlamağa kömək etmək dayanır. Lakin Prezident Tramp, yəqin ki, vitse-prezidentə sülh müqaviləsi hazırlamağı deyil, bəlkə də Azərbaycan və Ermənistan dövlətlərinə onunla bağlı işləri yekunlaşdırmağa kömək etməyi tapşırıb. Çünki Azərbaycan və Ermənistan mart ayında sülh müqaviləsi mətni ilə bağlı razılığa gəliblər və bu, 8 avqustda Prezident Trampın ev sahibliyi etdiyi görüşdə imzalanıb. Ermənistan öz konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi ilə bağlı qeyri-müəyyənlik kimi şərh edilən məqamı aradan qaldıracağı təqdirdə, Prezident Əliyev sülh müqaviləsini imzalayacağını və ratifikasiya üçün Azərbaycan Parlamentinə göndərəcəyini bildirib.
Ermənistan konstitusiyasına dəyişiklik etmək Baş nazir Paşinyan üçün daxili siyasi vəzifədir. Vitse-prezident Cey Di Vensin Ermənistanda olması, bəlkə də, Paşinyana Parlamenti bu düzəlişi təsdiqləməyə sövq etmək və daha sonra milli referendumda elektoratı həmin dəyişikliyi qəbul etməyə inandırmaq üçün müəyyən siyasi dəstək verə biləcəyi düşüncəsi ilə izah olunur.
WhatsApp Image 2025 12 10 at 17.18.00
Metyu Brayza
– Vensin səfəri ABŞ-ın İranla gərgin münasibətlərinin davam etdiyi, eləcə də Azərbaycan və Ermənistanın Rusiya ilə münasibətlərinin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. ABŞ-ın regionda həyata keçirdiyi strateji həmlələr İran və Rusiya tərəfindən necə qəbul edilir?
– Bəli, Rusiya və İran buna sıfır nəticəli oyun kimi baxırlar. Ona görə də ABŞ Cənubi Qafqazda strateji üstünlük əldə edirsə, bu, hər ikisi üçün strateji itki hesab olunur. Rusiya üçün bu, xüsusilə ağrılıdır, çünki o, Cənubi Qafqazda əsrlər boyu hakim mövqeyə malik olublar. Bildiyiniz kimi, Prezident Putin Rusiyanın Zəngəzur dəhlizini və ya indi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan ərazini idarə edəcəyini düşünürdü. Amma indi Vaşinqtonda 8 avqustda imzalanan razılaşmalardan bilirik ki, bu dəhlizi inşa edən və idarə edən ABŞ şirkətləridir və ən azı bu mərhələdə Rusiya heç bir rola malik deyil. Beləliklə, bu, strateji itkidir. Lakin Prezident Putin səfəri tənqid etməməyə çalışır, çünki o, Rusiyanın təzyiqləri və tələbləri qarşısında güzəştə getməsi üçün Ukrayna Prezidenti Zelenskiyə təzyiq göstərməsində prezident Trampın dəstəyini qazanmaq istəyir. Beləliklə, Prezident Putin ABŞ-ın Cənubi Qafqazdakı strateji qazancları məsələsində Rusiyanın hədsiz narahatlığını ifadə etməyib. İran tənqidi mövqe tutub. Rəsmi açıqlamalarda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu tənqid edilib, lakin nə İran, nə də Rusiya ABŞ-ı Cənubi Qafqazda iştirakdan çəkindirmək üçün əslində heç nə edə bilməz.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
скачать dle 12.1