Rusiyanın “vəziyyətə baxan” olduğu qara “zon” – Azərbaycan bu türmədən çıxmalıdır
Azərbaycanın Müstəqil Dövlətlər Birliyi adlanan təşkilatdan çıxmalı olması barədə fikirlər səsləndirilir. İndilikdə bunu politoloqlar və jurnalistlər deyirlər, sonra yəqin ki, deputatlar, ziyalılar, diplomatlar da dilə gətirəcəklər.
MDB yaranışından bəri amorf qurumdur. Bu təşkilat dağılmış SSRİ-nin yerində yaranmış çuxuru doldurmaq, “milli mənzillər”ə səpələnmiş ittifaq respublikaların necəsə bir çətir və ya dam altında tutmaq üçün yaradılmışdı.
MDB-ni təsis edən ölkələr, eynilə vaxtilə SSRİ-ni quranlar idi: Rusiya, Ukrayna və Belarus. Ancaq təşəbbüsün Kremldən gəldiyi heç kəsə sirr deyildi.
8 dekabr 1991-ci ildə Ukrayna, Belarus və Rusiya liderləri (şəkildə soldan sağa: Kravçuk, Şuşkeviç və Yeltsin) tərəfindən imzalanan “Belovej sazişi” ilə MDB-nin yaradılmasını elan edildikdən sonra 19-21 dekabrda Almatıda keçirilən görüşdə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan sazişə qoşulduqlarını bəyan etdilər. Baltikyanı ölkələr və Gürcüstan MDB-yə meyl etmədilər.
Sonra vəziyyət xeyli dəyişdi. Digər respublikalar da Moskvanın o Moskva olmadığını anlayaraq öz müstəqil dövlətçiliklərini bərpa və ya təsis etmək qərarına gəldilər. Moskva onlar üçün artıq qonşu və böyük ölkənin paytaxtı idi. Respublikaların isə öz paytaxtları vardı.
1992-ci ildə Rusiyada xaos hökm sürürdü, ona görə də Kremldə müstəqillik əldə etmiş 14 ölkə (keçmiş SSRİ respublikalaı) ilə necə davranacaqları barədə aydın təsəvvür yox idi. Ancaq sovet-rus ideoloqları və xüsusi xidmət orqanları bilirdilər ki, dünənə qədər müstəmləkələri olmuş ölkələri çox da uzağa və sərbəst buraxmaq olmaz, onlar süni peyklər kimi Rusiyanın ətrafında fırlanmalıdırlar.
Həmin vaxt Rusiya rəhbərliyi, Yeltsin administrasiyası federasiyanın özünün başını, ayağını bir yerə yığa bilmirdi, bu üzdən müstəqillik əldə etmiş ölkələrin Kremlə şaquli şəkildə inzibati tabeçiliyini təmin etməsi mümkün deyildi. Kremldə düşünürdülər ki, MDB SSRİ-ni bir müddət əvəz edəcək, 1-2 ildən sonra yenə14 respublikanın paytaxtları yenidən Moskvanı qibləgaha çevirəcəklər, sözsüz itaət edəcəklər.
Kreml SSRİ-nin dağılması zamanı məruz qaldığı ilk şoku adladandan sonra, 1992-1993-cü illərdə Moskvadan idarə olunmağı qəbul etməyən ölkələrə - Azərbaycan, Gürcüstan və Ermənistana sərt üz göstərdi, onları “torpaq itkisi” imtahanı ilə üz-üzə qoydu. Ermənistan ilhaq etmək istədiyi Qarabağı Rusiyasız əldə edə bilməyəcəyini anlayaraq, Rusiyaya boyun əyən ilk ölkə oldu. Paradoksal, amma gerçəklik idi: 1988-ci ildə SSRİ-dən ayrılmaq barədə ilk transparantları qaldıran, bənzər şüarlar səsləndirən Ermənistan SSRİ-nin yerində yaradılan quruma can-başla girdi.
Gürcüstanda və Azərbaycanda hakimiyyətə gəlmiş milli-demokratik qüvvələr isə yenidən Moskvanın boyunduruğu altına girmək istəmirdilər, əvəzində onlar ərazi itirdilər. Rusiya Qarabağın Azərbaycandan, Cənubi Osetiya və Abxaziyanın isə Gürcüstandan qoparılmasını təşkil etdi, o ərazilərdə oyuncaq “dövlətlər” yaradıldı. Müstəqillikdən çox danışan və öz “qardaş ölkə”si Rumıniyaya güvənən Moldova isə “Dnestryanı bölgə”də separatizm şapalağı yedi.
Orta Asiya respublikaları Moskvaya müqavimət göstərmədilər, “necə məsləhətdirsə, elə edərik, dünən SSRİ-də yaşayırdıq, bu gün MDB-də yaşayarıq” mövqeyi izhar etdilər.
Beləcə, MDB yarandı. 1992-ci ilin ikinci yarısında Elçibəy iqtidarının bir neçə üzvü MDB-yə daxil olmaqla torpaq itkilərindən sığortalanmaq haqqında düşüncələrini səsləndirdilər, amma müqavimət şiddətli oldu. Düz bir il sonra Azərbaycanı idarə edən yeni iqtidar komandası MDB-yə daxil olmağın qaçılmazlığı qarşısında qalaraq həmin addımə atdı və heç bir ciddi müqavimət olmadı. Çünki artıq ölkəmizin 20 faizi işğal olunmuşdu və bunun 50 faizə çata biləcəyi ehtimalı vardı. Düşmən arxalı və acgöz, Kreml qətiyyətli və amansız idi.
Biz o zaman MDB-yə bu cür, məcburiyyət qarşısında qalaraq daxil olduq. Torpaqlarımızın işğalı prosesi dayandı, ancaq MDB-yə üzvlüyümüz ərazilərimizin geri qaytarılmasına yardımçı olmadı.
Bəlkə də elə bu kimi səbəblərə görə MDB sözdə federativ, əslində isə unitar dövlət olan SSRİ-yə çevrilə bilmədi. Moskvanın bütün səylərinə baxmayaraq, MDB üzvləri olan respublikalar onun təşkilatlanmasını, yenidən Moskvadan vertikal şəkildə idarə olunan dövlət strukturları formalaşdırılmasını sabotaj etdilər. Müstəqillik daha cəlbedici və şirin idi. Nəticədə MDB-nin vahid valyutası yaradılmadı, vahid gömrük sistemi əmələ gəlmədi, MDB sərhədlərinin Moskvadan idarə olunan güc strukturu tərəfindən qorunması işi yarımçıq qaldı, Rusiyanın Dövlət Dumasının müstəqil dövlətlərin parlamentləri üzərində hökmü baş tutmadı və sair və ilaxır.
Rusiya rəhbərliyi müntəzəm olaraq respublikalara təzyiq edir, onların daxili işlərinə (xüsusilə də seçkilərə və kadr təyinatlarına) qarışır, amma məxməri şəkildə olsa da, müqavimətlə üzləşir, umduğu qədər itaət görmürdü. MDB-ni yenidən “xalqlar həbsxanası”na çevirmək mümkün olmurdu.
Son illərdə isə MDB artıq dövlət başçılarının ildə bir neçə dəfə görüşüb, söhbətləşdiyi klubu xatırladırdı. Bu klubun üzvləri toplantılar keçirir, sonra idman yarışları izləyir, birlikdə istirahət edib dağılışırdılar. Hər kəs geriyə dönüb öz ölkəsini idarə edirdi.
Eləcə də MDB ölkələrinin güc strukturlarının rəhbərləri hansısa respublikanın paytaxtlarında toplaşır, söhbətləşir, əməkdaşlıq sazişləri imzalayır, geri dönürdülər. Bu birlik daxilində hər şey getdikcə rutin və formal səciyyə daşıyırdı.
Əslində MDB çoxdan buraxılmalı idi. Ancaq Rusiya bu quruma perspektivdə lazım ola biləcək sığınacaq kimi baxırdı, hələ də baxır.
Artıq bir neçə ölkə - Ukrayna, Gürcüstan MDB-də deyil, Ermənistanın onu tərk etməsi barədə siyasi qərar yoxdur, amma İrəvan MDB-nin əsas qurumu olan KTMT-nin işində iştirak etmir.
Azərbaycanın MDB-ni tərk etməsi ona görə lazımdır ki, onda qalmaq həm çox faydasızdır, həm də Rusiyaya ciddi bir mesaj olar ki, ölkəmizdən əlini üzsün, onunla bərabərhüquqlu tərəfdaş qonşu kimi davransın.
Onsuz da Orta Asiya respublikaları ilə başqa bir platformada – Türk Dövlətləri Birliyində ciddi tərəfdaşlıq və əməkdaşlıq büsatı qurmuşuq. Bu, təşkilat müstəqil dövlətlərin birliyidir və hegemonu yoxdur. MDB-də isə Rusiya “vəziyyətə baxan”, “obşak”ı idarə edən “zon avtoriteti” statusundadır. Azərbaycanın müddəti başa çatıb, nəhayət, bu türmədən çıxmalıdır.
Araz Altaylı, Musavat.com









