Bia.Az

“XANKƏNDİNİ TUTA VƏ ÇOX ŞEYLƏR EDƏ BİLƏRDİK, AMMA...” - "Türk ordusunun burada olması bizim üçün böyük dəstəkdir"

Gündəm
 7-12-2020, 14:26     349

Yaqub Məmmədov: “Bu gün üçün bundan artığına nail olmaq mümkün deyildi və bunu da başa düşmək lazımdır”


“Erməni xalqının sağlam düşüncəli, həqiqəti dərk edib reallığı qiymətləndirəcək ziyalıları, öndə gedən xadimləri yoxdur, hamısı bizə qarşı düşmənçilik hissi ilə yaşayır”
Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsilə bitsə də bu savaş və onun nəticələri hələ müzakirə olunur və uzun müddət də müzakirə olunacaq. Mütəxəssislər Ermənistana 44 gün ərzində vurulan zərbədən sonra bədnam qonşumuzun özünə gəlməsi və Azərbaycanla müharibə ritorikası ilə danışmasının mümkünsüz olduğunu, bunun üçün onlara azı onilliklər lazım gəldiyini qeyd edirlər.
“AzPolitika.info” bu mövzu ətrafında Ali Sovetin sabiq sədri, professor Yaqub Məmmədovla söhbətləşib:
- Yaqub müəllim, 44 günlük müharibə bitdi, ərazilərimizin böyük qismi hərb meydanında işğaldan azad edildi, erməni tərəfi Ağdam, Kəlbəcər və Laçını Azərbaycana döyüşsüz təhvil verməyə razılaşdı və verməli oldu. Bu müharibəni və onun nəticələrini necə dəyərləndirərdiniz?Yaqub Məmmədov
- Əslində, mən məsələləri xırdalamaq, detallara getmək istəmirəm. Ancaq səmimi deyim ki, münaqişənin bundan savayı həlli yolu yox idi. İndiki reallıq budur. Bəziləri başqa fikirlər deyirlər, amma onlar dünyada və regionda gedən prosesləri dərk etmirlər. Məsələnin maksimum və reallığa uyğun həlli yolu bu idi ki, bunu da həll etdilər. Sağ olsunlar.
İtkilərə gəldikdə deyim ki, müharibə şəhidsiz olmur, şəhidlərimiz oldu. Təəssüflər olsun ki, bizim çox qeyrətli cavanlarımız şəhid oldular. Amma nə etmək olar, torpaq uğrunda müharibə aparırsana şəhidlər olmalıdır. Əlbəttə, hər bir qeyrətli övladımızın şəhid olması bizim üçün ağırdır. Müharibədə tərəflərin verdiyi itkiləri müqayisə etdikdə bəlli olur ki, düşmənin itkisi daha çox olub. Sözsüz ki, hər bir insanın itkisi bizim hər bir ailəmiz üçün böyük fəlakətdir, ürək ağrısıdır. Mən də bizim bu qədər gəncimizin şəhid olmasına ağrıdım.
- Hadisələrin sonrakı inkişafı haqqında baxışlarınız nədən ibarətdir?
- Hadisələrin gələcək inkşafının necə olacağını zaman özü göstərəcək. Ortada müxtəlif versiyalar var, fərqli fikirlər söylənilir. Ancaq reallığı dərk etmək lazımdır. Bu 44 günlük müharibə olmasaydı, ermənilərə öz gücümüzü göstərməsəydik, onlar heç bu gün əldə olunan razılaşmaya da razı olmayacaqdılar.
Ölkədə böyük işlər görüldü. İqtisadiyyat sahəsində, ordu quruculuğu istiqamətində. Ölkə rəhbərliyinin burada böyük xidməti var. Prezidentin qətiyyətini, dəyanətini, prinsipial mövqe tutmasını çox yüksək qiymətləndirirəm. Torpaqlarımızın azad olunması bizi sevindirir və qürur hissi duyuram. Nəhayət, biz ermənilərə öz yerini göstərdik. Bütün dünya gördü ki, ermənilər danışdıqlarına baxmayaraq nə güclü imkanları, nə də ciddi sərkərdələri var.
Əldə olunan qələbəyə sevinmək lazımdır. İnternetdə bəzən səsləndirilən artıq-əskik söhbətlərə də əhəmiyyət vermək lazım deyil. Bundan artığına bu gün nail olmaq mümkün deyildi və bunu başa düşmək lazımdır.
- Sizcə, niyə mümkün deyildi?
- Niyəsi çoxdur. Bunun üçün oturub saatlarla müzakirə aparmaq olar. Birinci niyəsi odur ki, burada çox böyük maraqlar var. Erməni lobbisi hər yeri zəbt edib və uzun illərdir ki, təbliğat aparırlar. Müharibə gedə-gedə 44 gün ərzində baxın görün ölkə rəhbərliyinə nə qədər təzyiqlər oldu. Bütün bu təzyiqlərin qarşılığında ətraf rayonlardan başqa Şuşanın azad olunması, Naxçıvana dəhliz açılması çox yüksək qiymətləndirilməlidir. Bunlar tarixi hadisələrdir, elə-belə məsələlər deyil.
- Ancaq Qarabağda ermənilərin qalması və yaşamaqda davam etməsi məsələsi də var...
- Bəli, ermənilər bəlli yerlərdə yaşayacaq. Məncə, bu da uzun prosesdir. Gəlin səbr edək, görək bunun axırı necə olacaq. Amma Türkiyə hərbi mütəxəssislərinin bu prosesdə olması, Monitorinq Mərkəzində fəal işləməsini çox yüksək qiymətləndirmək lazımdır. Türk ordusunun burada olması bizim üçün böyük dəstəkdir. Bunu da xüsusilə vurğulamaq lazımdır.
- Yaqub müəllim, Sizcə, biz bu qələbəmizlə erməni məsələsini həll etdik, ya yox?
- Erməni məsələsini həll etmədik və həll etmək də mümkün deyil. Bu gün razılaşmaq lazımdır ki, erməni məsələsini həll edə bilmərik. Bilirsinizmi, 1915-ci il saxta soyqrım məsələsinin üzərindən 100 il keçib, amma ermənilər hələ də bu məsələdən əl çəkmirlər. Hər yerdə, əllərinə harada fürsət düşürsə elan edirlər ki, türklər erməniləri qırıblar. Yəni bizi qaralayırlar. Bu, böyük problemdir. Əslində, erməni problemi təkcə bizim problemimiz deyil. İndi tədricən dünya ictimaiyyətinə mətbuat, tarixi sənədlər və faktlar əsasında sübut etmək lazımdır ki, erməni hansı xislətə malikdir. İndi mən az-az bəzi səslər eşidirəm, bəzi siyasətçilər danışır. Hesab edirəm ki, prosesin bu istiqamətini də inkişaf etdirmək lazımdır. Erməni problemi təkcə bizim problem deyil, onlar dünyanın harasında olursa oranı qarışdırırlar. Hələlik erməni məsələsini birdəfəlik, təkbaşına həll etmək asan deyil.
- Rusiyanın bu prosesdə iştirakını necə qiymətləndirmək olar?
- Hesab edirəm ki, Rusiya bu dəfə prosesdə müsbət rol oynadı. Vladimir Putinin bir neçə dəfə məlum ərazilərin Azərbaycanın olduğunu deməsi, müharibənin Azərbaycan ərazilərində baş verdiyini vurğulaması, Azərbaycanın ərazi bütövlüyünü açıq müdafiəsi müsbət davranışlardır. Mən hər zaman demişəm ki, Qarabağda məsələni həll etmək üçün Rusiyanın neytral mövqedə durması lazımdır. Bu dəfə ruslar belə bir mövqe nümayiş etdirdilər.
- Lakin sülhməramlılar məsələsi çoxlarını qane etmir...
- Sülhməramlıların gəlməsi üçün hər iki tərəfin razılığı olmalı idi. Əslində, bəllidir ki, sülhməramlılar gəlməsəydi bu müharibə qurtarmayacaqdı. Proses uzanacaqdı, itkilərimiz bundan da çox olacaqdı. Əlbəttə, biz Xankəndini tuta bilərdik, çox şeylər edərdik, amma sonrası var. Sonrası məncə çətin olacaqdı.
- Sizcə, sülhməramlılar 5 ildən sonra regionu tərk edəcəkmi?
- Mən indidən bir söz deyə bilmərəm. Mənə elə gəlir ki, hər şey proseslərin gedişatından asılı olacaq. Əgər 5 ildə Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışını təmin etmək mümkün olacaqsa, bu halda sülhməramlıların burada qalmasına ehtiyac olmayacaq. Əgər birgə yaşayış mümkün olmayacaqsa, deməli sülhməramlılar bir mddət qalmalı olacaq.
- Birgəyaşayış nə dərəcədə realdır?
- Çətin prosesdir. Azərbaycan rəhbəri bəyan edib ki, biz birgəyaşayışı təmin etmək üçün lazım olan addımları atacağıq. Bunu da həyat göstərəcək. Amma bu, çox mürəkkəb məsələdir. Çünki ermənilər bizim xalqımıza qarşı çox böyük qəddarlıq göstəriblər. Vətənimizə və insanlarımza qarşı amansız olublar. İndiki nəslin bunu unutması çətin görünür. Ancaq hər halda dünya, şərait bunu tələb edir. Nə olacağını isə zaman ortaya qoyacaq.

- Siz yəqin ki, xatırlayırsınız, Qarabağ münaqişəsi yeni yarandıqda da Qarabağda rus ordusu var idi, amma zamanla onlar məhz ermənilərin tərəfində duraraq, başımıza bəlalar gətirdilər. Bunun yenidən təkrarlanmayacağına zəmanət varmı?
- Bu da mürəkkəb məsələdir. Qeyd edim ki, birinci müharibə zamanı rusların 366-cı polku Xocalı qırğınında iştirak etmişdi. Bu hadisədən sonra onlar Azərbaycandan çıxarılmışdı. Amma Azərbaycanda və Ermənistanda rus ordusu var idi. Onlar bu proseslərdə qeyri-rəsmi iştirak etmişdilər. Rəsmi olaraq rus qoşunları bizimlə müharibə etməmişdi, amma Ermənistan ordusu adı altında ermənilərə köməklik etmişdilər.
Lakin indiki hadisələrin gedişatı mənə deməyə əsas verir ki, bu hal təkrarlanmaz. Mən belə olacağına ümid edirəm. İndi bizim ölkənin Rusiya ilə işgüzar münasibətləri, dostluq əlaqələri var. Bu mənada həm də düşünürəm ki, Rusiya əleyhinə təbliğatı dayandırmaq lazımdır. İndiki mərəhlədə bu, bizim maraqlarımıza cavab vermir. Maksimum çalışmaq lazımdır ki, Rusiya neytral mövqedə qalsın. Heç olmasa buna nail olmaq lazımdır.
- Ermənistanın vəziyyətini necə qiymətləndirirsiniz, onlar özlərinə gəlib yeni iddialar ortaya qoya bilərlərmi?
- Mən hesab edirəm ki, bundan sonra Ermənistanın iqtisadiyyatının güclənməsinə, özünə gəlməsinə, ordu quruculuğuna uzun müddət lazım gələcək. Yaxın illər üçün erməni iqtisadiyyatı bu vəzifələri həyata keçirmək qabiliyyətində deyil. Əlbəttə, erməni lobbisi, xaricdə erməniləri dəstəkləyən qüvvələr mümkündür ki, onlara köməklik göstərsinlər. Amma bu, çətin işdir. Mən hesab edirəm ki, ermənilərin dirçəlməsi mümkün deyil. Lakin inanmıram ki, onlar asanlıqla iddialarından əl çəksinlər. Problem ondadır ki, bu gün erməni xalqının sağlam düşüncəli, həqiqəti dərk edib reallığı qiymətləndirəcək ziyalıları, öndə gedən xadimləri yoxdur. Hamısı bizə qarşı düşmənçilik hissi ilə yaşayır. Bu, onu göstərir ki, proses hələ davam edəcək. İnanmıram ki, müharibə olacaq, amma münaqişə qalacaq. Bu yaraları sağaltmaq üçün uzun illər lazım gələcək. Həm də bunu tərəflərin hər ikisi istəməlidir. Bu, asan məsələ deyil.скачать dle 12.1