Bia.Az

MİLLİ DİRÇƏLİŞ GÜNÜ — 37 İL SONRA

Gündəm
 17-11-2025, 10:48     1 050

Meydan - xalqın yenidən doğuluşu

Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlar zaman keçdikcə daha da böyüyür, hadisə olmaqdan çıxıb ideyaya çevrilir. 17 noyabr – Milli Dirçəliş Günü belə günlərdəndir. Bu tarix təkcə bir mitinqin yada salınması deyil; bu, xalqın öz taleyi üzərində söz sahibi olmaq əzmini nümayiş etdirdiyi, qorxu divarlarını aşdığı, milli oyanışın ən geniş miqyas aldığı gün idi.

37 il öncə baş verən Meydan hadisələri milli şüurun yenidən doğuluşunu, gələcək müstəqilliyin psixoloji və ictimai əsaslarının formalaşmasını təmin etdi. Bu gün həmin hadisələr həm tarix, həm də milli yaddaş üçün yenidən dəyər qazanır.

1988-ci ilin qışı: İmperiyanın son pərdəsi

1988-ci ilin dekabrın 4-dən 5-nə keçən gecə Bakıda baş verənlər, əslində, təkcə Azərbaycanda deyil, bütün SSRİ məkanında imperiyanın çökmə prosesinin sürətlənməsi idi. Paylaşılan həmin təsvirlər—projektor işıqları, tırtılların şaqqıltısı, meydanın zorla boşaldılması—imperiyanın öz xalqına qarşı son güc nümayişi kimi yadda qaldı.

Sovet hakimiyyəti həmin gecə meydanı “təmizləsə” də, valilik və mənəvi üstünlüyü itirdi. İroniya ondadır ki, xalq meydandan qovuldu, amma meydan əbədi olaraq xalqın oldu. Həmin gecə SSRİ-nin illüziyaları qırıldı və tarix yeni mərhələyə keçdi.

Meydan yalnız fiziki məkan deyildi — o, milli ruhun və sosial düşüncənin ən kəskin oyanış nöqtəsi idi. İnsanların bir araya toplaşıb öz iradələrini ortaya qoyması, tək-tək fərdlərin kütləvi şəxsiyyətə çevrilməsi orada baş verdi.

Burada qorxu öldü. Burada ölüm hissi mənasını itirdi. Burada insanlar özlərini tapdı. Tonqalların həniri, şüarların uğultusu, iç-içə dayanmış minlərlə adamın nəfəsi meydanı böyük bir canlı orqana çevirirdi.

Meydan bir növ Bermud üçbucağı idi: insanların içində zaman, istiqamət, hətta məhrumiyyət və ehtiyatkarlıq hissi itib gedirdi. İnsanlar yeni kimlik qazanırdı — azadlığın kimliyi.

Xalqın seçimi və hərəkatın mahiyyəti

Meydan hərəkatının ən önəmli cəhəti onun heç bir siyasi qurum və ya şəxsi ambisiya ilə idarə olunmaması idi. Burada xalq öz instinkti ilə, vicdanının səsi ilə toplaşmışdı. Hərəkatda kimsə liderlik iddiası qalmırdı — lider xalqın özüdü. Bu təbii seçim xalqın daxili ehtiyacından doğmuşdu. Gündəlik həyatın xırda qayğıları meydanda yox olur, onların yerini ümummilli məsuliyyət hissi tuturdu. Bu gün geri dönüb baxanda görürük ki, həmin hərəkatın nəticələri 1991-ci ildə müstəqilliyin bərpasına aparan yolun labüd başlanğıcı idi.

Dekabr gecəsinin zorakılığı təkcə fiziki təzyiq deyildi — bu, imperiyanın öz dayaqlarına vurduğu zərbə idi. Qocalara, qadınlara, gənclərə dəyən hər zərbə SSRİ-nin öz ideoloji təməllərini sarsıdırdı. Xalq artıq qorxmurdu. Qorxusu olmayan xalq isə ən güclü imperiyanı belə diz çökdürmək gücündədir. Tarix bunu dəfələrlə sübut edib, və 1988-ci ildə Azərbaycan xalqı bunu yenidən göstərdi.

Meydanın yaratdığı psixoloji çevriliş

Həmin günlərdə insanlar yalnız siyasi baxışlarını yox, öz mənliklərini dəyişirdilər. Meydan insanı həm özünün, həm də millətin bir parçası kimi dərk etməyə məcbur edirdi. İnsan daxili çevriliş yaşayırdı: dünən qorxan, sabah meydanın ön sırasında dayanırdı. Meydan insanlara doğuluş hissi verirdi. O günlərdə deyilən “ölüm hissi mənim üçün öldü” cümləsi sadəcə emosiya ifadəsi deyil – bu, bütöv xalqın psixoloji dəyişməsinin manifestidir.

İllər keçdikcə meydan hadisələrini özününküləşdirmək istəyənlər oldu. Amma tarix bu cür iddiaları qəbul etmir. Meydanın sahibi xalq idi və qalmaqdadır. Kabinetlərdə verilən qərarların, sonralar yazılan siyasi memuarların meydanın mahiyyətinə təsir etməsi mümkün deyil. O hərəkat yalnız orada olanların ruhunda yaşayır.

Milli dirçəlişin stratejisi: Müstəqillik

Meydan hərəkatı müəllifsiz, sponsorsuz, fitvasız, planlaşdırılmamış böyük bir xalq hərəkatı idi. Amma bu hərəkatın nəticələri son dərəcə dəqiq və tarixi əhəmiyyətli oldu:

  • 1989–1990-cı illərdə ürkütməz milli müqavimət formalaşdı;

  • 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üçün ictimai baza yarandı;

  • Azərbaycan xalqı dünya siyasi xəritəsində öz yerini yenidən təsdiqlədi;

  • milli kimlik, milli özünüdərk və tarixi yaddaş bərpa edildi.

Müasir dövlət quruculuğu da məhz o günlərin enerji qaynağı üzərində formalaşdı.

Meydanın 37 il sonra bizə mirası

Bu gün Azərbaycan müstəqil, güclü, öz sözünü deyən bir dövlətdir. Qazanılmış nailiyyətlər — siyasi sabitlik, ölkənin artan iqtisadi gücü, ordunun qüdrəti, Qarabağın azadlığı — hamısı Milli Dirçəliş Günündən başlayan ideoloji və mənəvi yenidən doğuluşun davamıdır.

Meydan hərəkatı yalnız siyasi hadisə deyil, milli ruhun bərpası idi. Bu ruh bu gün də yaşayır.


Milli Dirçəliş Günü təkcə tarix deyil, milli kimliyimizin parlaq səhifəsidir. 37 il əvvəl meydanda yandırılan tonqallar bu gün də sönməyib – sadəcə forma dəyişib. Bu tonqal indi xalqın qalibiyyətində, dövlətin gücündə, milli həmrəyliyimizdə yanır.

Meydan hərəkatı bir millətin əsarətdən azadlığa, qorxudan cəsarətə, susqunluqdan sözə çevrilməsinin epopeyasıdır.


Milli Dirçəliş Günümüz mübarək olsun!







Arifə Hüseynova,
Turan Dövləti Təşkilatlarının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyinin başqanı.



BİA.az
скачать dle 12.1