YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya – YENİLƏNDİ
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.
***11:54
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.
Globalinfo.az bildirir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməllərini ortaya çıxıb: “Eyni zamanda bu əməllər araşdırılmalıdır ki, o, hansı dövrdə olub. Ola bilsin ki, o işdən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq.”
Arif Rəhimzadə bildirib ki, vəzifəsindən tutuduğu postdan asılı olmayaraq xətan varsa cəzanı çəkəcəksən: “Demokratiyanın ən bariz nümunıəsi də məhz budur. Ola bilsin ki, onun iş dövründə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə ona cavab verməlisən, cəzasını çəkməlisən”.
YAP İdarə Heyətinin üzvü Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını da bildirib: “Ancaq onun YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı bir məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.









