“Avroviziya təxribatı” və qardaşlıq münasibətlərinə kölgə salan manipulyasiyalar - TƏHLİL
Azərbaycanı hədəfə çevirən informasiya kampaniyaları
Son günlər Türkiyənin bəzi televiziya kanalları və sosial media səhifələrində Azərbaycan əleyhinə saxta məlumatların yayılması artıq ciddi narahatlıq doğurur. Ən son nümunə – “Avroviziya-2026-da İsrail iştirak etməzsə, Azərbaycan da müsabiqədən çəkiləcək” iddiasıdır. Bu yalanı əvvəlcə “Akit” televiziyası, daha sonra isə sosial şəbəkədə böyük izləyici auditoriyasına malik “Baho” kanalı tirajladı. Halbuki belə bir açıqlama nə Azərbaycan, nə də Avroviziya rəhbərliyi tərəfindən səsləndirilməyib.
Məsələ ondadır ki, Fələstin məsələsi Türkiyə ictimaiyyətində olduqca həssas mövzudur. İsrailin Qəzzada törətdiyi faciələrə görə emosional fon yüksəkdir və bu cür şəraitdə atılan hər bir təxribat qısa müddətdə böyük rezonans doğurur. Təxribatçı media qurumları isə məhz bu emosiyaları istismar edərək Azərbaycanı “İsrailin yanında duran ölkə” kimi qələmə verməyə çalışırlar.
Saxta xəbərlər və manipulyasiya mexanizmləri
Türkiyə sosial şəbəkələrində Azərbaycana qarşı kampaniyalar əsasən üç istiqamətdə aparılır:
Fələstin mövzusu üzərindən ittihamlar – Azərbaycan guya İsrailin hərbi əməliyyatlarını dəstəkləyir. Halbuki faktlar tam əksini göstərir: Azərbaycan hələ 1992-ci ildən Fələstinin müstəqilliyini tanıyıb, hər il humanitar yardım ayırır və BMT-də Fələstinlə bağlı qətnamələrin lehinə səs verir.
Avroviziya vasitəsilə manipulyasiya – Azərbaycanı ictimai qəzəbin hədəfinə çevirmək üçün “12 xal” məsələsi, indi isə “İsrail varsa biz də varıq” uydurması gündəmə gətirilir.
Milli kimliyin aşağıladılması – Sosial şəbəkələrdə, eləcə də bəzi televiziya məhsullarında azərbaycanlı obrazların savadsız, kobud və ikinci dərəcəli təqdimatı ilə ictimai rəyin formalaşdırılmasına cəhdlər edilir.
Televiziya ekranında qardaşlığa yaraşmayan epizodlar
Türkiyədə son illərdə yayımlanan bəzi serial və filmlərdə Azərbaycan obrazları təəssüf ki, təhqiramiz çalarlarla təqdim olunur. İstər aksentlə danışan, istərsə də sosial statusu aşağı göstərilən personajlar vasitəsilə “azərbaycanlı” anlayışı lağ obyektinə çevrilir. Halbuki Azərbaycan teleməkanında türk xalqı hər zaman qəhrəman, müdrik və qardaş obrazlarda təbliğ olunur.
Bu cür neqativ epizodların dövriyyəyə buraxılması təkcə mədəniyyət müstəvisində zərərli deyil, həm də strateji müttəfiqlik ruhuna ziddir. Çünki serialların təsir dairəsi böyükdür və ictimai şüurun formalaşmasında mühüm rol oynayır.
Təxribatın arxasındakı məqsədlər
Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyədə olması bəzi güclərin maraqlarına uyğun deyil. Ona görə də münasibətləri zəiflətmək üçün media vasitəsilə təxribatlar təşkil olunur. Bu kampaniyaların arxasında:
Daxili siyasi populizm – bəzi radikal qrupların özünü gündəmə gətirmək cəhdləri;
Xarici təsir mərkəzləri – iki qardaş ölkənin yaxınlığından narahat olan qüvvələrin planları;
Reytinq uğrunda təxribatlar – media qurumlarının senzasiya naminə məsuliyyətsiz davranışları dayanır.
Çıxış yolları
Operativ rəsmi mövqe – Azərbaycan tərəfi yalan xəbərlərə dərhal reaksiya verməli, doğru məlumatı ictimaiyyətə çatdırmalıdır.
Birgə media mexanizmi – Azərbaycan və Türkiyə jurnalistlərinin əməkdaşlığı gücləndirilməli, dezinformasiyaya qarşı ortaq platforma qurulmalıdır.
Sosial şəbəkələrin monitorinqi – saxta hesablar ifşa olunmalı, təxribatçı kontent dayandırılmalıdır.
Mədəniyyət sahəsində əməkdaşlıq – ortaq film və serial layihələri vasitəsilə müsbət obrazlar təqdim olunmalı, neqativ stereotiplərin qarşısı alınmalıdır.
Maarifləndirmə – gənclər arasında media savadlılığı artırılmalı, manipulyasiya mexanizmləri izah olunmalıdır.
Ümumiyyətlə Azərbaycan–Türkiyə qardaşlığı əsrlərin sınağından keçmişdir və bu strateji ittifaq nə bir televiziya kanalının təxribatı, nə də sosial şəbəkələrdəki saxta kampaniyalarla sarsıla bilər. Amma təhlükəni də kiçiltmək olmaz: emosional fonun yüksək olduğu dövrdə yalan informasiyalar sürətlə ictimaiyyətin düşüncəsini zəhərləyə bilir.
Buna görə həm Bakının, həm də Ankaranın üzərinə məsuliyyət düşür: yanlış məlumatların qarşısı vaxtında alınmalı, qardaşlıq münasibətlərini pozmaq istəyənlərin oyunu ifşa edilməlidir. Əks halda, emosional təxribatların real gərginliyə çevrilməsi riski qaçılmaz ola bilər.
Ədalət Nəbibəyli,
BİA.az-ın baş redaktoru.









