İcra başçısının həbsində Rusiya izi – DTX-nın Qaxdakı əməliyyatının şok təfərrüatı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda genişmiqyaslı əməliyyat həyata keçirib. Əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilib.
Son 5 il ərzində icra hakimiyyətlərində belə əməliyyatlar keçirilmirdi. Buna görə də, bu gün baş tutan əməliyyat geniş ictimai müzakirələrə səbəb olub.
DTX-nın icra başçılarına qarşı əməliyyatları nə üçün bərpa edildi? Bu prosesin arxasında hansı siyasi və strateji səbəblər dayanır?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz hesab edir ki, bu addım yalnız daxili struktur təmizliyi deyil, həm də Azərbaycanın regional siyasətində Rusiya ilə münasibətlərdə dəyişikliklərin əksidir.
Onun fikrincə, Azərbaycanın son illərdə qarşılaşdığı xarici təhdidlər, eləcə də regiondakı geosiyasi vəziyyət DTX-nın fəaliyyətində yeni mərhələnin başlanğıcına səbəb olub:
“DTX-nın beş il əvvəl başlatdığı, sonra isə dayandırdığı icra başçılarını təmizləmə kampaniyasının yenidən başlaması Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlərlə bağlıdır. “Əsas səbəblərdən biri də Azərbaycandakı Rusiya agentlərinə, yəni “Beşinci kolona” qarşı mübarizənin bir nəticəsi ola bilər. 2019-cu ildə Azərbaycanın “Beşinci kolon”unun lideri Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra bir neçə ay ərzində Tovuza hücumlar baş verdi və nəhayət, ölkə 44 günlük müharibəyə hazırlaşdı. Bu dövrdə xaricdən gələn təzyiqləri dəf etmək və Prezidentin islahat çağırışlarına əməl etmək vacib idi”.
Həmçinin oxuyun:
Türkiyə mediasından növbəti “sürpriz”: Bakı yenə hədəfdə – İrana hücumu bəhanə edib…Heydər Oğuz bildirir ki, Rusiya hələ də Azərbaycana təzyiq göstərməkdədir:
“Rusiyanın Azərbaycandakı casusları fəaliyyətini artırır, lakin Kremlin öz qüvvəsi zəifləməkdədir. Çünki bir tərəfdən Ukrayna müharibəsində, digər tərəfdən müttəfiqi İranın İsraillə münaqişəsində bütün resurslarını sərf edir. Bu səbəbdən, Azərbaycan üçün indi münasib zamandır ki, ölkə daxilində Rusiyaya bağlı qüvvələri zərərsizləşdirsin”.
Müsahibimizin fikrincə, DTX artıq Rusiyaya bağlı icra başçılarını hədəfə almağa başlayıb və bu proses yaxın zamanda daha geniş vüsət alacaq:
“Xüsusilə şimal və cənub rayonlarındakı şübhəli fəaliyyət göstərən icra başçılarına qarşı əməliyyatlar gözlənilir. DTX və Azərbaycan rəhbərliyi məsələdən xəbərdardır və tədricən mövcud qüvvələri zərərsizləşdirəcək. Qax icra başçısının saxlanılması isə əməliyyatların ilk addımıdır”.