Bia.Az

“Həmsədrlərin bəyanatı heç nə ifadə etmir" - Ekspertlərin Cenevrə görüşü ilə bağlı rəyləri

Gündəm
 31-10-2020, 14:04     251

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti və Andrey Skofer) bəyan edib ki, tərəfləri bir daha oktyabrın 17-də Parisdə və oktyabrın 25-də Vaşinqtonda təsdiqlənmiş və oktyabrın 10-da Moskvada verilmiş Birgə Bəyanata uyğun olaraq humanitar atəşkəsin təcili təşkili də daxil olmaqla, öz öhdəliklərini tam yerinə yetirməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlər nazirlərlə həm ayrılıqda, həm də birgə görüşüblər.

Görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Andrey Kaspoşik də iştirak edib. Onlar həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXK) prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparıblar.

Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən tərəflər təcili əsasda bir sıra addımlar atmağa razılaşıblar.

Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalini və ya qeyri-hərbi obyektləri qəsdən hədəfə almayacaq;
Tərəflər BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətləri verməklə döyüş sahəsindəki qalıqların mübadiləsi və bərpasının həyata keçirilməsində fəal iştirak edəcəklər;
Tərəflər bir həftə ərzində giriş və nəticədə mübadiləni təmin etmək məqsədi ilə BQXK və ATƏT sədrinin şəxsi nümayəndəsinə hazırki hərbi əsirlərin siyahısını çatdıracaqlar;

Tərəflər 10 oktyabr Birgə Bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Bəyanatda deyilir ki, tərəflər 10 oktyabr Birgə Bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcək.


Bəyanatı şərh edən politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ATƏT-in Minsk Qrupu heç vaxt bu qədər aciz duruma düşməmişdi. 
"Onların illər uzunu bölgəyə hər səfəri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlər medianın diqqət mərkəzində olurdu. Onlar müxtəlif həll planları hazırlayır, onun ətrafında uzun-uzadı müzakirələr aparırdılar. Əslində isə həmsədrlər 27 il ərzində işğalçının nazı ilə oynadılar. Belə vəziyyətdə müharibə qaçılmaz idi, bunu mən illər uzunu söyləyirdim. Bu illərdə jurnalistlərin həmsədrlərin səfərləriylə bağlı çoxsaylı suallarına cavabı bu idi: “İşğalçı qarşısında real güc görməyənə qədər torpaqlarımızı boşaltmayacaq”. Biz hazırda bununla məşğuluq"-deyə ekspert vurğulayıb.

Politoloq hesab edir ki, həmsədrlərin Cenevrədə təşkil etdiyi görüş prezidentin dediyi kimi “bir görüş az və ya bir görüş çox” mənasını daşıyırdı: "Həmsədrlər nazirlərin Moskva və Vaşinqton görüşlərindən sonra Cenevrədə görüş təşkil etməklə, sadəcə “biz də varıq” demək - nahaq yerə maaş almadıqlarını “sübut” etmək istəyirdilər. Həmsədrlərin bəyanatı heç nə ifadə etmir".


Siyasi ekspert Şahin Cəfərli isə bildirir ki, Cenevrədə Azərbaycan və Ermənistan beynəlxalq hüquqa uyğun savaşmaq barədə razılığa gəliblər. "Cenevrə görüşünün əsas nəticəsi budur"-deyə o vurğulayıb.

Ş. Cəfərli bildirib ki, biz strateji xarakterli qələbə əldə etmədən dayanmaq istəmirik. Bu, Şuşa zəfəri və ya Laçın dəhlizinin nəzarətə götürülməsi ola bilər: "İşğalçı isə onun onurğasını qıracaq və müharibəni faktiki olaraq bitirəcək bu tip məğlubiyyətə yol verməməyə, savaşın mövqe döyüşləri xarakteri alaraq uzanmasına çalışır. Məhz belə olan halda, o, masaya məğlub tərəf kimi deyil, nisbətən bərabər səviyyəli tərəf kimi otura biləcəyini hesablayır".скачать dle 12.1