Trampın mövqeyi kəskin dəyişdi – Rusiyanı təhdid etdilər

ABŞ Kanadanın Banff şəhərində keçirilən G7 maliyyə nazirlərinin sammitindən sonra birgə bəyanatda gözlənilmədən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini pisləyərək, məsələ ilə bağlı mövqeyini kəskin şəkildə dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Britaniya nəşri bildirir ki, bu bəyanat əvvəllər müharibəyə görə birbaşa Moskvanı ittiham etməkdən yayınan Donald Tramp administrasiyasının siyasətində nəzərəçarpacaq dönüşü göstərir.
ABŞ maliyyə naziri Skott Bessent da daxil olmaqla G7-nin maliyyə nazirləri tərəfindən dəstəklənən bəyanatda deyilir: “Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini pisləyirik və Ukrayna xalqı və iqtisadiyyatının möhtəşəm dayanıqlığına hörmətimizi bəyan edirik”.
Nəşr qeyd edir ki, Ağ Ev Trampın seçilməsindən sonra ilk dəfədir əvvəllər ABŞ-nin Avropadakı müttəfiqləri üçün xarakterik olan ritorikanı dəstəkləyib.
Sənəddə bildirilir ki, “Böyük Yeddilik” ədalətli və davamlı sülhə gedən yolda Ukraynanın ərazi bütövlüyü və mövcudluq hüququnu, habelə azadlığı, suverenliyi və müstəqilliyini müdafiə etməkdə sarsılmaz dəstəyə sadiqdir.
“Əgər atəşkəs razılaşdırılmasa, biz bütün mümkün, o cümlədən sanksiyaları daha da gücləndirmək kimi təzyiqi maksimuma çatdırmaq variantlarını araşdırmağa davam edəcəyik”, - bəyanatda vurğulanır.