Bia.Az

Ermənistan özünə ikinci cəbhə açır - Tipik erməni həyasızlığı

Gündəm / Dünya
 14-10-2020, 14:21     40

Azərbaycana qarşı ərazi iddiasına görə ağır müharibə yaşayan Ermənistan Gürcüstan torpaqlarına da göz dikib. Xain qonşu Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinə iddia edir. Bu iddianı Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsindəki paylaşımı ilə bir daha gündəmə gətirib.

Onun paylaşımında Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.

N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

Qeyd edək ki, Gürcüstan öz quru və hava məkanından Ermənistana hərbi yardımların daşınmasına qadağa qoyub. Bir neçə gün əvvəl qonşu ölkə humanitar yardım adı altında yük maşınlarında Ermənistana gizli yolla sursat daşınmasının qarşısını alıb.

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Mahir Dərzili “Yeni Müsavat”a bildirib ki, Gürcüstanın milli təhlükəsizlik konsepsiyasına görə, Azərbaycan bu ölkənin dostu və strateji tərəfdaşı, Ermənistan isə dost və qonşu ölkədir: “Göründüyü kimi, Azərbaycan-Gürcüstan münasibətləri bu konsepsiyaya uyğun olaraq Ermənistan-Gürcüstan münasibətlərindən çox dolğun, məzmunlu və zəngindir. Bütün sahələrdə bu münasibətlər uğurla inkişaf edir. Bu gün, təbii, Azərbaycanın haqq işi Gürcüstana çox yaxındır. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıb, beynəlxalq müstəvidə Azərbaycanı dəstəkləyib. Amma indiki məqamda ölkə rəhbərliyi bütün səviyyələrdə bəyan edib ki, Gürcüstan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən hərbi əməliyyatlarda neytraldır. Bu, ilk növbədə Gürcüstanın milli maraqlarından, ölkənin təhlükəsizliyi ilə bağlı olan məqamlardan irəli gəlir. Bilirsiniz ki, Gürcüstanda böyük azərbaycanlı və erməni icmaları mövcuddur. Müstəqillik əldə etdikdən sonra Gürcüstana yönəlik düşmənlərin bütün ssenarilərinin əsasında burada etnik və milli zəmində qarşıdurma yaratmaq durur. Bu gün belə qarşıdurma yaranacağı ilə bağlı real təhdidlər mövcuddur. Düşmənlərin bu arzusunu gözündə boğmaq lazımdır”.

Müsahibimizin fikrincə, hərbi əməliyyatlar davam edərsə, Rusiya məsələyə müşahidəçi qalmayacaq: “Rusiyanın döyüş meydanında ağır məğlubiyyətə düçar olmuş Ermənistana Gürcüstan üzərindən humanitar dəhliz istəməsi çox realdır. Eyni zamanda Türkiyə də Azərbaycana yardım üçün humanitar yardıma dəhliz istəyə bilər. Bu, bizim ölkəmiz üçün çox böyük fəsadlar törədə bilər. Buna görə də ölkəmiz son dərəcə diqqətli olmaqla, neytrallığını saxlayır”.

M.Dərzili qeyd edir ki, Ermənistanla Gürcüstanın bir-birinə qarşı ərazi iddiası yoxdur: “Buradakı erməni əhalisinin böyük hissəsi Gürcüstan qanunlarına tam əməl edir. Lakin məsələnin qaranlıq tərəfləri çoxdur. Bilirsiniz ki, bu gün Ermənistanın, erməni xalqının başına bəlalar açan daşnak ideologiyası demək olar ki, bütün qonşulara qarşı ərazi iddiaları irəli sürür. Bu iddialar Azərbaycanla yanaşı Türkiyəyə qarşı da var. Daşnakların, eləcə də digər erməni millətçi təşkilatları Gürcüstana qarşı da ərazi iddialarındadırlar. Gürcüstanın Samtsxe Cavaxeti bölgəsi tarixi gürcü torpaqlarıdır. Qədim dövrlərdən burada gürcülər məskunlaşıb, ərazi daim Gürcüstan dövlətinin tərkibində olub. Ermənilərin bu əraziyə kütləvi köçü 1828-29-cu illərdəki Rusiya-Türkiyə müharibəsindən sonra baş verib. Sonralar Çar Rusiyası dövründə də müxtəlif yerlərdən Qafqaza ermənilər köçürülüb, bir hissəsi də Cavaxetiyə gəliblər. Bu gün bu bölgədə ermənilərin müxtəlif millətçi və terror təşkilatlarının fəaliyyətlərinə rast gəlmək olar. Uzun müddətdir ki, gürcü ictimaiyyəti bu məsələ ilə bağlı narahatlıq və narazılığını ifadə edir. Elə bu yaxınlarda Nikol Paşinyanın bölgəni ”Cavax" adlandırması növbəti təxribat idi. Bu, dövlət adamına yaraşan, diplomatik protokola uyğun olacaq bir addım deyildi. Bildiyim qədərilə, sonradan paylaşımını da silib. Lakin bu, Gürcüstanda ictimaiyyətin böyük narazılığına səbəb oldu. Neçə günlərdir sosial şəbəkələrin Gürcüstan seqmentində kəskin müzakirələr gedir".

Azərbaycanlı deputatın fikrincə, indiki şəraitdə Ermənistan rəhbərliyinin yanlış addımı onları daha çətin vəziyyətə sala bilər.
“Yeni Müsavat”
скачать dle 12.1