Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq? - AÇIQLAMA
Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.
Trend xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi müavini Namidan Piriyev deyib.
O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaqlar.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.