Bia.Az

Mübarizə qızışır: Bakı sülh danışığına “ev sahibliyi” edəcək? - GƏLİŞMƏ

Gündəm
 21-08-2024, 15:38     466

“Ukrayna ilə Rusiya arasındakı sülh danışıqları Bakıda keçirilə bilər”.

Bunu türkiyəli politoloq Engin Özer xarici mətbuata açıqlamsında söyləyib.

O bildirib ki, Türkiyənin vasitəçiliyi artıq gündəmdə deyil.

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çox maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə balans siyasəti məlumdur. Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Yaxın gələcəkdə, Volodimir Zelenskinin Bakıya səfəri heç də təəccüblü olmayacaq, hər iki tərəfin etibar edə biləcəyi Azərbaycan bu ilin sonunda baş tuta biləcək sülh danışıqları üçün çox yaxşı platforma yarada bilər”, - deyə Engin Özer bildirib.

Maraqlıdır, rəsmi Bakı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi edə bilər? Həm Moskva, həm də Kiyevin buna razılıq verməsi nə dərəcədə inandırıcı ola bilər?

Məsələ ilə bağlı tanınmış politoloq Turab Rzayev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, hər iki tərəf Bakıda bu kimi görüşlərin keçirilməsinə etiraz etməz:

“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə çox yaxşı münasibətləri var. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və ən ağır zamanda Ukraynaya humanitar yardım edib.

Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirir, Qərb tərəfdən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmur və Moskvaya qarşı hər hansı addım atmır. Ona görə də hər iki tərəf arasında sülh danışıqlarının keçirilməsi üçün Bakı ideal məkan ola bilər.

Bildirim ki, əvvəllər bu kimi oxşar proseslər baş verib. Rusiya-Ukrayna müharibəsindən öncə Bakı ABŞ və Rusiyanın hərbi rəsmilərinin bir neçə görüşlərinə ev sahibliyi edib.

Ancaq indiki məqamda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlayacağını düşünmürəm. Bu, kifayət qədər uzun çəkən bir proses olacaq. Hesab edirəm ki, yaxın zamanda Moskva ilə Kiyev arasında sülh danışıqlarının keçirilməsi mümkün görünmür.

Qeyd edim ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində vasitəçilik etmiş ölkələr var. Türkiyə bir müddət hər iki tərəf arasındakı danışıqlara ev sahibliyi edib. Çin öz vasitəçiliyini ortalığa qoyub. Həmçinin İsveçrədə görüşlər keçirilib.

Əgər vasitəçilər arasında seçim olarsa, böyük ehtimalla, Rusiya özünə daha yaxın vasitəçi seçməyə çalışacaq. Xüsusilə, Moskva sülh danışıqlarının neytral bir ərazidə keçirilməsini tələb edəcək. Ancaq Rusiya və Ukraynanın Bakıda sülh danışıqlarının keçirilməsinə etiraz edəcəyini düşünmürəm”.
скачать dle 12.1