Eyyub Yaqubovun İsraillə birgə “qurduğu” Turan – müğənninin bu sözləri şok yaradıb

Bu günlərdə xalq artisti Eyyub Yaqubovun konsertdən görüntüləri yayılıb. Belə ki, o, auditoriya ilə danışarkən heyrətamiz fikirlər səsləndirib.
Sitat: “Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı və bir çox gözəl şəxsiyyətlər Turan uğrunda şəhid oldular. Böyük bir Turan dövləti qurulacaq və onların yanında İsrail, yəhudilər olacaq. Yaşasın Turan, Azərbaycan və İsrail”.
Onun fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən həm heyrətlə qarşılanıb, həm də müğənni tənqid və ironiyaya məruz qalıb. Bəzi iddialara görə sözügedən görüntülər montajdır, bəzilərinə görə orijinal.
Globalinfo.az məsələnin mahiyyətini açmaq üçün Eyyub Yaqubovu yaxından tanıyan, həm də mövzuya vaqif olan tanınmış aparıcı Kamran Həsənli ilə əlaqə saxlayıb.
O, bu videonu yayanları tənqid edib:
“Eyyub turançıdır, əqidəli bir insandır. Harda çıxış edibsə, hər zaman turançı kimi çıxış edib. Orada qeyri-adi heç nə yoxdur. Yəhudilər bizimlə dostdur. O görüntülərdə yəhudilərin Turana qoşulacağını demir. Niyə müzakirə edirlər? Bilirsiniz, Turan ideologiyasından, fəlsəfəsindən danışmaq üçün gərək insan tarixə bələd olsun. Əli bəy Hüseynzadəni, Əhməd Cavadı, Ziya Göyalpı, İsmayıl Qaspıralını tanımalıdırlar. Bu adamları, ya da Turan fəlsəfəsini bilməyənlər belə məsələləri müzakirə və ya tənqid edəndə ətimiz tökülür”.
Teleaparıcının fikrincə, gələcəkdə Turan üzvü olaraq müxtəlif dövlətlərin adı çəkilə bilər:
“Həmin dövlətlərin necə Turan üzvü ola biləcəkləri heç Eyyubu tənqid edənlərin ağlına da gələ bilməz. Onun üçün gərək etnoqrafiyanı bilsinlər, tariximizə, Turana bələd olsunlar. Onlar bilməlidirlər ki, biz harada yaşamışıqsa, hər zaman yəhudilərlə dost olmuşuq. Kimsə aramızı vurmaq istəyirsə, o, alçaq iş görür. Məlumdur ki, Buxara yəhudiləri, Səmərqənd yəhudiləri var və harada yaşayıblarsa, oranın adət-ənənlərinə uyğunlaşırlar”.
Kamran Həsənli
K.Həsənli Türkiyə-İsrail münasibətindən danışıb:
“Bilirsiniz ki, 1499-cu ildə İspaniyada bütün yəhudiləri öldürmək üçün bir yerə yığıblar. Kraliça İzabella onları məhv etmək istəyəndə Osmanlı sultanı həmin İspan kraliçasına ultimatum göndərir. Deyir ki, orada bir yəhudinin başından tük əskik olsa, Osmanlılarla savaşa girəcəksiniz. O da qorxusundan bütün yəhudiləri Osmanlı ərazisinə göndərib. Əksinə, yəhudiləri türk xilas edib. Yəhudilər də bunu heç vaxt unutmurlar. Hətta bu, onların tarixində də yazılıb, konstitusiyasında da əks olunub. Deməyim odur ki, İsraillə dostluğumuzun tarixi qədimdir. Eyyub da bunu nəzərdə tutub deyib”.
Kamran Həsənli 44 günlük savaşda İsrailin də Azərbaycanın yanında olduğunu vurğulayıb:
“Biz yeganə etnosuq ki, heç vaxt yəhudilərə qarşı soyqırımı törətməmişik. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında İsrail oldu. Eyyub axı nəyi yanlış deyib? O videonu hazırlayanın görünür, biliyi yoxdur. Video montaj olunub və hər şey aydın görünür. Bu, Eyyubun deyil, turançılığın əleyhinə hazırlanan bir videodur. Onlar Eyyubun sənətinə, əqidəsinə, cəmiyyətdə olan nüfuzuna kənardan baxıb paxıllıq edənlərdir. Eyyub əzizimiz, dostumuzdur”.