Bia.Az

Azərbaycan əleyhinə COP29 ilə bağlı kampaniya başladı: Fransadakı erməni lobbisi və…

Gündəm
 30-07-2024, 15:03     343

COP29-un keçirilməsinə az vaxt qalıb. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etmək üçün ciddi hazırlıq işləri görür. Bununla belə, son zamanlar COP29 əleyhinə kampaniya başlatmaq istəyənlərin aktivləşdiyi müşahidə edilir.

Misal üçün, bir müddət öncə Paris şəhərinin meri Anne Hidalqo, senator Bruno Retaylon, İle-de-Frans regionunun prezidenti Xavier Bertrand, eləcə də Valeri Pekres, Karol Delqa kimi region rəhbərləri, Marsel merinin birinci müavini Mişel Roubirola, Monpelye şəhərinin meri Maykl Delafosse və Strasburq meri Janna Barseqyan BMT-nin növbəti iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı olduqlarını bildirən birgə bəyanat yayıblar. “La Tribune” nəşrində işıq üzü görən bəyanatda fransız siyasilər konfransın Azərbaycanda keçirilməsi qərarına yenidən baxılmasını istəyiblər. Bəyanat müəllifləri iddia edirlər ki, Azərbaycan iqtisadiyyatının 90 faizi neft və qazdan asılı olduğu üçün belə bir konfrans Bakıda keçirilə bilməz.
Hər zaman antiazərbaycan mövqeyi ilə seçilən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo ölkəmizə qarşı növbəti təxribatçı çağırış edib. Okampo öz X səhifəsində video yayımlayaraq, ermənilərə müraciət edib.
“Ermənilər ermənilər üçün mübarizə aparır. Onlar dözümlü xalqdır. Çox yaxşı bilirlər ki, mübarizə aparmağı dayandırdıqları gün məğlub olacaqlar. Mən çox qürur duyuram ki, onlara qoşulmaq üçün dəvət almışam”, – o bildirib.
Okampo erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırıb.
Globalinfo.az-a danışan VI Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanın beynəxlaq münasibətlər sistemində nüfuzunun artması şübhəsiz ki, bəzi imperialist mərkəzlərin, aktorların xoşuna gəlmir:

Hikmət Babaoğlu
“Nəticə etibarilə beynəlxalq münasibətlər sistemi təkcə ölkələrin, xalqların, tərəfdaşlıq, əməkdaşlıq meydanı deyil, həm də mübarizə meydanıdır. Buna görə də Azərbaycanın yaratdığı yeni reallıqlar, artan nüfuzu, regionda baş verən hadisələr bəzi dairələrin maraqları ilə toqquşur. Məhz buna görə bu gün ölkəmizə, onun keçirəcəyi beynəlxalq tədbirlərə qarşı qarayaxma kampaniyası aparılır. Bununla Azərbaycanı qorxutmaq, onu bu yoldan geri döndərmək istəyirlər.
Azərbaycan beynəlxalq təşkilatların dünya siyasətində oynadığı rol ilə yeni model yaradıb. Qoşulmama hərəkatına yeni status qazandıraraq onu dünyanın aparıcı təşkilatlarından biri halına gətirib. Eyni zamanda qlobal məsələlərdə nümunəvi əməkdaşlıq modeli yaradaraq zəif, kiçik xalqların maraqlarını qoruyub himayə edib. Bütün bunlar Azərbaycana qarşı qısqanclıq yaradır.
Azərbaycan növbəti mühüm bir tədbir ərəfəsindədir. Ölkəmizdə COP29 tədbiri keçiriləcək. Bu tədbir iştirakçı sayına görə dünyanın ən böyük tədbirlərindən hesab edilir. Azərbaycan bu tədbirə xüsusi həsasslıq ilə yanaşır. Bütün bunu bilən antiazərbaycan dairələri indidən qarapiara, propaqandaya və dezinformasiyalara başlayıb. Bu ölkəmizin mövqeyini zəiflətmək cəhdindən başqa bir şey deyil.
Şübhəsiz ki, ölkəmiz bu ağır çətin sınaqdan da üzü ağ çıxacaq. Bir daha göstərəcək ki, bütün təzyiqlərə baxmayaraq nümunəvi tədbir necə keçirilir”.
Fransa və bu ölkənin rəsmilərinin COP29 əleyhinə kampaniyada xüsusi fəallıq göstərməsi haqda danışan politoloq Oqtay Qasımov deyib ki, Anne Hidalqo, Bruno Retaylon, Xavier Bertrand, Valeri Pekres, Karol Delqa kimi şəxslər ölkələrindən çox erməni lobbisinin təlimatı ilə hərəkət edir:

Oqtay Qasımov
“Bu elə də təəccüblü deyil. Erməni diasporu COP29 əleyhinə kampaniya başladaraq ölkəmizin nüfuzuna zərbə vurmaq istəyir. Bu istiqamətdə bütün resurslarını işə salıb. Misal üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponunda prosesdə yer alması tragikomik bir hadisədir. Belə ki, onun özü bir müddət öncə adı korrupsiya qalmaqalında hallandı və Beynəlxalq Cinayət Məhkəməsindən xaric edildi.
Təbii ki, biz yaxşı bilirik ki, COP29 necə əhəmiyyətli və vacibdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fransanı narahat edir. Belə kampaniyaların bundan sonra da olacağı istisna deyil. Erməni lobbisi və Fransa bu işdə ortaq hərəkət edir. Prosesdə xüsusilə “fransız ziyalıların” iştirak etməsi kampaniyaya necə ciddi hazırlaşdıqlarını göstərir.
Fransa onsuz da Cənubi Qafqazda sülhün olmasını istəmir. Regionda gərginlik yaradan Paris paralel olaraq Bakı ilə həm də digər sahələrdə mübarizə aparır. COP29 əleyhinə kampaniya da bunu sübut edir”.
Azərbaycan iqtisadiyyatının 90 faizi neft və qazdan asılı olduğu üçün belə bir konfransın Bakıda keçirilə bilməməsi haqda yayılan iddialara aydınlıq gətirən VI Milli Məclisin deputatı iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına töhfə verən ölkədir:

Vüqar Bayramov
“Təsadüfi deyil ki, rəsmi Bakı alternativ mənbələrdən enerji hasilatı üçün bir milyard dollardan artıq investisiya qoyuluşu həyata keçirib. Praktik olaraq körfəz ölkələrinin bu sahədə ixtisaslaşmış şirkətləri, BP, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir.
Azərbaycanın hədəfi 2030-cu ilədək ümumi istehlakda bərpa olunan enerjinin payının 30 faizə çatıdırılmasıdır. Eyni zamanda emissiyaların azaldılmasında 35 faizlik bir hədəfə nail olmaqdır. Azərbaycanın növbəti altı il üçün hədəfi kifayət qədər ciddidir. Emissiyaların azaldılması yaşıl zonaların artırılmasına xidmət edir.
Digər tərəfdən Azərbaycan ilə Avropa ittifaqı arasında yaşıl enerjiyə dair memorandum imzalanıb. Gözlənilir ki, rəsmi Bakı yaşıl enerjini Avropa bazarına çıxaracaq. Gürcüstan üzərindən Rumıniya və Macarıstana yaşıl enerji nəql ediləcək.
O ki qaldı qeyd olunan iddialara COP28-ə ev sahibliyi etmiş və COP30-a ev sahibliyi edəcək BƏƏ, Braziliya da neft qaz istehsalında ixtisaslaşmış ölkələrdir. Özü də bu ölkələr Azərbaycanla müqayisədə daha çox neft, qaz istehsal edir.
Ümumiyyətlə, COP tədbirlərinə ev sahibliyi edən ölkələrin daha çox neft qaz istehsal edən ölkələr olmasına diqqət edilir. Yəni bu bir üstünlükdür, nəinki mənfi tendesiya”.
Turan Rzayev
Globalinfo.azскачать dle 12.1