Bia.Az

"MOSKVADA OTURAN ANTİ-AZƏRBAYCAN ÜNSÜRLƏR... " - "Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir!"

Gündəm
 19-09-2020, 21:46     591

"Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik"

" 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi..."

“Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı”.

Bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı deyib: “O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər.
Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada – arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası – “Rossiya-1” kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən.
O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı”.



Prezident İlham Əliyev həmçinin bildirib: "Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”.
Dövlət başçısı deyib: "Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev.
Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu, kasıb ailədə və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər insan kimi, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu.
O vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.
Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton.
İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqının yanacağı 80 faiz Azərbaycan tərəfindən təmin edilirdi, sürtgü yağları 90 faiz Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu və bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq, görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft daşları” ilə bağlı olacaq. Amma “Neft daşları” hansı vəziyyətdə idi o vaxt? Mən xatırlayıram, “Neft daşları”na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi”.



“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir” -deyə,Prezident İlham Əliyev bildirib
Dövlət başçısı deyib: “Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib.
Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü.
Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.
BİA.az
скачать dle 12.1