Bia.Az

Gəlirini gizlədən məmurlara cəza gəlir? - “…tələsmək lazım deyil”

Gündəm
 2-03-2020, 11:31     430

Gəlirini gizlədən məmurlara cəza gəlir? - “…tələsmək lazım deyil”Azərbaycanda qanunsuz əməllərə yol açan məqamlardan biri də vəzifəli şəxslərin öz gəlirləri barədə hökumət və cəmiyyət qarşısında hesabatlılığının təmin olunmamasıdır.

Hər hansı vəzifəli şəxsin əmlakı ilə bağlı yalnız qeyri-rəsmi məlumatlar yayılır, onların maliyyə mənbələrinin açıqlanmasına isə lüzum görülmürdü. Amma artıq bu istiqmətində müəyyən addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi nəzərdə tutulur.

Sənədə əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2020-2022-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bu tapşırığın icrası ilə bağlı Milli Məclis və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya isə tövsiyə verilib. Qeyd edək ki, dünya ölkələrində gəlirlərin deklorasiya sisteminin tətbiqi korrupsiyaya qarşı mübarizənin əsas elementlərindən biri sayılır. Azərbaycanda isə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun 2005-ci ildə qəbul olunub. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib və həmin il avqustun 14-də qüvvəyə minib. Amma Nazirlər Kabineti vəzifəli şəxslərin gəlirlərinin deklorasiya qaydalarının müəyyən edilməsi ilə bağlı sənədləri hazırlayıb, Prezidentə təqdim etməyib.

Növbəti dəfə bu istiqamətdə addımların atılması effekt verəcəkmi? Gəlirlərini açıqlamayan və səhv məlumat verən məmurların cəzalandırılması nəzərdə tutula bilərmi?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, məmurların gəlir deklorasiyası təqdim etməsi ilə bağlı məsələ artıq 14 ildir ki, yubanır:

“Bunun reallaşmamasının bir sıra səbəbləri var. Əsas səbəb odur ki, indiyədək məmurlar öz qazanclarının mənbəyini göstərə bilmirdilər. Çünki qazanc mənbəyi qaranlıq idi. İndi növbəti mərhələdə bu məsələnin ortaya çıxması onu göstərir ki, yenidən bu istiqamətdə cəhdlər edilir. Hesab edirəm ki, tam olaraq nail olunmasa da, məmurların gəlirlərinin şəffaflaşması istiqamətində real addımlar atmaq olar. Çünki ötən il ərzində görülən işlər, atılan addımlar artıq ölkədə bir sıra oliqarxların vəzifədən kənarlaşdırılması ilə nəticələnib. Bizneslə məşğul olan məmurlar arasında əsas fiqurlar ötən il vəzifələrindən kənarlaşdırıldı. Hesab edirəm ki, növbəti addım da ötən il başlanan işlərin davamıdır”.

İqtisadçının fikrincə, bu mərhələdə məmurların gəlir deklorasiyası təqdim etməsi istiqamətində müəyyən nəticələrə nail olmaq mümkündür: “Amma bu nəticələrin həcmindən danışmaq hələ tezdir. Qəbul olunan sənədlərin icrası istiqmətində hansı işlərin görüləcəyi bir neçə aydan sonra bəlli olacaq. Bundan sonra səmərəlilik haqda danışmaq olar. Amma bu sənəd olaraq təqdirəlayiq sənəddir”.

Bəs gəlirlərini gizlədən məmurların cəzalandırılması nəzərdə tutulurmu?

Akif Nəsirli deyib ki, ilkin mərhələdə məsələyə yumşaq yanaşma tərzi ortaya qoyulmalıdır:

“Dünyanın şəffaf ölkələrində mətbuat hansısa məmurun gizlədilmiş əmlakını ortaya çıxardığı zaman dərhal hüquq- mühafizə orqanları işə qarışır, həmin məmur nazir postundadırsa, dövlət başçısı öz münasibətini bildirir. Həm qanuni olaraq mexanizm işə düşür, həm də məsələyə dərhal siyasi qiymət verilir. Bunlar baş verməzdən əvvəl isə məmurun özü istefa verir. Belə bir ənənə yaranarsa, artıq inzibati cəzalandırma da arxa plana keçir, çünki məmur özü bilir ki, onun hansısa qeyri-qanuni əmlakı və ya biznesi ortaya çıxarsa, vəzifədən getməsi labüddür. Demək istəyirəm ki, cəzalandırma məsələsində tələsmək lazım deyil”.скачать dle 12.1