Bia.Az

Əlimizdən alınan məşhur “bayramımız” – Acı reallıq…

Gündəm
 23-02-2024, 16:25     458

Bu gün 23 fevraldır. Bir çox postsovet ölkələrində bu tarix hələ də “kişilər günü” kimi qeyd edilir.

Ölkəmizdə də bu günü qeyd edənlər çox idi. Son illərdə isə bir qədər arxa plana keçib, hətta əleyhinə kampaniya gedir. Bununla belə, bəzi insanların ­“bir 23 fevralımız vardı, onu da əlimizdən aldılar” kimi iradlarına rast gəlmək olur.
23 fevral “kişilər günü”nü ilk dəfə 2-ci sinifdə oxuyarkən eşitmişdim. Arzu adlı parta yoldaşım bir gün sinfə hədiyyə ilə gəlib mənə təqdim etmiş, mən isə heç nə anlamamışdım. Sonra sinif rəhbərimiz izah etmişdi ki, 23 fevral “kişilər günü”dür, sən də 8 Martda ona hədiyyə alarsan. Mən də belə etdim və bu “ənənə” 11-ci sinfə qədər davam etdi.
Təbii ki, bu, hədiyyələşməyin yaratdığı xoş, saf duyğulardan irəli gələn davranış idi. Mənə elə gəlir ki, bir çoxu bu günə sovet romantikası ilə yanaşır. Hər halda subyektiv yanaşmalar fərqlidir, reallıq isə acı…
Əslində, bu tarix 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Ordu ilk dəfə iştirak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra – 1922-ci ildə Sovet İttifaqı qurulduqda 1918-ci il 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar.
1923-1946-cı illərdə 23 fevral tarixi Qırmızı Ordu və Donanma Günü, 1946-1993-cü illərdə isə Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü kimi qeyd olunub. Sadə xalq isə “kişilər günü” kimi keçirirdi.
23 fevralı illərlə qeyd edən xalqımız bilmirdi ki, bir gün gələcək, yaranmasına sevindiyi ordunun silahları ona tuşlanacaq.
Xatırlayaq: 1990-cı il 20 yanvar tarixində keçmiş Sovet İttifaqının qoşun hissələri Bakıya daxil olub dinc əhaliyə divan tutmuş, yüzlərlə insanı qətlə yetirmiş, yaralamışdı.
Eyni Qırmızı Ordu nəzdində olan 366-cı polk 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhərini işğal etmişdi.
Sevindirici haldır ki, xalqımız artıq bu günü qeyd etmir, həqiqətlərini, mahiyyətini bilir. O ki qaldı kişilər gününə, müasir dünyada kişilik, mərdlik tarixini Azərbaycan əsgəri yazıb. Kişilər gününü məhz Ordumuzla bağlı hansısa tarixi gündə qeyd etmək daha doğru olar. Çünki biz artıq işğal yox, Zəfər Tarixini yaşayırıq.
Turan Rzayev
Globalinfo.az
скачать dle 12.1