Bia.Az

Yeni dövrün başlanğıcı: Ölkədə nələr dəyişəcək? - Ekspertlərin şərhi

Gündəm
 11-02-2024, 13:28     215

Fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyər oldu.

Yeni dövrdə Azərbaycanın qarşısında hansı mühüm məsələlər duracaq? Prezident növbəti 7 il ərzində əsasən hansı problemləri həll etməlidir və xalq olaraq qarşıya nə kimi hədəfləri qoymalıyıq?

Məsələni AzVision.az -a şərh edən Mili Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, prezident seçkiləri hər zaman bir mərhələnin yekunu, yeni bir dövrün başlanğıcı sayılıb.

-Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra olan dövrü iki hissəyə bölmək olar. Birinci dövr 2020-ci ilə qədər olan müddətdir. Hansı ki, ölkəmizin qarşısında əsas vəzifə kimi torpaqların işğaldan azad olunması qoyulmuşdu. Biz həmin illərdə tarixi və əzəli ərazilərimizi Ermənistan ordusundan təmizləməyə çalışırdıq. Artıq əsas hədəf və məqsədlərimizdən birinə nail olmuşuq. Amma hazırki dövr və qarşıdakı illər o mərhələdən də önəmli və əhəmiyyətli zamana çevrilib. Çünki proseslər onu göstərir ki, Ermənistan ağır məğlubiyyətə baxmayaraq yenidən müharibəyə hazırlaşır. Biz sülh tərəfdarı olsaq, bu prosesə çalışsaq da, qarşı tərəfdən əksini görürük. Həm Qərbin İrəvana olan dəstəyi, həm də Ermənistanın atdığı addımlar onu göstərir ki, onlar revanşa çalışırlar, yenidən müharibəyə hazırlıqlar görürlər. Azərbaycan torpaqları işğal olunandan sonra ermənilərdə arxayınlıq yaranmışdı. Bu arxayınlıq və işğalçı qüruru hissi onları müharibədə məğlubiyyətə sürüklədi. Ona görə də bizim qarşıdakı illərdə arxayın olmaq üçün heç bir haqqımız yoxdur. Daim hər şeyə hazır olmalıyıq. Hədəf kimi ordumuzun mütəmadi olaraq gücləndirilməsini seçməli, vətənpərvərlik istiqamətində isə təbliğatları daha güclü və uğurlu aparmalıyıq, - deputat qeyd edib.

Ceyhun Məmmədovun sözlərinə görə bu il çox ağır bir dövr olacaq. Dünyanın əlli faiz ölkəsində seçkilər keçiriləcək və bu səbəbdən də xarici təhdidlər artacaq: "Azərbaycanın ətrafında da vəziyyət o qədər yaxşı deyil. Bu gün Rusiya-Ukrayna münaqişəsi, Rusiya-Qərb qarşıdurması davam edir. Bundan başqa İrəvanın Moskva ilə olan münasibətləri də xeyli gərginləşib. Digər bir qonşumuz olan İrana hücum edilməsi məsələsi isə gündəmdən düşmür.
Ona görə də, bütün bunlar qarşıdakı müddətdə bizim üçün də çox ciddi xarici təhdidlər yaradacaq. Olduqca təhlükəli bir mərhələyə və dönəmə daxil olmuşuq. Xaricdən ciddi təhdidlər artdığı üçün qarşıdakı illərdə təhlükəsizliyimizi gücləndirmək istiqamətində ardıcıl addımlar atmalıyıq".

Deputat qeyd edib ki, xalqda seçkilərdən sonra qarşıdakı illərlə bağlı böyük gözləntilər yaranıb. Hər kəs Azərbaycanda 7 il ərzində siyasətdən kənar digər sahələrdə də mühüm proseslərin baş verməsini istəyir. Burada ən önəmli gözlənti isə idarəçiliyin təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, vətəndaş-məmur münasibətlərinin düzgün istiqamətdə qurulmasıdır: "Eyni zamanda bir sıra hallarda özünü büruzə verən məmur özbaşınalığının, rüşvətxorluğun qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Yeni dövrdə ölkədə təhsil sahəsində də ciddi tədbirlər görülməlidir. Təəssüf ki, son illər Azərbaycan təhsilində xeyli problemlər yaranıb. Bu istiqamətdə geriləmələr var, təhsilin idarəçiliyi isə düzgün qurulmayıb. Bir sözlə, qarşıdakı illərdə təhsilimizlə bağlı ciddi şəkildə düşünməliyik. Bundan başqa, xalqı əsas narahat edən sahələrdən biri səhiyyədir. Faktiki olaraq vətəndaşlarımızın böyük hissəsində səhiyyəmizə inamsızlıq hökm sürür. İnamsızlığı aradan qaldırmaq üçün qarşıdakı 7 ildə ciddi işlər aparılmalıdır. Digər ən mühüm məsələ ideoloji işdir. Cəmiyyətdə bir sıra sahələr üzrə ciddi ideoloji boşluqlar yaranıb. Bundan sonra boşluqları aradan qaldırmalı, görünən problemləri həll etməliyik. Gənclərimizin düzgün tərbiyə olunması, onlarla düzgün ideoloji işlərin aparılması üçün dəqiq və konkret addımların atılmasına ehtiyac var. Düzdür, əhalinin sosial rifahı ilə bağlı məsələlər daim diqqətdə olub. Amma pensiyalar və digər məsələlərlə bağlı da yeni addımlar atılmalıdır. Mən önəmli məsələlərin bir neçəsini qeyd etdim ki, bunlar da insanlarımızın qarşıdakı illərdəki əsas gözləntiləri sayılır. Əminəm ki, yeni mərhələdə bu məqamlar nəzərə alınacaq".

Politoloq Qabil Hüseynli yeni dönəmdə əsas hədəfin xarici siyasətdən çox daxili problemlərin həlli olacağını düşünür.

-Sirr deyil ki, ölkənin iqtisadi inkişafında karbohidrogen ehtiyatlarının payı getdikcə daha da azalır. Bu isə o deməkdir ki, qarşıdakı illərdə ağır sənayenin, yəni real sektorun inkişafına daha çox diqqət yetirilməlidir. Təbii ki, belə tədbirlər yeni iş yerlərinin açılması anlamına gələcək. Onsuz da ölkədə işsizlik problemi hələ də qalır. Real sektorla bağlı işlərə başlanılmasına geniş miqyasda xarici investisiyaların cəlb edilməsi də mühüm rol oyanaya bilər. Əsas hədəflərdən biri sadə vətəndaşları daha çox narahat edən işsizlik probleminin nəzərəçarpacaq dərəcədə aradan qaldırılması prosesi olacaq. Güclü siyasət, uğurlu idarəçilik ağıllı şəkildə qurulmuş iqtisadi proseslərlə başlayır , - o qeyd edib.

Ekspertin fikrincə, yeni hədəflərdən biri ölkədə idarəetmə sisteminin təkmiləşdirilməsi olacaq: "Bəzi idarəetmə məsələlərində hələ də, sovet dövründən qalma sistemlərdən istifadə olunur. Bu üsulların yalnız adları dəyişdirilib. Artıq qarşıdakı 7 il ərzində yeni modelə keçməliyik, Azərbaycan üçün idarəetmədə mühüm dəyişikliklər əsas hədəf olmalıdır. Burada bəzi Qərb ölkələrinin təcrübəsindən də yararlanmaq olar. Məsələn, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri parlamentlə bağlı proseslər olmalıdır. Bu orqanın ictimai-siyasi idarəetmədəki rolu, funksiyaları artırıla bilər. Deputat saylarına da əl gəzdirmək lazımdır. Milli Məclisə heç olmasa 25 nəfər əlavə olunmaqla deputat sayını 150 nəfərə çatdırmalıyıq. Bundan başqa, parlamentin hökumətə və dövlət büdcəsinin xərclənməsi məsələlərinə dair səlahiyyətləri artırılmalıdır. O qədər insanın bura toplaşmasına baxmayaraq, onlar büdcənin formalaşmasında fəal iştirak edə bilmirlər".

Qabil Hüseynli idarəçiliyin digər metodlarına da əl gəzdirilməsini hakimiyyət üçün əsas hədəf sayıb. Məsələn, rayon icra hakimiyyətləri ilə bağlı sistemdə dəyişikliklər gözlənilir: "Təəssüf ki, burada rüşvət amilləri hələ də qalıb. Bu isə yerlərdə az da olsa sadə vətəndaşlarda narazılıq yaradır. Hətta nazirliklərin bəziləri belə öz funksiyalarını normal şəkildə həyata keçirə bilmirlər. Beləliklə, həm nazirliklərin bəzilərinin birləşdirilməsi, daha işlək bir güclü strukturun yaradılması, həm də icra hakimiyyəti orqanlarında islahatların aparılması uğurlu addım olardı. Ölkədə icra hakimiyyətləri əvəzinə valilik idarəetmə sisteminə keçilə bilər. Yerlərdə xalqın iradəsi ilə seçilən bələdiyyə orqanlarının funksiyaları da artırılmalıdır. Tədricən bölgələrdə tam özünüidarə üsulunə keçmək olar. Bundan başqa, dövlət aparatının effektli işləməsi üçün tədbirlər görülə bilər. İctimai nəzarət sistemi deyilən bir anlayış var. Yəni xalqın özünün seçdiyi hakimiyyətə nəzarət məsələsi aktuallaşmalıdır. İctimai nəzarət sisteminin konkret formaları yaradılmalı, onların səlahiyyətləri müəyyən edilməli, bu şəxslər orqanların işi barədə, ölkədəki ictimai-siyasi rəy haqqında məlumatları Prezident Aparatına ötürməlidirlər. Yaxın gələcəkdə özünənəzarət, dövlət hakimiyyət orqanlarına, idarəetmə sisteminə nəzarət ön planda olmalıdır. Rüşvət isə ictimai bəladır və az da olsa qalır. Onun kökü qarşıdakı illərdə kəsilməlidir. Belə çirkli pulları aradan qaldırmadan iqtisadi inkişafın daha da artmasına gec nail olacağıq".

Hərbi ekspert Ədalət Verdiyev isə əsas hədəflərdən biri kimi sülhlə yanaşı ordu quruculuğunun daha da gücləndirilməsini görür.

- Azərbaycan artıq öz torpaqlarını düşmən işğalından azad edib. Hazırda qarşımızda duran əsas vəzifə daha çox sülhün bərqərar olmasıdır. Dayanıqlı sülhün əldə olunmasına çalışmalıyıq. Düşmən işğalında qalan kəndlərin də azad olunması əsas hədəflərdən olacaq. Bundan başqa, iqtisadi rifahın daha da yüksəldilməsi istiqamətində addımların atılacağını gözləyirəm. Həm Nazirlər Kabinetinin tərkibində, həm də digər güc strukturlarında da müəyyən dəyişikliklərin olması gözləniləndir. İslahatlar əslində seçkilərdən əvvəl də keçirilirdi. Amma bundan sonra ciddi kadr islahatlarının davam edəcəyini proqnozlaşdırmaq olar. Zənnimcə, qarşıdakı 7 ildə qalib Azərbaycan vətəndaşının qalib formatını yaratmaq üçün ictimaiyyətlə daha çox yaxından əlaqələr qurulmasına üstünlük veriləcək. Onları narahat edən məsələlərin, böyük qayıdışımızın təmin olunması, daha çox insanımızın işğaldan azad olunmuş ərazilərdə rifah şəraitində yaşaması təmin ediləcək. Təbii ki, ordu və qayıdış prosesi bir nömrəli prioritet olaraq qalacaq. Bura təhlükəsizlik məsələlərini də əlavə etmək olar, - hərbi ekspert qeyd edib.
скачать dle 12.1