Bia.Az

Gürcüstan böyük dəyişikliyin astanasında: Paşinyan Tbilisidə Əliyevlə görüşə hazırlaşır

Gündəm
 31-01-2024, 01:38     204

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifədən istefa verdiyini açıqladı. O, “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri vəzifəsi üçün təklif aldığını və bunu dəyərləndirəcəyini bildirib. Gürcü mediası isə Qaribaşvilidən sonra baş nazir postuna partiyanın hazırkı sədri İrakli Kobaxidzenin gələcəyini iddia edib.

Bəzi ekspertlər İ.Qaribaşvilinin istefasının ölkənin keçmiş baş naziri Bidzina İvanişvilinin siyasətə yenidən qayıtmaq qərarına əsaslandığını bildirirlər. Lakin İrakli Qaribaşvilinin yanvarın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Tbilisiyə səfərindən qısa müddət sonra istefasını açıqlaması da ayrıca maraq doğurub.

Bəs bu istefanın arxasında dayanan əsas səbəb nədir? İ. Kobixadzenin yeni baş nazir seçilməsi Gürcüstanın regiondakı proseslərdə mövqeyinə necə təsir edə bilər? Sülh gündəmində Tbilisi masası təklifi ilə bağlı hər hansı dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Gürcüstanda müşahidə olunan kiçik dəyişikliklər belə regional vəziyyətə təsiri baxımından əhəmiyyətlidir:

“Ümumiyyətlə bu ölkədə cərəyan edən proseslər bizim üçün maraqlı olmalıdır. Gürcüstanda baş verən bütün siyasi hadisələri izləməliyik. Çünki bizim bütün enerji və nəqliyyat kommunikasiyaları Gürcüstan ərazisindən keçərək Avropaya çatır. Həmçinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri var. Bu ölkədə siyasi hakimiyyətin hara bağlı olması və burada keçiriləcək seçkilərin nəticələri Bakı üçün maraqlıdır. Əgər Tbilisidə qatı qərbpərəst bir hakimiyyət meydana çıxarsa və onlar Ermənistanla birləşərsə, artıq Cənubi Qafqazda geosiyasi proses bir qədər də dəyişəcək”.

Politoloq İ.Qaribaşvilinin baş nazir postundan istefa verdikdən sonra başqa vəzifəyə gəlməyi düşündüyünü deyib:

“Əvvəllər hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasına Bidzina İvanişvili rəhbərlik edirdi. Hazırda İrakli Kobaxidze bu vəzifəni tutur. İrakli Qaribaşvili bu partiyanın sədri vəzifəsinə iddialıdır, belə görünür, həmin postu tutacaq. Bəzi ekspertlərin fikrincə, Bidzina İvanişvili siyasətə qayıtmağı düşünür. Bu səbəblə onun baş nazir vəzifəsinə gəlməyə və bu yolla Gürcüstanı əlində saxlamağa çalışdığına dair mülahizələr səsələndirilir. Lakin baş nazir postuna daha real və ehtimal olunan namizəd partiyanın hazırkı sədri İrakli Kobaxidzedir”.

İ.Hüseynov yaxın zamanda Tbilisidə Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşün keçirilə biləcəyini qeyd edib:

“Maraqlısı budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfəri çərçivəsində İrakli Qaribaşvili ilə görüşdü. Burada Tbilisi və İrəvan arasında strateji əməkdaşlıqla bağlı sənədlər imzalandı. Gürcüstan platformasının Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə verməsi mesajları səsləndirildi. Ardınca isə İ.Qaribaşvili vəzifəsindən istefa verdiyini açıqladı.

Düşünürəm ki, Gürcüstan müstəvisində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş ehtimal olunur. Həmçinin Ermənistan rəhbərliyi də buna eyham vurdu. Hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra bu ehtimal reallaşa bilər”.скачать dle 12.1