Bia.Az

Sülhə hansı masada gəlinəcək? - AKTUAL

Gündəm
 5-01-2024, 10:37     300

Bugünlərdə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib ki, "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq".

O, bölgədə maraqlı olan tərəfləri bu perspektivə xələl gətirə biləcək hər cür hərəkət və ifadələrdən çəkinməyə çağırıb.

"Düşünürəm ki, Ermənistan və Azərbaycan ən yaxın gələcəkdə sülh müqaviləsi imzalasa, Avropa bundan yalnız qazanar", - E.Əmirbəyov vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir.

Son zamanlar Azərbaycan rəsmiləri bəzi Qərb dövlətlərini Ermənistanın revanşist qüvvələrini dəstəkləməkdə, həmin ölkəyə silah satmaqda ittiham edir və hətta bəzən Qərbin vasitəçiliyinə ehtiyac olmadığını bildirirlər. Halbuki Qərb rəsmiləri, bir qayda olaraq, iki ölkə arasında sülhün təmin edilməsində maraqlı olduqlarını vurğulayırlar. Üstəlik, Ermənistan rəsmiləri də Qərbin vasitəçiliyindən hər hansı narazılıq ifadə etməyiblər.

Belədə indi Azərbaycan yalnız Rusiyanınmı vasitəçiliyinə yaşıl işıq yandırır, ya iksindən də faydalanmağa çalışır? Bu suala, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma bundan öncə nazirlik Ermənistanla ikilikdə danışıqlara hazır olduğunu bəyan edib.

"ABŞ, Rusiya ayrı-ayrılıqda Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrin komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a mövzu ilə bağlı deyib ki, münaqişə zamanı Avropanın müxtəlif ölkələri birmənalı şəkildə Ermənistanı dəstəkləyiblər: "Baxmayaraq ki, 30 il Azərbaycan torpaqları işğal olunub".

Deputatın sözlərinə görə, bu məsələ bu gün də davam edir: "Baxmayaraq ki, bu qondarma qurum artıq yoxdur, özləri könüllü şəkildə köçüb-gediblər... Bu, Avropanın ikili standartların göstəricisidir".

S.Rüstəmxanlı hesab edir ki, Avropa, ABŞ, Rusiya ayrı-ayrılıqda Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə keçirilən görüşləri sülhlə bağlı ümid verir, amma Rusiya da buna qısqanclıqla yanaşır. Rusiya istəyir ki, bu müqavilə məhz onun patronajı altında həll olunsun".
скачать dle 12.1