Bia.Az

BÖYÜK AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ TƏLİMLƏRİ BAŞLAYIR! - Türkiyə hərbçiləri və texnikası Naxçıvana gəlib (VİDEO)

Gündəm
 27-07-2020, 17:38     399

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar.
Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.




BİA.az
скачать dle 12.1