Bia.Az

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi açılıb

Gündəm
 31-12-2023, 18:49     293

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb. Məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılmasını ehtiva edir.
2023-cü ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb. Bu ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub.
Rəsmi məlumata görə hazırda dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlər aparılır. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.
Xatırladaq ki, bu il mayın 17-də Rusiya və İran Şimal-Cənub dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə hökumətlərarası saziş imzlayıb.
Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirir. Tərəflər artıq 2024-cü ilin əvvəlində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanılacağını bəyan edib.
Burada həmçinin, Astara (Azərbaycan) -Astara (İran) dəmir yolu xəttinin çəkilişi də İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir, - Astara şəhərindən İran sərhədinə 8 kilometr və İranın Astara şəhərindən Azərbaycan sərhədinə 2 kilometrdir.
Noyabrın 16-da Moskvada keçirilən "Nəqliyyat həftəsi" forumunda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Şimal-Cənub dəhlizinin inkişafından danışarkən deyib ki, 2023-cü ilin sonunda Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 18 milyon tona çata bilər, bu da 2021-ci illə müqayisədə demək olar ki, 33 faizdən çoxdur.
"Hazırda dəhlizin tərkib hissəsi olan hər üç marşrut üzrə aktiv iş aparılır. Beləliklə, şərq marşrutu ilə müntəzəm konteyner daşımalarına başlanılıb. Transxəzərdə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında və Mahaçqala dəniz limanında dibdərinləşdirmə işləri başa çatdırılır, bu da 4,5 metrə qədər suqəbuledici gəmiləri suya buraxmağa imkan verəcək. Qərb marşrutu çərçivəsində İranla Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisinin maliyyələşdirilməsinə dair saziş bağlanıb və Azərbaycanla sərhəddə avtomobil buraxılış məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə artırılıb", o qeyd edib.
Andrey Belousovun qənaətincə, 2030-cu ilə qədər bu dəhlizlər üzrə yükdaşımaların həcminin ildə 700 milyon tona çatdırılacağı gözlənilir.
Baş nazirin birinci müavini deyib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdır.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.




скачать dle 12.1