Bia.Az

“QARA CAMAATI” TƏNBEH ETMƏK ÜÇÜN NÖVBƏYƏ DÜZÜLƏNLƏR – Şahmar Mövsümov haqlıdırmı?

Gündəm / Siyasət
 21-07-2020, 17:16     578

Deyəsən, bəzi məmurlar pandemiyadan istifadə edərək, qarşılarına xalqı, vətəndaşlarımızı tənbeh etməyi, qınamağı, bəzən hətta aşağılamağı məqsəd olaraq qoyublar. Sanki bilərəkdən, bəlkə də bilməyərəkdən onsuz da pandemiya qadağaları, erməni işğalı, ağır sosial vəziyyət səbəbindən əsəbləri tarıma çəkilmiş, gərginləşmiş insanlarda əlavə qıcıq, narazılıq yaradırlar.

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, insanlarımız işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verirlər: “Azərbaycanda 190 manatlıq sosial dəstək tədbiri ilə yanaşı, ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulub. Bu gündən 20 mindən çox boş o cür iş yeri var... Vətəndaşlar həmin iş yerlərini tutaraq 190 manatdan da çox gəlir əldə edə bilərlər. Təəssüf ki, insanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verirlər. Odur ki, mən gəlir mənbəyini itirmiş insanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyə çağırıram".

Demirik ki, Şahmar müəllim tam haqsızdır. Doğrudan da işləmək istəməyən, müftə pul almaq istəyənlər də var və belələrinə təkcə bizdə yox, bütün dünya xalqlarının içərisində rast gəlmək olar. Ancaq ola bilməz ki, 190 manat üçün “əl açmağa” vadar olan yüz minlərlə vətəndaşın hamısı avara, müftəxor olsun və işləmək istəməsin.

İkincisi, Ş.Mövsümovun dediyi həmin 20 min iş yerinə “düşmək” elə də asan deyil.

Üçüncüsü, əgər Azərbaycanda pandemiyadan əvvəl də mövcud olan, pandemiya dövründə isə sayı qat-qat çoxalan imkansız, gəlir mənbəyini itirmiş, işsiz qalmış insanların hamısı, Ş.Mövsumov dediyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutsa, buna nə nazirlik dözər, nə də həmin 20 min iş yeri.

Axı kim də bilməsə, uzun illər iqtisadi sektorda çalışmış Şahmar müəllim bilməlidir ki, təkcə pandemiya dövründə gəlir mənbəyi olmayan, işsiz qalan əhalinin sayı həmin 20 min iş yerindən ən azı 20 dəfələrlə çoxdur! Təkcə işləməsinə icazə verilən, lakin işçilərinin 50 faizindən çoxunun işə çıxmasına qadağa qoyulan sahələr üzrə muzdla çalışanlar və hazırda portaldan icazə ala bilməyən, nəticədə işsiz qalanların sayı həmin 20 min iş yerindən qat-qat çoxdur. Biz hələ fəaliyyətinə tam qadağa qoyulan sahələrdə çalışan və hazırda bir “qara qəpiyin” sahibi olmayanları demirik.

Ola bilməz ki, Şahmar müəllim bütün bunları bilməsin. Əgər bilirsə, deməli insanları təmbəllikdə günahlandırıb, 20 min ictimai əsaslı iş yeri barədə danışmaq sözkəsənlikdən başqa bir şey deyil.

Ümumiyyətlə, hörmətli Şahmar müəllimin karyerasına nəzər yetirəndə görürük ki, maşallah, həyatının böyük hissəsini Mərkəzi Bankda yüksək vəzifələrdə və Neft Fondunun rəhbəri olaraq keçirib. Və təbii ki, bu ütülü, səliqəli və komfortlu vəzifələrlə zəngin karyerasında gündəlik gəliri 10-12 manat olan, bir gün iş tapan, 5 gün tapa bilməyən əli qabarlı, uşağının, ailəsinin üzünə utana-utana baxan insanlarla yolunun kəsişməsi ehtimalı 0-a yaxındır. O insanların ki, onların sayı Şahmar müəllimin dediyi 20 mini 10, bəlkə də 100 dəfələrlə üstələyir.

Axı bu özündənrazı, yağ-bal içində yaşayan məmurların hər imkan düşəndə yerdən-yerə vurduqları “qara camaat”a nə vaxt normal, bütün sivil dünyadakı insanlar kimi yaşamalarını təmin edən iş yeri, şərait yaradıldı ki, onlar da işləmədilər? Əksinə, uzun illər vergidən tutmuş icra hakimiyyətinə, keçmiş MTN-ə qədər bütün dövlət orqanlarının işi-gücü insanların özlərinin yaratdıqları və çalışdıqları iş yerlərindən məhrum etmək, olan-qalan qazanclarını da başına vurub əlindən almaq olub. Hər kəs Fazil Məmmədovun, Eldar Mahmudovun, Ziya Məmmədovun və adlarını sadalamadığımız, bəziləri hələ də vəzifələrdə olan məmurların onlarla, yüzlərlə milyonluq varidatının haradan və necə qaynaqlandığını yaxşı bilir...

Uzun illərdir Rusiyanın, Türkiyənin vilayətlərinə səpələnən milyonlarla həmvətənimizin də böyük əksəriyyəti oralara kef üçün getməyiblər və nə onları, nə də öz vətənində işsiz qalanları müftəxor hesab etmək olmaz.

Yeri gəlmişkən, müftə pul qazananları “ifşa edən” Şahmar müəllimə kiçik bir xatırlatma etməyin yeridir. Sabiq nazir Heydər Babayevin və digər iri ranqlı məmurların və onların ətraflarının dövlətə külli miqdarda ziyan vuraraq, talayıb müflis etdikləri, sonra da pulu batan əmanətçilərini, sıravi vətəndaşları dövlətlə üz-üzə qoyduqları, onları dövlətdən, hakimiyyətdən narazı saldıqları “Bank Standard” məsələsində adı hallanan şirkətlərdən biri də Şahmar Mövsümovun qardaşı Şahin Mövsumova aid “AS Group İnvestment” şirkətidir. Bu şirkətin “Bank Standard”-dan götürdüyü 77 milyon manatlıq krediti qaytarmaması həmin bankın çökməsində, müflis olmasında xüsusi rol oynayıb. Hələ də həmin vəsaitin izi-tozu barədə hər hansı xəbərə rast gəlinmir. Şirkətə isə məlum səbəblərdən indiyə qədər “gözün üstə qaşın var” deyən yoxdur. Və belə şirkətlər, adını iş adamı qoyub, banklardan götürdükləri pulları qaytarmayanlar bir deyil, beş deyil...

“Müftə pul qazanmaq” bax buna deyərlər, yetim-yesirin hökumətdən 190 manat istəməsinə yox...

BİA.azскачать dle 12.1