Bia.Az

GENERALLARDAN MÜHARİBƏ ÇAĞIRIŞI – “Əmr verin, vəziyyət tamamilə bizim xeyrimizədir”

Gündəm / Siyasət
 15-07-2020, 13:56     545

“İllər boyu arzuladığımız müqəddəs müharibə öz ayaqları ilə qapımıza gəlib”

Azərbaycan Ordusunun ehtiyatda və istefada olan generalları müharibəyə hazır olduqlarını və düşmənə sarsıdıcı zərbə vurulması üçün məqamın yetişdiyini bəyan ediblər.


General-mayor Qabil Məmmədov

“Azeri Defence”nin məlumatına görə, sabiq korpus komandiri, ehtiyatda olan general-mayor Qabil Məmmədov özünün sosial media hesabında yazıb ki, yaşanılan bu gün, bizlər üçün ağlaşma günü yox, qeyrətə gəlmə, birlik günü olmalıdır. “Çünki illər boyu arzuladığımız müqəddəs müharibə də, erməni həyasızlığına dözməyərək öz ayaqları ilə qapımıza gəlmişdir. İlk dəfədir ki, bu gün mövcud olan daxili, istərsə də xarici hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy – birbaşa bizim xeyrimizədir. Belə olan təqdirdə, bir dövlət olaraq bizə qalan odur ki, bu gözəl fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar ataq, gələcək nəsillərimiz üçün qürurverici tarix yazaq, ənənə yaradaq”, – general qeyd edib.

General Qabil Məmmədov əlavə edib ki, bu gün Azərbaycan xalqı bu missiyanın icrasında Ali Baş Komandanın yanındadır: “Siz tam əminliklə “İrəli!” əmrini verə bilərsiniz. Çünki biz, xalq olaraq, şərəfli ölümü, namus ləkəsilə yaşamağa cəhd etməkdən daha üstün tuturuq! Hətta kimi əlinə silah, kimi də sadəcə daş götürməklə, düşmənlə ölüm-qalım savaşına girməyə hazırdır. Biz bir millət olaraq tarixi bir imtahan qarşısındayıq. Əcdadlarımızın qəbrləri, düşmən əsirliyində fəryad edən ana-bacılarımız, tapdaq altında inildəyən Qarabağımız səbrsizliklə şanlı Azərbaycan əsgərinin yolunu gözləyir, onun qeyrətinə ümid edir. Düzdür, Ali Rəhbərlik və Ordu, bütün zəruri olan addımları atır. Amma onu da qeyd edim ki, biz əsla gözləməməliyik ermənilərin bizə qarşı atacaqları addımları və onların nəticələrini. Bu bizim buraxacağımız ən böyük yanlışlıq olar. Strateji, operativ və taktiki təşəbbüs, qabaqlayıcı və qəflətənlik faktorlarından istifadə əsasında yaradacağımız vəziyyətlərlə, bizə sərf edən şərtlərimizi düşmənə diqtə etməliyik”.



General-mayor Altay Mehdiyev

Hərbi Hava Qüvvələrinin sabiq komandanı, I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan general-mayor Altay Mehdiyev də Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan edib.

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son günlər Tovuz istiqamətində düşmənin növbəti uğursuz təxribat xarakterli hərəkətlərinə Sizin rəhbərliyiniz altında Ordumuz layiqli cavab vermiş, düşmən qruplaşmasını darmadağın etmişdir. Belə bir zamanda mən və mənim kimi minlərlə istefada və ehtiyatda olan, böyük hərbi bilik və bacarıqlara malik zabit heyəti kənarda dura bilməz. Biz hamimiz Sizin əmrinizlə hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.

Cənab Ali Baş Komandan, biz bir nəfər kimi Sizin əmrinizi gözləyirik! Vətənimizin keşiyində duran bütün şəxsi heyyətə uğur diləyirik!”

BİA.azскачать dle 12.1