Gözlənilməz anlaşma - “Bundan Bakı yox, Kiyev narahat olmalıdır”
“Parisin İrəvana silah satması bizi yox, Ukraynanı ciddi narahat etməli, Kiyevin etirazına səbəb olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Ermənistan-Fransa hərbi əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:
“Ermənistan müdafiə naziri Parisə gedib. Məlumata görə Fransa ilə Ermənistan arasında silah anlaşması imzalanacaq, miqdarı və çeşidi tam məlum olmasa da, Parisin İrəvana silah satması bizi yox, Ukraynanı ciddi narahat etməli, Kiyevin etirazına səbəb olmalıdır.
Ermənistan və Fransa istənilən müqavilə imzalaya bilər, öz işləridir, bizim də çox ölkə ilə müqavilələrimiz var, məsələ bu deyil, əsas problem Fransa kimi ölkənin, əvvəllər daim demokratiya və insan azadlıqlarının önündə gedən bir məmləkətin bu qədər ağılsız duruma düşməsidir.
Ermənistanın Rusiyadan, əsas da hərbi sahədə asılılığı o qədər böyükdür ki, erməni generalları hələ də Kremlin ağzına baxırlar. Böyük ehtimalla Fransanın Ermənistana verdiyi və ya satdığı silahlar Rusiyanın əlinə keçəcək və Ukraynaya qarşı istifadə olunacaq.
Kiyev bu məsələni diqqətdə saxlamalı, öz tərəfdaşları ilə müzakirə etməli və etirazını bildirməlidir. İmkan vermək olmaz ki, varolma mübarizəsi aparan, öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan Ukraynaya arxadan belə zərbə dəysin”.