Bia.Az

Bakıya qarşı təzyiq və təhdidlərin hədəfi – Professor

Gündəm
 21-10-2023, 10:00     301

Əgər həqiqətən Azərbaycan beynəlxalq humanitar hüquqa zidd bir hərəkət etmiş olsaydı, BMT TŞ-nin avqust və sentyabr aylarında keçirilən iclaslarında ölkəmiz əleyhinə çoxdan bir qərar qəbul edilərdi. Hazırda Qarabağ məsələsi ilə bağlı Azərbaycan ətrafında baş verən proseslər isə müəyyən məqsədlərə xidmət edən siyasi manipulyasiyalardır.

Bu sözləri Axar.az-a Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Alim heç bir təzyiq qarşısında Azərbaycanın geri çəkilməyəcəyini vurğulayıb:

“Azərbaycan heç vaxt Çexiya, Fransa, Niderland və Kanada kimi ölkələrin təzyiqləri, yaxud parlamentlərinin sanksiyalar barədə tövsiyələri, Ermənistana edilən silah yardımları qarşılığında geri addım atmayacaq. Çünki bir ölkənin parlamentində başqa bir ölkənin ərazi bütövlüyü, suverenliyi məsələsi gündəmə çıxarıla bilməz. Əgər çıxarılırsa, bu, qurulan məkrli siyasi oyunlara xidmət edir. Azərbaycan ötən ay beynəlxalq humanitar hüququn ən incə detallarına riayət etməklə Qarabağda suverenliyini bərqərar etmək üçün lokal antiterror tədbirləri keçirib. Dövlət oradakı mülki ermənilərə ən müxtəlif vasitələrlə qalmağı təklif edib, ancaq bölgəni könüllü tərk etmək istəyənlərə də sərbəst hərəkət imkanı verib. Bəzi Qərb ölkələrinin, eyni zamanda AP-nin qətnaməsi, ATƏT sədrinin bəyanatı sayıqlamadan başqa bir şey deyil. Bu sənədlər bizim üçün ancaq kağız parçasıdır. Etnik təmizləmədən, soyqırımdan bəhs edənlər birinci güzgüdə özlərinə baxsınlar, vəhşilik və cinayətlərlə dolu tarixlərinə nəzər salsınlar. Fransa birinci Korsika məsələsini həll etsin, Kanada çox istəyirsə, ölkədə yaşayan milyonlarla fransızdilli əhalinin yaşadığı bölgələrdə öz müqəddəratını həll etmək hüququnu tanısın. Ermənilər öz müqəddəratını təyin edib Ermənistanı qurublar, Qarabağ isə Azərbaycan torpağıdır, vəssalam! Heç bir sanksiya və təzyiq qarşısında geri çəkilmə ola bilməz. Çünki söhbət Azərbaycan dövlətinin minlərlə şəhidimizin, qazimizin canı-qanı hesabına işğaldan azad etdiyi Vətən torpağından, bizim taleyimizdən gedir”.
Professor yeni müharibə ehtimalı məsələsinə də toxunub:
“Hansısa qüvvələrin təhriki ilə sərhəddə məhdud çərçivədə təxribatlar, yaxud hansısa başqa formada terror aktları törədilə bilər. Ancaq Ermənistanın Azərbaycana qarşı yenidən müharibəyə başlayacağına inanmıram. Çünki Ordumuz öz gücünü həm 44 günlük Vətən müharibəsində, həm də son lokal antiterror tədbirlərində göstərib. Azərbaycan Prezidenti də Xankəndidə bayrağımızı yenidən qaldırarkən Ermənistana, separatçılara və onların himayədarlarına xəbərdarlıq etdi. Bununla yanaşı, rəsmi İrəvan yenidən müharibə etmək qərarını versə, Şuşa Bəyannaməsi avtomatik işə düşəcək. Ermənistan müharibəyə başladığı üçün KTMT də prosesə qoşulmayacaq. Ancaq prosesin bu fazaya keçəcəyinə inanmıram. Çünki kənardan nə qədər silah yardımı olsa da, nə Rusiya, nə də İran Fransa kimi ölkələrin təhriki ilə Ermənistanın müharibəyə girməsinə, onlara ikinci cəbhə açılmasına imkan verər. Bu, hazırkı məqamda bölgə ölkələrinin də maraqlarına ziddir. Əsas məsələ isə beynəlxalq hüququn bizim tərəfimizdə olmasıdır. Azərbaycana güc verən ən böyük faktor budur”.скачать dle 12.1