Bia.Az

Erməni faşizmi üzərində Bakının “Nürnberq prosesi” - niyə də olmasın?

Gündəm
 30-09-2023, 13:07     539

“Səfirlər, beynəlxalq təşkilat rəsmiləri separatçıların Azərbaycan xalqına qarşı törətdikləri soyqırım cinayətlərini canilərin öz dillərindən eşidə bilərlər”

Azərbaycanın bətnindəki “arsax” adlı “qarayara”, nəhayət, kəsilib atıldı. Qalır, onun yerini yaxşıca “dezinfeksiya” edib sağaltmaq və bir daha yaranmasına imkan verməmək. Bundan ötrü isə bir sıra “profilaktik” tədbirlərə ehtiyac var. Təbii ki, cinayətkar separatçı-xuntaçıların üzdə gedənlərin layiqli cəzaya çatdırılması o sırada öndə gəlir. Artıq Ruben Vardanyan, Vaqif Xaçatryan Bakı təcridxanalarının sakinləridir. Davamı da gələcək.  Bəs bu quldurların istintaqı və mühakiməsi necə aparılacaq, ayrı-ayrılıqda, yoxsa... 
“Mənə elə gəlir ki, bu, ayrıca məhkəmə olmayacaq, Nürnberq məhkəməsinə bənzər bir proses olacaq. Harada ki, mahiyyətcə faşist mahiyyəti daşıyan ”miatsum" layihəsini ideoloji cəhətdən əsaslandıran, onu daha sonra həm də etnik təmizləmə şəklində reallaşdıran sexakronizm ideologiyası mühakimə olunacaq. Ona görə də beynəlxalq hüquqşünasların iştirakı ilə bu ideologiya açıq şəkildə lənətlənməlidir".
“Yeni Müsavat”ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Minval.az-a deyib.
Onun sözlərinə görə, söhbət təkcə Azərbaycana qarşı aqressiv hərəkətlərdən deyil, eyni zamanda Ermənistana və onun diasporunda hakim olan bir ideologiyanın həyata keçirilməsindən gedir: “Bu, həmin ideologiyanı məhkəməyə çıxarmaq üçün bir səbəbdir. Və bu məhkəmə onların bütün həyatlarının layihəsinə siyasi nöqtənin qoyulması demək olacaq. Bu sistemin əməli şəkildə sökülməsi gözümüzün qabağında gedir, görürük ki, onlar hər şeylərini itirərək, baş verənləri ”soyqırım" adlandıraraq dünya ictimaiyyətini aldatmağa çalışırlar".
Tofiq Zülfüqarovun təklifi reallaşa, məhkəmə prosesləri Bakıdakı Qərb ölkələrin səfirliklərindən nümayəndələr də dəvət olunmaqla birləşdirilə bilərmi?
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, Ruben Vardanyan və digər separatçıların birgə mühakiməsi və prosesin açıq keçirilməsi olduqca vacibdir: “Beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin də iştirak etdiyi açıq bir proses keçirmək lazımdır. Çünki bu adamların Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində separatçılıq edib, sülh və insanlıq əleyhinə cinayətləri maliyyələşdirməklə, bu cinayətlərin bilavasitə törədilməsini təşkil edib və iştirak ediblər. Burada Xocalı soyqırımından, yüzlərlə qəsəbə və kəndlərin talan olumasından, əhalinin etnik təmizləməsindən, tarixi abidələrin, qəbiristanlıqların dağıdılmasında və digər insanlıq əleyhinə cinayətlərdən söhbət gedir”.
Partiya sədri deyib ki, bu adamların əməllərini sübut edən fakt və dəlillər var: “Bu adamların əməllərini təsdiqləyən videokadrlar belə var. Əminəm ki, hüquq mühafizə orqanları istintaq zamanı əlavə fakt və dəlillər aşkar ediblər. İmkan olsa, bu adamların məhkəmə prosesləri onlayn rejimdə canlı yayınlanmalıdır ki, heç kəsdə ittiham olunduqları cinayətləri törətməkdə şübhə qalmasın. 2-ci Dünya müharibəsi dönəmində yəhudilərə qarşı cinayətlər törətmiş nasistləri 70-ci, 80-ci, hətta 2000-ci ildə həbs edib İsrailə aparır, onların üzərində açıq məhkəmə prosesi keçirirdilər. İsrail televiziyaları bu prosesləri birbaşa yayımlayırdı. Beynəlxalq media quruluşları da nasistlərin üzərindəki açıq məhkəmə proseslərinə dəvət olunurdular. Eynilə Azərbaycana, Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş, belə cinayətlərin törədilməsini maliyyələşdirmiş şəxslər də açıq məhkəmə prosesində mühakimə olunmalı və cəzaya çatdırılmalıdırlar”.
Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq  istəyirik
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, həbs olunan şəxslərin Azərbaycanda terrorun maliyyələşməsi, soyqırım törədilməsi cinayətlərini törətmələrinə əsaslı şübhələr var: “Şübhəsiz ki, həbsə alınan separatçıların məhkəməsi açıq olacaq. Sülh və insanlıq əleyhinə cinayətlərin cəlbetmə müddəti yoxdur. Nə vaxt ki, hərbi canilər, bu qəbildən olan cinayətləri törətmiş şəxslər saxlanılırlar, onlara əməllərinə görə ittiham da o zaman irəli sürülür. Bu adamlar cinayətləri ayrı-ayrı Azərbaycan ərazilərində törətsələr də, vahid niyyətə xidmət edib - Azərbaycan xalqına qarşı soyqırım törətməklə Azərbaycan torpaqlarını ələ keçirmək. Ona görə də bu adamları birgə mühakimə etmək, eyni müttəhimlər kürsüsündə əyləşdirmək mümkündür”.
Əliməmməd Nuriyev deyib ki, separatçılar üzərində keçiriləcək açıq prosesdə hər kəs kimi beynəlxalq təşkilat, səfirlik nümayəndələri iştirak edə bilərlər: “Beynəlxalq təşkilat, səfirlik nümayəndələrinin Azərbaycanda keçirilən məhkəmə proseslərində iştirak etmə praktikası var. İstədikləri vaxt, istədikləri şəxsin məhkəməsində iştirak edə bilirlər. Ümid edirəm ki, 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayan, Xocalı, Meşəli və digər əzəli Azərbaycan torpaqlarında soyqırım cinayətləri törədən, belə cinayətləri maliyyələşdirən şəxslərin üzərindəki məhkəmə prosesini izləmək də onlar üçün maraqlı ola bilər. Özləri prosesi müşahidə etməklə müttəhimlərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım cinayətlərini canilərin öz dillərindən eşidə bilərlər. Bu həm də onların təmsil etdikləri dövlət və beynəlxalq təşkilatların yalnış qərarlar verməsinin qarşısını ala bilər”.
Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan dövləti 30 il ərzində beynəlxalq təşkilatlarda haqlı mövqeyini təsbit edib, BMT Azərbaycan ərazilərinin işğal olunmasını təsdiqləyən qətnamələr çıxarıb: “30 il qətnamələr icra olunmadı, 1 milyona yaxın qaçqın və köçkünlər çox acınacaqlı vəziyyətdə yaşamalı oldular. İtkin və əsir götürülənlərdən hələ də qaytarılmayanları var. Bu illər ərzində susan ABŞ, Fransa, Almaniya  rəsmiləri indi separatçıların, insanlıq əleyhinə cinayət törətmişlərin müdafiəsinə qalxırlar. Bundan çəkinməli, gəlib açıq məhkəmə prosesində iştirak etməklə azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, belə təmizləmələrin aparılmasını təşkil etmiş, maliyyələşdirmiş şəxslərin üzərindəki məhkəməni izləməlidirlər. İnanıram ki, bundan sonra bu şəxsləri müdafiə etməkdən çəkinəcəklər”.скачать dle 12.1