Bia.Az

Ermənilər silahlı təxribatın anonsunu verdilər - sərhəddə son durum

Gündəm
 10-08-2023, 09:10     347

Azərbaycan Qarabağdakı ermənilərə hüquq və qanunlar çərçivəsində yaşamağın, reinteqrasiyanın onların yeganə çıxış yolu olduğunu anlatmaq üçün bütün tribuna və vasitələrdən istifadə edir. Bu yöndə ən yüksək səviyyədə bəyanatlar verilib, Qarabağdakı dinc erməni əhalinin təhlükəsizliyinə təminat verildiyi dəfələrlə diqqətə çatdırılıb. Ancaq görünən budur ki, Ermənistandakı və Qarabağdakı revanşist, xəyalpərəst qruplar bu prosesin başlamasına imkan vermək istəmir. Ermənistan Laçınla sərhəddə günlərdir TIR şousu göstərir.

Ermənilər reallıqları qəbul etmək əvəzinə, yeni təxribatlara hazırlaşır və faktiki olaraq növbəti dəfə silahlı təxribatlar törədəcəklərini açıq bəyan ediblər. 
Ermənistandakı “Xaçlılar”  dəstəsinin komandiri Sarqis Poqosyan avqustun 8-də Azərbaycana qarşı savaşa başlayacaqları təhdidini edib. 
Poqosyan İrəvanda keçirilən aksiyada bildirib ki, Ermənistan hakimiyyətinə və Azərbaycan tərəfinə axşama qədər vaxt verirlər: “Əks halda biz mitinq iştirakçıları olaraq, Laçın dəhlizinə yürüş edəcəyik və yolda hərəkəti özümüz bərpa edəcəyik. Bunun üçün silah tapacağıq, biz döyüşçüyük. Qazandıqlarımızı (?!-red.) Azərbaycana təslim etməyə imkan verməyəcəyik”.
Hökumətdən heç bir cavab almayan erməni təxribatçılar gecə Kornidzor şəhərinə yola düşüblər.
Dəstənin üzvləri avqustun 9-da günorta saatlarında Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor şəhərinə çatıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, dəstənin “komandiri” Sərkis saylarının 150-yə yaxın olduğunu söyləyib.
“Burada mühit sakitdir. Gəlin bir az dincələk və sülhməramlılarla danışıqlara başlayaq. Nəticə olmasa, biz yolu güclə açmalı olacağıq, lakin bu, ən ekstremal variantdır”, - deyə Poqosyan əlavə edib.
Ermənistan dövlət səviyyəsində bu təxribat hazırlıqlarına dəstək vermiş kimi görünür, çünki Laçın yolundan qanunsuz yüklər daşımaq iddialarından geri durmurlar, qanuni yollarla - yoxlama nəzarəti ilə buraxılışdan yayınmaq üçün bütün provokasiyaları həyata keçirirlər. 
Beləliklə, artıq bu məsələdə kritik bir durum yaranıb: Əgər ermənilər silahlanıb Laçın yoluna basqın edərsə, Azərbaycan onlara necə cavab verməlidir? Bununla dərhal həm sərhəddə, həm də Qarabağın daxilində zatən çoxdandır gözlənilən anti-terror əməliyyatı başlaya bilərmi? Başqa həll yolu da görünmür. Çünki ermənilər heç bir anlaşmaya razı olmurlar.
2108575.jpg (30 KB)
Rövşən Məhərrəmov: “Xankəndi və ətraf ərazilərdə də hakimiyyətimizi quracağıq”
Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Qarabağda sülhün əldə olunmaması üçün bütün yollara əl atıldığını qeyd etdi: “Bilirsiniz ki, hazırda sülh razılaşması üç masada aparılır, Brüssel, Vaşinqton və Moskvada. Son olaraq, İlham Əliyev və Paşinyan arasında keçirilən görüşdə dövlət başçımız bildirdi ki, humanitar yardımın istiqaməti Ağdamdan Xankəndinə olsun. Bu təklifi Avropa nümayəndəsi Şarl Mişel qəbul etdi. O, bu təklifin müsbət olduğunu bildirdi. Amma biz bu təklifdən sonra nə gördük? Separatçı qüvvələr Qarabağda Ağdam-Xankəndi yolunu bağladılar, beton sədlər yerləşdirdilər və etiraz etdilər ki, bu yoldan istifadə etmək olmaz. Laçın koridoru isə onun nəticəsində bağlanmışdı ki, Ermənistan tərəfi Azərbaycanın dövlət sərhədində təxribat yaradırdı. Bu yolu bağlamaq çox vacib bir şərtə çevrilmişdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri qanunsuz formada həmin yolla mal keçirirdilər. Bu barədə də açıqlamalar oldu. Sərhədçilərimiz və gömrükçülərimiz bu istiqamətdə normal iş fəaliyyəti aparırdılar. Bu qanunsuzluqları aşkar etdikdən sonra bu istiqamətdə ciddi addımlar atıldı. Bütün qanunsuzluqların qarşısı yerindəcə Azərbaycan tərəfindən alınır. Bu məsələdə Ermənistan tərəfi bilərəkdən belə təxribatlar yaradırdı. Bununla bütün dünya ictimaiyyətini Azərbaycana yönəltməyə cəhd edirdi. Elə məhz bunun üçün də çirkin əməllərinin mexanizmini yenə işə saldılar. 19 idi, sonra da 2-si də artdı, hazırda bu sayda maşın sərhəddə gözləyir. Onlar guya Laçın koridoru vasitəsilə ”blokada"da olan Xankəndinə humanitar yardım aparırlar. Buna baxmayaraq, Azərbaycan tərəfi bu günlərdə 11 nəfər vətəndaşımız olan ermənini Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə ərazilərimizə buraxdı. Xəstə olanları isə Laçın buraxılış məntəqəsi ilə buraxdılar. Üçtərəfli masada danışıqların aparılmasında görürdük ki, Vaşinqton və Brüsseldə müsbət nəticələr var. Lakin Rusiya heç cür sülhün bərqərar olmasına razı deyil. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın fikirlərində gördük. O öz çıxışında bildirdi ki, Rusiyasız heç bir məsələ həll olunmur. İkinci məsələ isə hər hansı bir razılaşma əldə olunduğu halda keçmiş Qarabağın ərazisində vəziyyət daha da gərginləşəcək. Bununla Avropanın müdaxiləsini dolayısı ilə Rusiya XİN-in sözçüsü yersiz adlandırırdı. Belə bir absurd açıqlamalarla yaddaşda qaldı. Rusiya sülhməramlarını Azərbaycan ərazilərindən heç bir halda çıxarmaq fikri yoxdur. Bunun üçün də müddət yaxınlaşdıqca, gərginliyi artırırlar. Bu prosesin başında duran əsas müəlliflər isə Ermənistandan daha çox Rusiyadadır. Arutyunyan və Vardanyan artıq Paşinyandan deyil, Rusiyadan təlimat alırlar, Kremlin göstərişlərini yerinə yetirirlər. Belə bir vəziyyətdə əgər yürüş etsələr, hər hansı bir toqquşma olsa, silahlı qüvvələrimiz və daxili qoşunlarımız öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Bu sərhədlər dünya tərəfindən Azərbaycan sərhədləri kimi tanınıb. Qanunsuz sərhəd pozuntusuna imkan verməyəcəyik. Nəyin bahasına olursa olsun, bu imkanı onlara vermək olmaz. Azərbaycan xalqı dövlətimizin siyasətini bu istiqamətdə dəstəkləyir. Separatçılar daxildə hər hansı qanunsuz bir hərəkətə yol verdikləri halda silahlı qüvvələrimizin üzərinə hansı vəzifələr düşürsə, həyata keçirəcəklər. Lazım olduğu halda xüsusi və ya antiterror əməliyyatı həyata keçirilə bilər. Hətta lokal toqquşmaların olması da qaçılmazdır. Bunun müharibəyə çevrilməsi də ola bilər. Ordumuz kifayət qədər inkişaf edib, təcrübəli ordu kimi dünyada artıq tanınır. Müasir silahlarla təmin olunub. Silahlı qüvvələrimiz yenə də öz sözünü deyəcək. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməməyə davam edirlər. Atılan qanunsuz addımlara göz yumurlar, ara-sıra buna şərik də olurlar. Üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəcəkləri açıq-aydın görünür. Güman edirəm ki, Azərbaycan tərəfinin antiterror əməliyyatına başlaması qaçılmaz olacaq. Xankəndi və ətraf ərazilərdə sonda öz hakimiyyətimizi quracağıq. İndiyə qədər Azərbaycan bütün vasitələrdən istifadə etdi, amma separatçılar bütün təklifləri qəbul etmədilər. İkitərəfli görüşləri və.s nəzərdə tuturam. Bunu da unutmaq olmaz".
Ermənistana qarşı daha bir məhkəmə-təzminat tələbi
Şəhla Cəlilzadə: “Azərbaycanın qanuni sərhədlərini pozmağın nə ilə nəticələnəcəyini hər kəs bilir”
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Arutyunyanın əslində öz taleyini müəyyənləşdirdiyini söylədi: “Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan 2 gün öncə ictimaiyyətə açıqlama verdi və öz müqəddəratını təyin etmə niyyətlərindən imtina etməyəcəklərini, lazım gələrsə savaşacaqlarını bəyan etdi. Maraqlıdır ki, bu açıqlamadan sonra Qarabağdakı qondarma rejimin silahlı dəstəsi Laçın postuna doğru yürüş etmədi. Buna cəhd etməzlər. Vaxtı ilə 44 günlük müharibədə iştirak edən ermənilər bu açıqlamadan sonra ilhamlanaraq İrəvanda aksiyaya toplaşıb Laçın yolunu zor gücünə açacaqlarını bildirdilər. Bu, Ermənistan hökumətinin hazırkı mövqeyi ilə uzlaşmadığı üçün aksiya polis tərəfindən dağıdıldı və onların təyin etdiyi "son müddət" olan 8 avqust 18:00-da heç bir şey baş vermədi. Buna baxmayaraq, aksiyaçıların bir qismi hazırda Kornidzordadır və guya Laçın postuna yürüş edəcəklər. Təbii ki, bu, növbəti hərbi toqquşma və antiterror əməliyyatının başlanmasına səbəb olar. Xatırladaq ki, 44 gün ərzində 11 minədək Ermənistan ordusu mənsubu fərarilik  etmişdi. Sərhədin o biri tərəfində ermənilər TIR şousu, silah şousu keçirə bilərlər, lakin aydındır ki, Azərbaycanın qanuni sərhədlərini pozmağın nə ilə nəticələnəcəyini hər kəs bilir. Ermənistana mesaj verərək Azərbaycanla danışıqlarda “diqqətli olmağı” “tövsiyə edən” Arutyunyanın mövqeyinə gəlincə, bu açıqlamaları ilə taleyini müəyyənləşdirdi, yəni Xankəndidə Azərbaycan bayrağı qaldırıldığı gün o da hərbi tribunalda cəzasını alacaq"./“Yeni Müsavat”/скачать dle 12.1