Bia.Az

Dövlət Dumasının sədr müavininin təhdidinə Bakıdan SƏRT REAKSİYA

Gündəm
 21-07-2023, 15:18     302

Deputat: “Ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu üsulla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil”

“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər tərkibindəki ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”.

Bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa istiqamət yoxdur.
“Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, – deyə Tolstoy bildirib.
O qeyd edib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq. “Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.
Pyotr Tolstoyun bu açıqlamaları Azərbaycanda etirazla qarşılanıb.
huseyn.jpg (63 KB)
Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil, Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salır:
“Təəssüf ki, Rusiya Dumasında Rusiya-Azərbaycan münasibətlərinə zidd açıqlamalar verən, mövqedə olan Tolstoy kimi deputatlar var. Onların Rusiyadakı erməni oliqarxlar və erməni lobbisi ilə əlaqələri var, erməni oliqarxların maliyyəsindən qidalanırlar. Ona görə də vaxtaşırı anti-Azərbaycan fikirlər ifadə edirlər.
Tolstoy kimiləri unutmasınlar ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi, ənənələri, milli-mədəni irsi, görkəmli simaları var. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir və heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil. 32 ildir müstəqilliyini bərpa etmiş Azərbaycan müstəqil xarici siyasət yürütməyə üstünlük verir. Bu siyasəti kimlərsə Rusiyaya qarşı siyasət kimi qəbul edirlərsə, səhv edirlər. Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir. Başqa ölkələrin xarici siyasətinə, istiqamətinə qarışmadığımız kimi, heç kimə də o hüququ tanımır bizim xarici siyasətimizə qarışsın. Azərbaycan beynəlxalq birliyin tam hüquqlu üzvüdür. Siyasətində müstəqildir. Tolstoy Azərbaycanı öz forpostları Ermənistanla eyniləşdirirsə, böyük səhvə yol verir. Qeyd etdiyimiz kimi, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan siyasətçilər mövcuddur. Təəssüf ki, Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Tolstoyun bu cür açıqlamalar verməsi müstəqilliyi Rusiya tərəfindən tanınan dövlətlərin müstəqilliyinə qarşı olan fikirlərdir. Bu cür fikirlər ölkələrimiz arasında münasibətlərə müsbət nə isə verməz. Rusiyanın dünyanın əksər dövlətləri və təşkilatları ilə ciddi problemləri olduğu bir vaxtda Tolstoy kimi siyasətçilərin davranışları bu ölkəyə əlavə problemlər yaradır”.
Deputat qeyd edib ki, eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir:
“Rusiya XİN-in son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların hardan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir. Lakin Azərbaycan bu cür ittihamları və iddiaları qəbul etmir. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlət kimi öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruru prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu üsulla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil. Azərbaycanın müstəqil dövlət olduğunu və müstəqil yaşadığını heç kim gözardı etməməlidir”.//Musavat.comскачать dle 12.1