Bia.Az

İranda gizlənən Rufulla Axundzadənin “qətl siyahısı”

Gündəm
 17-05-2023, 11:31     328

Rufulla Axundzadə və oğlu həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin, ictimai xadimlərin siyahısını, onların anket məlumatlarını, yaşayış və iş yerlərinin ünvanlarını Azərbaycandakı qrup üzvlərinə təqdim edib

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda deyilir:  “İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.
Bundan başqa R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qısas 313" adlı qrupnun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.
İranın “Kərimə dövləti” xəyalı puç oldu...
 Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərait yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsəddilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar. R.Axundzadə həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.
R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluğun rəsmi məlumatına əsasən, 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara Rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Rufulla Axundzadənin yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1", 4 ədəd "RQD-5" tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetlər aşkar edilərək götürülüb.

Rufullah Axundzadə həbsdə olarkən də ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana gedib. O, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.
R.Axundzadə İranda yaşayan və “Kərimə” dövlətinin əsas “ideoloq”larından olan Tohid İbrahimbəylinin qayınatasıdır. 1 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə necə olub ki, azadlığa çıxıb?  Bu suala ötən saylarımızın birində hüquq müdafiəçisi Novella Cəfəroğlu aydınlıq gətirmişdi. N.Cəfəroğlu demişdi ki, Rufulla Axundzadənin adı Sülh və Demokratiya İnstitutunun siyahısında olub.
R.Axundzadənin digər oğlu Məhəmmədəli Axundzadə də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) ittiham olunaraq 30 iyun 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./“Yeni Müsavat”/скачать dle 12.1