Bia.Az

Simonyan Ankarada, Türkiyə isə Ermənistanla hava məkanını bağladı - İrəvana solaxay sillə...

Gündəm
 4-05-2023, 13:11     358

Paşinyanın Türkiyə ilə sərhəddə gömrük postu tikməyə vəsait ayırdığı, erməni spikerin türk həmkarı ilə görüşəcəyi ərəfədə Ermənistan cığallıq etdi və “Nemezis” abidəsinə görə cavabını aldı; Çavuşoğludan sərt xəbərdarlıq: “Ermənistanla münasibətləri Azərbaycanla koordinasiya edirik”, bəs İrəvan başqa yol qalmadığını anladımı?

Erməni mediası parlamentin nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yollandığını xəbər verib. “Yeni Müsavat” yazır ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları müxalifətdəki həmkarlarını da səfərdə iştirak etməyə çağırıb. Heyətin Ankara səfəri zamanı bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edir. Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq. Simonyan Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşəcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib. Bu səfər Ankara-İrəvan münasibətlərində yeni səhifə açır.
Lakin Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti İrəvan-Ankara birbaşa reysi olmadığından spiker hökumət təyyarəsi ilə Türkiyəyə gedəcək. Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. “Ermənistan Milli Assambleyasının sədri dünən bu məlumatı şərh etmək istəməyib. Hakim "Mülki müqavilə" partiyasının üzvləri Babken Tunyan və Gevorq Papoyan da Ankaraya gedəcək. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Assambleyasında sədrliyin Ermənistana keçə biləcəyi ehtimalından da xəbər tutduq. İndi növbə Ukraynadadır, lakin müharibəyə görə Kiyev bundan imtina etmək niyyətindədir”, - “Hraparak” əlavə edib.
İkinci Qarabağ savaşından sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da müzakirə predmetidir. Bununla bağlı ayrıca komissiyalar da yaradılıb. Ancaq qardaş Türkiyə hər zaman Ermənistanla sərhədlərin açılmasını Azərbaycanın mövqeyi ilə uzlaşdırıb. Yəni bu o deməkdir ki, Ermənistan sülhə gəlməyincə, təxribatlara son qoymayınca, Türkiyə ilə də münasibətlərin normallaşması mümkün olmayacaq. Artıq sülh danışıqları başlayıb və paralelində də erməni deputatların Türkiyəyə getməsi ümumi bir müsbət tendensiyanın ortada olduğunu göstərir. Belə iddialar da var ki, artıq sərhədlərin açılması istiqamətində danışıqlar da başlayacaq.
Ermənistan Türkiyə ilə sərhədində gömrük postunun tikintisinə başlayıb. Bunun üçün ölkə xəzinəsindən vəsait ayrılıb. İrəvan anlayır ki, Ankara ilə münasibətləri yaxşılaşdırmağın alternativi yoxdur və onun avrointeqrasiya qapısı buradan keçir. Maraqlıdır, Paşinyan səmimi şəkildə Ermənistanın reallıqlarla barışmaqdan başqa yolu qalmadığını anlayıbmı? Erməni deputatların Türkiyə səfəri necə şərh edilməlidir? 
Mövlud Çavuşoğlu: Ehtiyac duyduğumuz çadır və digər ləvazimatlar  Azərbaycandan fasiləsiz gətirilir - AZƏRTAC
Mövlud Çavuşoğlu

Amma belə bir vaxtda Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb. Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, bununla belə, Alen Simonyanın Türkiyənin hava məkanından istifadə etməsinə icazə verilib. Çünki Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak edəcək və bu, beynəlxalq tədbirdir. Nazir deyib ki, Ermənistanın üçüncü ölkələrə uçuşları üçün hava məkanı bağlanıb. Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir. Türk diplomat əlavə edib ki, hava məkanının qapadılmasından başqa da nə lazım olsa, onu edəcəklər. “Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”. Çavuşoğlu bunu da deyib. O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”. Çavuşoğlu bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirlər. Sitat: “Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə qondarma "soyqırımı" qəbul edin deyib, nə də biz onlara bundan vaz keçin demişik". Türkiyə XİN rəhbəri vurğulayıb ki, İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması ilə Ermənistan xoşniyyətli olmadığını göstərir.
Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO
 Xəyal Bəşirov 

Bu mövzuda “Yeni Müsavat”a danışan siyasi şərhçi Xəyal Bəşirov  yeni gərginlik və Türkiyənin Ermənistan üçün hava məkanını bağlaması haqda qeyd etdi ki, qardaş ölkədə seçkilərə az qalıb. Onun sözlərinə görə, Ərdoğanın seçilməsinə qarşı olan qüvvələr var və biri də Fransadır. “Məlumdur ki, Ermənistan da Fransanın təsiri altında olan ölkədir. İrəvan özü kiçik olsa da, böyük oyunlara alət olmağı sevir. Paşinyan hakimiyyətinin bu addımları Ərdoğan iqtidarının seçki ərəfəsində gözdən salınmasına hesablanıb. "Nemezis" yunan ilahəsinin adından götürülüb və ötən əsrin əvvəllərində türk paşaların və azərbaycanlı vəzifəli şəxslərin öldürülməsi üçün bu adla əməliyyatlar keçirilib. İndi “Nemezis” abidəsinin ucaldılması münasibətlərin normallaşmasına mane olmaqdır. Türkiyə Ermənistana bir jest edib hava məkanını açmışdı, amma İrəvan səmimi görünmür. Ermənistan məkrli siyasət aparırsa, o zaman cavab alacaqlar. Hava məkanının bağlanması ən doğru addımdır. Çünki Ermənistan oyunun aləti olduğunu nümayiş etdirdi", - deyə ekspert açıqladı.
Siyasi şərhçi hesab edir ki, türk və erməni rəsmilərinin görüşlərinin olmasına baxmayaraq, o demək deyil ki, problem həllini tapacaq. X.Bəşirovun fikrincə, Ankaranın şərtləri yerinə yetirilməsə, İrəvan Türkiyədən heç nə ala bilməyəcək: “Faktiki olaraq, Ermənistan Azərbaycanın sülh təklifləri ilə bağlı real addımlar da atmayıb. Ankara bunu görməkdədir. Bəzilərinin fikrincə, hava məkanını bağlamaqla Türkiyə iqtidarı seçkiqabağı guya reytinq toplamağa çalışır. Mən belə düşünmürəm və Ermənistan nə qədər özünü pis aparacaqsa, cavabı olacaq. Hər halda, Ermənistan bu qərarları başa düşüb. Sadəcə, Paşinyana müxalif qüvvələr informasiya yayıb ki, baş nazirin 1 iyunda ad günüdür deyə həmin tarixdə Ermənistanla Türkiyə sərhədi açılacaq. Həmin dairələr hazırlaşıb ki, əgər bu addım atılarsa, Paşinyanı milli \maraqlara xəyanət etmiş lider kimi xalqa təqdim etsinlər”./musavat.com/скачать dle 12.1