Bia.Az

"Komandir mənə söykən, bədənimin istisi sənə keçsin..." - Xüsusi təyinatlıların günü

Gündəm
 3-05-2023, 16:57     283

Xüsusi Təyinatlılar ailəsi

Onlarla xidmət aparmaq...



Laçın dəhlizindəki çətin tapşırığa qədər haqlarında çox eşitsəm də onlarla yolum kəsişməmişdi.

Dəhliz əməliyyatı və sonrasında onlarla xidmət aparmaq, döyüş əməliyyatlarında iştirak etmək mənim həyatımın ən çətin, ən şərəfli, ən anlamlı və heç vaxt unuda bilməyəcəyim anlarıdır.

O vaxta qədər bir çox döyüş əməliyyatlarında iştirak etsəm də, tam disiplinli, əsl döyüş birləşmələri ilə birlikdə döyüşmək tamam ayrı hissdir. Bu, sanki ölümə meydan oxumaq kimi bir şeydir.

Yüzdəyüz ölüm riski daşıyan hər bir tapşırıq ən incə detallarına qədər hesablanır, keçilməsi mümkünsüz yollar ağla gəlməyən üsullarla keçilirdi.

Onları fərqləndirən də elə budur. Hər kəsin etməyə cəsarət edə bilməyəcəyi üsullar...

Şuşanın fəthi!

Vaxtı ilə Fateh Sultan Mehmet gəmilərini quru yolla keçirib İstanbulu fəth etmişdi.

Deyərdim ki, Şuşa əməliyyatı da o şanlı tarixin bir bənzəri və təkrarıdır. Tarix boyu türklər qeyri-bərabər güc nisbətində öz dərin düşüncə tərzləri və yüksək taktiki manevr qabiliyyətləri ilə hər zaman seçilmişlər. Kökümüz nədirsə, biz də oyuq.



Düşmən öz ölüsünün altına, biz ölünü tərpədəndə partlasın deyə, bomba yerləşdirir və daha necə iyrənc planlar qururdu. Qalib gəlmək üçün əl atmadıqları çirkin oyun qalmırdı. Bizlər isə nəyin bahasına olursa olsun, nəinki yaralılarımızı, hətta Şəhidlərimizi belə döyüş meydanında buraxmırdıq.

Bu, indi sadə səslənə bilər, amma ölümə meydan oxumağın bir başqa adı da, məhz budur! Bizi biz edən, düşməndən fərqləndirən ən başlıca amil.

Məsafələr uzaq, yollar yorucu və təhlükəli olsa da, yaralı olan qardaşlarımızın, yaraları daha da incinməsin deyə, elə incəliklə daşınırdı ki...

Bir bilsəniz, yaralı daşımaq nə deməkdir?! Necə çətindir?!.

Yaxşı yadımdadır, Şuşa ətrafında meşədə təhlükəsiz yer tapıb yaralılarımızı yerləşdirdikdən sonra, bir neçə nəfərimiz su axtarışına çıxmışdı. Əllərində enerji içkisinin qabında su doldurub geri gəlmişdilər.

Su soyuq olduğu üçün od qalayıb isidib yaralı olanlarımızın bir çoxuna su vermişdik. (Elə yaralılarımız var idi ki, onlara su vermək olmazdı... Niyyətim oxuyanların ürəklərini incitmək deyil, amma reallıq budur).

Hamımız susuzluqdan əziyyət çəksək də, su az olduğu üçün səsimizi belə çıxarmamışdıq.

İtgin düşəndən sonra saçlarım ağarmış, üzümün də hədsiz dərəcədə tüklü olduğu üçün xeyli yaşlı görünürdüm. Onlar mənə "ağsaqqal" deyə, müraciət edirdilər.

İçlərində ən yaşlısı idim. Ağsaqqal deməklərinə baxmayaraq, mən onlardan öyrənirdim. Sədaqəti, dostluğu, mərdliyi... Və bir çox şeyi...

Gecələr dözülməz olurdu. Sulu paltarlar, dayanmayan yağış, şaxtalı hava...

Paltarlarmızı çıxarıb, yaralılarımızın üzərlərinə örtürdük. Qanayan yaralarına məlhəm ola bilməsək də, əlimizdən təkcə bu gəlirdi.



Bir dəfəsində yaralılardan biri titrətdiyimi görüb, "Komandir mənə söykən, bədənimin istisi sənə də keçsin" dediyində, utandığımdan yerə girmişdim...

O anı unutmaq mümkün deyil. Yaralı əsgərlərimiz öz yaralarını unudub, bizləri düşünürdü...

Qələbə nədir? Bu sual başımda fırlananda "Qələbə məhz budur, elə budur!" deyirəm. Başqa adı yoxdur bunun.

Yaşlanacağam, illər gəlib keçəcək, amma mən, o anı nə unuda, nə də ki, sözlərlə ifadə edə biləcəyəm. Bu, sadəcə, mümkün deyil. Qələm acizdir bu mövzularda...

Əllərim tutmurdu, dişlərim bir-birinə dəyməkdən sınmaq həddinə gəlmişdi. Söykənmişdim o əsgərə və isinmişdim. Utana-utana isinmişdim... Can şirindir axı... Bir anlıq təsəvvür etməyə çalışın...

Həmin gecəni düşmən yerimizi müşahidə edib, üzərimizə raketlər yağdırmışdı. Bir-birimizə söykənib, "indi üzərimizə düşəcək", "birazdan düşəcək" düşüncəsiylə sabahı açmışdıq.

Həyatımın heç bir anında onlara birlikdə keçirdiyim günlərdəki kimi birlik, bərabərlik, dostluq və ən əsası şərəfli ölüm görməmişdim.
Ölüm dediyin nədir ki?! Bir gün hər kəs dadacaq. Amma şərəfli ölüm bir başqa şeydir!..

Bu gün onların bayramıdır. Hikmət bəy başda olmaqla, bütün XTQ ailəsini təbrik edirəm! Sizlər mənə doğmasınız, əzizsiniz!

Təşəkkür edirəm. Vətən sevginizə, sədaqətinizə, şərəfinizə, ölümə dik baxışınıza... Hər şeyə görə!..

Vətən torpaqlarımızın düşmən işğalından azad edilməsi əməliyyatlarında sizinlə birlikdə döyüşmək mənim üçün böyük qürur hissidir və mən, bundan şərəf duyuram.

Sizdən öyrəndiyim və hər dəfə ürəyimdən qoparaq gəlib, dediyim bir cümlə var:

"Mənim sədaqətim mənim şərəfimdir"!

Şərəfli işinizdə uğur daim sizinlə olsun, əziz Xüsusi Təyinatlı Qüvvələrimiz!

İqbal SƏFƏROV


00100


скачать dle 12.1