Bia.Az

ABŞ-ın "Qafqaz canişini"nin Bakıya qəfil səfəri

Gündəm
 19-04-2023, 10:01     334

Vaşinqton bizdən nə istəyir?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono gözlənilmədən Bakıya gəlib.  Qeyd edək ki, Lui Bono cəmi bir ay əvvəl Bakıda olmuşdu, buradan Ermənistana getmişdi. Lui Bono  onun səfər günlərində ölkədən kənarda olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş üçün yenidən Bakıya qayıtmışdı. Luis Bono İrəvanda olarkən “Azatutyun”a müsahibəsində “Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir” demişdi ki, bu da Bakıda birmənalı mənfi rəy yaratmışdı.
İndi qısa fasilədən sonra ABŞ rəsmisi yenidən Bakıya gəlib. XİN-in məlumatına görə, aprelin 17-də görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.
Lui Bono Qafqaz danışıqları üzrə baş müşavirdir və səlahiyyətlərinə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aparılması deyil, bütövlükdə Qafqazda baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq daxildir. Qafqaz və ətraf bölgələrdə isə kifayət qədər ciddi proseslər baş verir. Son aylar İranın sərgilədiyi aqressiv davranışlar, Ermənistanın erməni icmasının nümayəndələri ilə reinteqrasiya məsələləri ilə bağlı təmas prosesini pozmaq üçün həyata keçirdiyi təxribatlar bölgədə olduqca həssas bir atmosferin yarandığını söyləməyə əsas verir. Bu baxımdan, Lui Bononun Cənubi Qafqazın bütün istiqamətlər üzrə aparıcı gücü və bölgənin barometri olan Azərbaycanda müzakirə edə biləcəyi mövzuların siyahısı əlbəttə ki, kifayət qədər genişdir. Bu həm də ABŞ-ın, daha öncə bəyan edildiyi kimi, qlobal proseslərdə daha fəal şəkildə iştirak edəcəyi barədə müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi kimi də dəyərləndirilə bilər.
ABŞ canişininin qısa müddətdə iki dəfə Bakıya səfər etməsi nədən xəbər verir? Bununla ABŞ Azərbaycan üzərindən bölgədə mövqelərini gücləndirməyə çalışır, yoxsa başqa məqsədlər də var?
Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az
 Anar Əliyev 
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Bakıya səfər edən ABŞ dövlət katibinin baş məsləhətçisi Azərbaycan tərəfindən artıq mövcudluğu qəbul edilməyən, amma bir sıra Qərb dövlətləri, eləcə də ABŞ tərəfindən hələ də fəaliyyətinə tam xitam verilmədiyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi qiymətləndirilən Lui Bonodur: "Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı vacib detalların müzakirə olunması və çox ciddi nəticələrin əldə olunması ilə bağlı informasiyalar yayılmaqdadır. Xatırlatmaq istəyirəm ki, Lui Bono mart ayının əvvəllərində də Bakıya səfər etmişdi. Bundan sonra isə İrəvana səfər edən Bono təəssüf ki, Cənubi Qafqazda sülh prosesinin tənzimlənməsinə kifayət qədər ciddi zərbələr vura biləcək reallıqların diktə etdiyi şərtlərə uyğun olmayan fikirlər səsləndirmişdi. Ermənistan mətbuatına müsahibəsində Lui Bono Ermənistanla Azərbaycan arasında sülh prosesinin və sülh gündəliyinin ruhuna zidd fikir səsləndirərək "Ermənistanla Azərbaycan arasında davamlı, balanslı  və möhkəm sülhün əldə olunması üçün Dağlıq Qarağın da taleyi ilə bağlı məsələlər müzakirə olunmalı və sülh müqaviləsində əks olunmalıdır" kimi absurd fikirlər dilə gətirmişdi. Eyni zamanda həmin şəxs yanvar ayında dövlət katibi Entoni Blinkenin səsləndirdiyi çıxışından sitat gətirərək Laçın yolu ilə bağlı məsələlərə toxunmuş və Blinkenin də qeyd etdiyi kimi, “Laçın yolu, dinc sakinlər, mülki vətəndaşlar və komersiya məqsədləri üçün açıq olmalıdır” kimi absurd fikirlərini bildirmişdir. Qeyd edim ki, nə yanvar ayında Blinken bu fikri səsləndirərkən, nə də mart ayında müsahibəsində “kommersiya məqsədləri” deyilərkən bu terminin altında nələrin nəzərdə tutulduğunu, nələrin ehtiva olunduğunu izah etməmişdi. İndi də qısa bir müddət sonra planlaşdırılmayan belə bir səfərin edilməsi həm də ermənipərəst bir diplomat kimin tanınan şəxsin bölgəyə səfər etməsi, Amerikanın son dövrlər bölgədə aktivləşməsi, fəallaşması və Cənubi Qafqazdakı proseslərə təsir etmək imkanları istiqamətində daha böyük iddialarla çıxış etməsi ilə əlaqələndirilir. Eyni zamanda hesab edirəm ki, bu, həm də Rusiyanın bir çox istiqamətlərdə və bir çox bölgələrdə sıxışdırılıb çıxarıldığı mövqelərə Amerikanın sahiblənmək istəyi ilə bağlıdır".
Politoloq vurğuladı ki, Amerika ciddi şəkildə Qərb müttəfiqləri ilə birgə Rusiyanın dünyanın müxtəlif bölgələrində təsir imkanlarını zəiflətməklə həmin boşalan mövqelərə özünün daxil olmasını və həmin ərazilərdə təsir imkanlarını genişləndirməyi planlaşdırır. Ona görə də bu istiqamətdə addımlarını daha da aktivləşdirib: “Amma təbii ki, ABŞ da, Lui Bono da çox yaxşı bilməlidirlər ki, bu gün Cənubi Qafqazda mövcud olan reallıqların diktə etmədiyi hansısa absurd fikirlər, şərtlər irəli sürmək heç bir halda bölgədə sülh prosesinin təmin olunmasına xidmət edə bilməz. Əksinə, Ermənistan cəmiyyətində yenidən yanlış təsəvvürlərin, xülyaların formalaşması və bu xülyalar üzərindən revanşizm düşüncələrinin genişlənməsinə sas vermiş olurlar. Bu isə təbii ki, bölgədə konfrontasiya mühitini qoruyub saxlamağa çalışan və bununla da öz maraqlarını həyata keçirmək istəyən Rusiya kimi, İran kimi dövlətlərin maraqlarına daha çox uyğundur. Bunu ABŞ rəsmiləri də davamlı şəkildə diqqətdə saxlamalıdırlar. Bu gün yalnız Azərbaycanın diktə etdiyi, Azərbaycanın irəli sürdüyü, 2020-ci ildən sülh danışıqlarının əsas predmeti kimi qəbul edilən 5 təməl şərtlər üzərindən danışıqlar prosesi irəli aparıla bilər. "Dağlıq Qarabağ" deyilən bir subyekt Azərbaycan daxilində mövcud deyil. Amerikalı diplomat da belə terminlərdən istifadə edərkən eyni zamanda “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsində öz əksini tapmalıdır” kimi təhlükəli və absurd bəyanatlar verərkən daha diqqətli olmalıdır".
A.Əliyev xatırlatdı ki, Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyinin təmin olunmasının Azərbaycanın daxili işi olduğunu və bu hüquqların təmin edilməsinə hazır olduğunu bəyan edib: “Lui Bononun da etiraf etdiyi kimi, Azərbaycan artıq Münhen təhlükəsizlik konfransında üzərinə götürdüyü şifahi öhdəliyi Qarabağdakı ermənilərlə, erməni icmasının nümayəndələri ilə Azərbaycan dövlətinin danışıqlar aparmaq səlahiyyətinə sahib nümayəndə təyin edəcək öhdəliyini yerinə yetirmək istiqamətində addımlar atıb-nümayəndə artıq təyin olunub. İlk görüş də erməni icmasının nümayəndələri ilə keçirilib. Amerika unutmasın ki, növbəti görüşlərin baş tutmamasının əsas günahkarı məhz Ermənistan və Qarabağdakı separatçı ermənilərdir. Ona görə də bölgədə sülhün təmin olunması istiqamətində səmərəli, nəticəyönümlü və səmimi davranış nümayiş etdirmək istəyirsə, biz Lui Bonodan, Amerika dövlətindən reallıqların diktə etdiyi şərtlərə uyğun davranış nümayiş etdirmələrini gözləyirik. Yalnız bu halda ABŞ bölgədə sülhün təmin olunmasına özünün böyük imkanları daxilində töhfə vermiş olardı”. /“Yeni Müsavat”/скачать dle 12.1