Bia.Az

Daşnaklardan son döyüş qərarı - Ermənistanın “tabutu”na axırıncı mismarı onlar vuracaq

Gündəm
 5-04-2023, 12:40     280

“Məxməri inqilab”ın 5-ci ildönümünədək İrəvanda vəziyyət qarışa bilər; kapitulyant ölkədə radikal-revanşist müxalifət Paşinyana qarşı taktikanı dəyişdi; rusiyayönlü müxalifət daşnaklara dəstək olacaqmı...

Azərbaycan-Ermənistan danışıqlarında pauza böyüyür. Böyüdükcə də iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimalı azalır, yeni hərbi toqquşma riski isə artır. Lakin bu, heç də o anlama gəlmir ki, baş nazir Nikol Paşinyan və hökumətinin daxili dayaqları da möhkəmlənir.
Məsələ ondadır ki, ölkədəki radikal-revanşist müxalifət sülh sazişinin yubanmasını həm də öz uğuru kimi təqdim edir. Eyni zamanda o, Paşinyanı hələ də Azərbaycan və Türkiyənin ortaq sülh gündəminə xidmət eləməkdə, erməni maraqlarını, “artsax”ı satmaqda suçlayır.
Hərçənd baş nazirin mövqeyi heç də sülhpərvər sayılmaz. Ən əvvəl ona görə ki, rəsmi İrəvan sülh anlaşmasının özəyini təşkil etməli olacaq beynəlxalq prinsipdən - ərazi bütövlüyünün qarşılıqlı tanınmasından 3 ildir müxtəlif bəhanələrlə yayınır. Bu isə faktiki onu da ölkədəki “müharibə partiyası”nın ideya ortağı edir.
Bu arada Ermənistanda radikal-revanşist müxalifətin Paşinyan hakimiyyətinə qarşı son döyüşə hazırlaşdığı məlum olub.   
İşxan Sağatelyan — Vikipediya
İşxan Saqatelyan
“Ermənistanda müxalifət yaxın vaxtlarda küçə döyüşlərinə başlaya bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan parlamentində “Hayastan” fraksiyasından olan deputat, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.
“Biz qüvvələri birləşdirməliyik, gündəmi dəyişməli və bunlardan (hakimiyyətdən) qurtulmalıyıq ki, ölkəni xilas edə bilək. Müxalifət küçə mübarizəsindən əl çəkib klassik müxalifətə çevrildiyi, özünü parlament fəaliyyəti ilə məhdudlaşdırdığı andan öz əsas gündəliyindən, hədəfindən uzaqlaşacaq. Biz bu vəziyyətə dözmək və növbəti seçkilərə hazırlaşmaq fikrində deyilik, çünki növbəti seçkilərə qədər ölkəmizdən heç nə qalmayacaq”, - deyə İşxan Saqatelyan ənənəvi pafoslu çıxışında öz zavallı xalqını qorxutmağa çalışıb.
Guya Azərbaycan və Türkiyə ilə barışıq Ermənistanın onsuz da kağız üzərində olan dövlətçiliyinin də axırına çıxacaq...
Yada salaq ki, bundan bir neçə gün öncə Saqatelyan hakim komandanı növbəti dəfə xəyanətdə ittiham edərək, Azərbaycana qarşı erməni xalqını müharibəyə çağırmışdı. İndi isə “küçə döyüşləri”nin anonsunu verir.
Göründüyü kimi, daşnaklar öz həmişəki qeyri-tolerant, dağıdıcı mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoymağa hazırlaşırlar. Nə demək bu? İlk növbədə o demək ki, Ermənistanın simvolik dövlətçiliyinin “tabutu”na sonuncu mismarı elə radikal müxalifət, özəlliklə daşnaklar vura bilər. Çünki sonuncuların hakimiyyətə gəlişi məhz bu anlamı verəcək.
Sadə səbəbə: əsrlərdir anti-Türk isteriyası ilə erməni toplumunu normal millət olmağa qoymayan, onu mənəvi terror edən bu radikal, xəstə təfəkkürlü qüvvə və onu dəstəkləyənlər, maliyyələşdirənlər hakimiyyəti ələ keçirən kimi 10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya sənədini etibarsız elan edəcək və pis-yaxşı hazırkı sülh platformasını tamamilə sıfırlayacaqlar. Ardınca növbəti müharibə qaçılmaz olacaq. Yəni Ermənistan öz günahı üzündən daha bir ağır zərbə alacaq və yeni sarsıntı zolağına girəcək.
Ermənistanda növbəti inqilabın növbəti mərhələsinin SXEMLƏRİ
Böyük ehtimalla, radikal müxalifətin əsas sürprizi  “məxməri inqilab”ın 5-ci ildönümü və N.Paşinyanın ilk dəfə baş nazir seçildiyi (2018) günə - mayın 8-nə təsadüf edəcək. Ancaq erməni cəmiyyəti radikal-revanşist müxalifətin dalınca gedib ona dəstək olacaqmı?
Çox şey yəqin ki, bu sualdan asılı olacaq. Doğru, erməni cəmiyyətində Türkə, Türkiyə və Azərbaycana nifrət hələ də güclü olaraq qalır. Bunu vaxtaşırı keçirilən rəy sorğuları da təsdiqləyir. Ancaq 44 günlük müharibədə “ağzı yanan” xain qonşular yeni genişmiqyaslı savaşdan qorxurlar. Bu da var. Məhz bu səbəbdən 2021-ci ilin növbədənkənar parlament seçkilərində kapitulyant Paşinyanın partiyası təzədən qalib gəlmişdi. Hərçənd 44 günlük müharibədən ötən iki il yarımda Nikol Paşinyanın özü də Azərbaycanla, Türkiyə ilə barışıq üçün, sülh anlaşmaları üçün yetərli addımları atmayıb. Yalnız ümumi sözlər, boş bəyanatlar.
O da var ki, Rusiya “qərbyönlü” Paşinyanın devrilməsində maraqlıdır. Lakin Moskva onu daşnak birisinin deyil, moskvayönlü Köçəryan-Sərkisyan cütlüyünün nəzarətindəki düşərgənin hansısa nümayəndəsinin əvəzləməsini istəyir. Bu mənada daşnakların küçə mübarizəsinə rusiyayönlü müxalifətin dəstək verib-verməyəcəyi az önəm kəsb eləmir.
Xatırladaq ki, ötən il hər iki qüvvənin hakimiyyətə qarşı apardığı və aylarla davam edən dinc mübarizəsi, mitinqlər və küçə yürüşləri, oturaq aksiyaları, habelə Paşinyanın terrorla hədələnməsi heç bir nəticə vermədi. Çünki yetərli kütləvilik olmadı. Erməni toplumu “iki pisdən ən yaxşısı” kimi yenə Paşinyanı seçdi. Bu dəfə necə olacaq? Görəcəyik.
Saqatelyanın söylədiklərindən aydın olan həmçinin budur ki, radikallar ictimai dəstəyə hələ də bir elə əmin deyillər və ona görə taktikanı dəyişmək qərarı veriblər. Bura həmçinin fiziki terror üsulları daxildir - hansıları ki, “Daşnaksütyun” üzvləri və tərəfdarları yaxşı bacarır. Onlar xüsusən də hakimiyyətin Azərbaycanla hər hansı sənədi imzalaması ərəfəsində cəmiyyətin “saqqızını oğurlamağa” cəhd edə bilərlər. Fərq eləməz, təşəbbüskar Qərb olsun, yoxsa Rusiya. Çünki daşnaklar və onların müxalifətdəki müttəfiqləri “sülh partiyası” deyil, heç vaxt da olmayıblar.../“Yeni Müsavat”/скачать dle 12.1