Bia.Az

“STƏKANDA FIRTINA” – Xankəndindəki hərbi xunta necə dağılır?

Gündəm
 16-01-2023, 14:30     258

“Bir neçə gündür ki, Qarabağ erməniləri arasında “dağılma” kimi qələmə verilə biləcək proseslər gedir. Bunlar dekabrın 12-dən etibarən Laçın yolunda keçirlən aksiya və həmin tarixədək mövcud olmuş rejimə artıq qayıtmağın mümkünsüzlüyü fonunda baş verir. Yeni reallıq məntiqlə Ermənistanın və Qarabağ ermənilərinin normal mövqeyini formalaşdırmalı idi. Lakin məlum oldu ki, Vardanyanın “mübarizə haqqında” təxribat xarakterli bəyanatlarından əlavə, Paşinyanın xətti ilə ziddiyyət təşkil edən alternativ fikirləri də var”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Xankəndində baş verən hadisələri şərh edərkən bildirib. 


Onun sözlərinə görə, Vitalı Balasanyanın “təhlükəsizlik şurasının katibi” vəzifəsindən uzaqlaşdırılması və ardınca onun haqqında informasiyaların yayılması şəxslər arası açıq qarşıdurmaya səbəb olub. “Əsas aktyorların mesajlarını səsləndirən blogerlər və siyasətçilər də bir-birlərinə qarşı hərəkətə keçiblər”, - o qeyd edib.

Təhlilçi vurğulayır ki, proseslərin mərkəzində Qarabağ ermənilərinə rəhbərlik edən hərbi xunta nümayəndələrinin cavab verməli olduğu suallar dayanır: Bakı ilə əlaqə saxlayacaq şəxs kim olacaq? Bakının tələbləri ilə bağlı nə edəcəklər? Yaxın gələcəkdə hansı mövqedə olmaq lazımdır? Onun sözlərinə görə, bu sualların cavabları ətrafında çoxlu spekulyasiyalar var, ona görə də onların ətrafında vəziyyəti aydınlaşdırmaq lazımdır.

Bakı ilə əlaqə saxlayacaq şəxs kim olacaq?

F.Məmmədov qeyd edir ki, Ruben Vardanyanın meydana çıxması və “hakimiyyəti” qəsb etməsi “dövlət naziri” vəzifəsini əsas vəzifəyə çevirdi. Onun sözlərinə görə, Bakı Vardanyanı rədd etdi və onunla ən aşağı səviyyədə olsa belə danışmayacağını açıqladı: “Bu situasiyada da Bakının əlaqə saxlamağı mümkün hesab etdiyi nümayəndə vəzifədə qala bilərdi. Lakin Vardanyan mövcud əlaqələri kəsib və hər şeyi öz əlinə aldı. Buna cavab olaraq Bakı Vardanyandan Qarabağı tərk etməyi tələb edib. Yəni Rusiyanın əsas əlaltısının Azərbaycan ərazisində olması onunla hər hansı əlaqəni mümkünsüz edir. Bu səbəbdən də informasiya mühitində Vardanyanın istefaya göndərilməsi ilə bağlı açıq çağırışlar səslənir. Axı, onu istefaya göndərmək Arayik Arutyunyanın səlahiyyətindədir. “Dövlət naziri” vəzifəsi səlahiyyətlərlə süni şəkildə şişirdilsə də, seçilmir, təyin edilir. Burada “daxili işlər naziri” Karen Sarkisyanın simasında əvəzedici tapdılar. Yeri gəlmişkən, o çox maraqlı bir fiqurdur... Robert Koçaryanın dövründə onun baş mühafizəçisi olub, Qarabağda “fövqəladə hallar nazirliyi”nə rəhbərlik edib. Müharibə zamanı isə ölənlərin cəsədlərini axtarmaq üçün Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. “Mən fiziki təmas qurmalı oldum, 1700 cəsəd təhvil verildi”, - Sarkisyan demişdi. Onun Rusiya sülhməramlılarının yanında, ofisində çoxsaylı fotoları var”.
Təhlilçi vurğulayır ki, əgər dünənki çaxnaşmadan sonra Vardanyan öz postunda qala bilsə, o zaman Bakı sadəcə olaraq əlavə addımlar – atmalı olacaq.

Bakının tələbləri nədən ibarətdir?

F.Məmmədov xatırladır ki, hazırda Qarabağdakı mədənlərdə infrastrukturun sökülməsi ilə bağlı məlumatlar yayılır: “Birincisi, bu, istehsal müəssisələrinin yığılması və sökülməsi üçün hazırlanmış avadanlıqlar deyil. Azərbaycanın dövlət strukturlarının nümayəndələri bu məsələni yerində araşdırmaq üçün birbaşa əraziyə daxil olmalıdırlar. Mədəni möhürləməli və onun götürülüb-götürülmədiyini yoxlamalıdırlar. Başqa heç bir təklif sadəcə olaraq qəbul olunmayacaq. Kosmetik addımlar artıq heç kimə lazım deyil”, - o qeyd edib.

Perspektivdə hansı mövqedə olmaq olar?

Politoloq xatırladır ki, Xankəndində qarşıdan gələn “seçkilər”lə bağlı ziddiyətli söz-söhbətlər gəzir: “Seçkilər” bir tərəfdən Qarabağ ermənilərinin özünü tamamilə iflic vəziyyətinə sala, digər tərəfdən isə Azərbaycanın birtərəfli addımlarını sürətləndirmək üçün əsaslar yarada bilər. Fikrimcə, hazırki şəraitdə Qarabağ erməniləri arasında “seçki” kimi hər hansı aksiya qəti yolverilməzdir. Beləliklə, Qarabağ ermənilərini hələ də naməlum vəziyyətdə aparan xunta Azərbaycan dilində daha rəngarəng səslənən “sallaq vəziyyətdə” qalıb”.скачать dle 12.1