Bia.Az

ŞOK: paytaxt restoranlarına at-eşşək əti ötürülür - Məhkəmələr cinayətkarları buraxır

Gündəm
 7-01-2023, 15:39     258

AQTA Baytarlıq şöbəsinin müdiri: “Ətə basanda barmaq izi qalırsa, bu onun köhnə olduğuna işarədir...”

Ölkədə qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artıb. Son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır, onlar barəsində cinayət işi açılır, iri məbləğdə cərimə olunurlar. Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir, əməllərinə davam edirlər. Xəstə heyvanların ətini ucuz qiymətə satırlar. Qiymətin ucuz olması insanları şirnikləndirir və məhsulun mənşəyini öyrənmədən alıb istehlak edirlər.

Məsələ ilə bağlı Oxu.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, belə cinayətlərə görə məsuliyyətə cəlb olunanlara məhkəmə haqq qazandıraraq azadlığa buraxır: “25 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi at, eşşək və murdar olmuş heyvanların ətinin alışını təqib edir. Aşkarlananlara cinayət işi qaldırılır, məsuliyyətə cəlb olunurlar. Məhkəmələr onlara haqq qazandırır. Qısa müddətdə azadlığa buraxılırlar. Təcrübə göstərir ki, onlar yenidən bu işlə məşğul olmağa başlayırlar”.

E.Hüseynov bildirib ki, belə praktika hələ sovet dövründən var: “Bu problem yığışmır. Azad İstehlakçılar Birliyində 1963-cü ildə dərc olunmuş kitab var. Bütün SSRİ respublikaları arasında bir tək Azərbaycanda eşşək əti yeməli ət kimi şərh olunur. Bunu ermənilər tərtib ediblər. Belə çıxır ki, ermənilərə havadarlıq edən yerli insanlar var. Camaata murdar ətləri sırımağa çalışırlar. Qiymət bahalaşdıqca tələbat da artır. O zaman, təəssüf ki, belə hallar da olur”.

Eyyub Hüseynov
Ekspert əlavə edib ki, ciddi cəza tətbiq edilməlidir: “İlk məsələ qanunların zəif olmasıdır. Bu ətlərin satışına qanuni şəkildə qadağa qoyulmalıdır. Ciddi cəza verilməlidir. İnsan bu ətləri alanda bilməlidir ki, murdar olmuş heyvanın əti sulu, tünd, qabırğaları böyük olur. Bişirən zaman da spesifik qoxu gəlir”.
O da bildirilir ki, keyfiyyətsiz mal ətini xüsusilə restoranlara satırlar. Emal prosesində isə normal qoxu və rəng üçün xeyli ədviyyatdan istifadə edir, dadını və qoxusunu dəyişirlər.
Problem barədə danışan qəssablardan biri bildirib ki, hər insan əti tanıya bilmir: “Bəzən qəssablar belə tanımırlar. At ətini iyindən tanımaq olur. Lakin bəzən insanlar qoxunu hiss etməkdə çətinlik çəkə bilərlər. O zaman rənginə diqqət etsinlər. At ətinin rəngi mal ətindən tünd olur. Əti sürüşkən, sümükləri nazik olur. Lülə, qabırğa sümükləri çox nazik olur. Özəlliyi budur”.
Qalib Əbdüləliyev: Əsas hədəfimiz özünütəminat səviyyəsini yüksəltmək və  ixrac potensialını artırmaqdır - AZƏRTAC
Qalib Əbdüləliyev
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev “Yeni Müsavat”a bildirdi ki, ət zəruri olduğu qədər də təhlükəli qida məhsuludur: “Ət müəyyən xəstəlik daşıyıcısı ola bilər. Daşınma, saxlanma şəraiti pozulsa, insan orqanzimi üçün zərərli olan amillər əmələ gələ bilər. Buna görə də dünyada ət və ət məhsullarının xüsusi izlənmə qaydası var. İlk növbədə heyvanın mənşəyi müəyyən olunmalıdır. Daha sonra xüsusi laborator müayinələrin təyin olunması, istehlakçıya çatana qədər soyuq zəncir sisteminin gözlənilməsi prosesinə riayət edilməlidir.  İctimai iaşə obyektlərində ətin mənşəyini sübut edən sənəd olmalıdır.
İstehlakçının ətin hazırlandığı şəraitlə tanış olmağa ixtiyarı var. Ətin yararlı olub-olmamasını bir neçə əlamətdən ayırd etmək olar. Məsələn, dondurulmuş  və donu açılmış ətdə qaralmalar olur. Ətə basanda barmaq izi qalırsa, bu onun köhnə olduğuna işarədir. Ətin mənşəyini dəqiq müəyyən etmək üçünsə xüsusi təcrübə tələb olunur. Mütəxəssislər sümüyün quruluşuna görə bunu təyin edə bilirlər. Vətəndaşlar üçün ən etibarlı yol müvafiq sənədlərin tələb edilməsidir. Hazırda elektron sistem vasitəsilə kəsilən heyvanların hansı restoranlara danışmasını müəyyən etmək mümkündür".
Qeyd edək ki, bu günlərdə paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb.
Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib. Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
скачать dle 12.1