Bia.Az

“MƏN BU DÜŞMƏNƏ QALİB GƏLƏ BİLƏRƏM...” – “Rusiya Kiyevə böyük hücum hazırlayır”

Gündəm
 16-12-2022, 13:32     351

Ukrayna Ordusunun baş komandanı general Valeri Zalujnıy “The Econimist” nəşrinə geniş müsahibə verib.

“AzPolitika.info” xəbər verir ki, ukraynalıların az qala sitayiş etdiyi general bu müsahibəsində Rusiyanın paytaxt Kiyevi ələ keçirmək niyyətindən əl çəkmədiyini və bunun üçün hazırda 200 min əsgərə hazırlıq keçdiyini bildirib: “Rusiyanın səfərbərliyi işə düşüb. Bu, doğru deyil ki, guya problemlər o qədər dəhşətlidir ki, bu insanlar döyüşməyəcəklər. Onlar döyüşəcəklər. Çar onlara deyir ki, gedin döyüşün və onlar gedirlər döyüşməyə. Mən iki çeçen müharibəsinin tarixini öyrənmişəm – hər şey elə bu cür olub. Mümkündür ki, onlar o qədər də yaxşı təmin olunmayıblar. Ancaq buna baxmayaraq, onlar bizə problem yaradırlar. Bizim hesablamalarımıza görə, onların 1.2-1.5 milyon nəfərlik ehtiyatı var. Rusiyalılar 200 minə yaxın yeni əsgər hazırlayır. Mən şübhə etmirəm ki, onlar yenidən Kiyevə hücum edəcəklər... Mən də olsaydım, eyni şeyi edərdim”.
Bununla yanaşı, Zalujnıy qeyd edib ki, Rusiya istədiyi nəticəni əldə edə bilməyəcək: “Onların hərbi potensialı həddindən artıq aşağı olacaq. Hətta Jukovun etdiyi kimi, orduya daha 1 milyon adam yığsalar və cəsədlərlə doldursalar da (döyüş meydanını), bu, onların arzuladıqları nəticəni verməyəcək”.
Zalujnıy etiraf edib ki, Ukrayna Ordusu bir böyük əks-hücum əməliyyatına hazırlaşır və təəssüflə bildirib ki, hələlik budan artığına gücləri çatmır: “Mən bilirəm ki, bu düşmənə qalib gələ bilərəm. Ancaq mənə resurslar lazımdır. Mənə 300 tank, 600-700 PDM, 500 haubitsa lazımdır. O zaman 23 fevral sərhədlərinə çıxmaq tam realdır. İndiki resurslarla mən böyük hərbi əməliyyatlar keçirə bilmirəm. Buna baxmayaraq, biz hazırda onlardan birinin üzərində işləyirik...”

Zalujnıy həmin əməliyyatın Melitopol istiqamətində olacağına eyham vurub: “Krımın sərhədlərinə çıxmaq üçün bizə Melitopola qədər olan 84 kilometr məsafəni qət etmək lazımdır. Yeri gəlmişkən, bu, bizə quru dəhlizi (Rusiyadan Krıma gedən yol-red.) və Krıma girişi “HİMARS”lar və digər silahlarla atəş nəzarətində saxlamağa kifayət edir”.
Zalujnı Rusiyanın Ukraynadakı ordusunun komandanı Sergey Surovikin barədə suala da cavab verib. O, deyib ki, Surovikin tipik I Pyotr dövrünün zabitlərini xatırladır: “Surovikinə hörmətimi saxlamaqla deyə bilərəm ki, ona baxanda belə görünür ki, bu, I Pyotr dövrünün adi komandiridir. Ona baxanda görürsən ki, ya tapşırığı yerinə yetirməlisən, ya da sənin sonundur. Biz isə çoxdan başa düşmüşük ki, bu cür yanaşma işləmir. Bizdə hərdən 21 yaşlı leytenantlar 50-60 yaşlı kişilərin daxil olduqları bölmələrə rəhbərlik edirlər. Ukrayna Ordusunda qayda-qanunu yumruqla, əzələ ilə saxlamaq olmaz...”
Zalujnının bu müsahibəsi Qərbdə və xüsusilə Ukraynanın özündə ciddi əks-səda doğurub. Məsələn, ukraynalı tanınmış hərbi ekspert Oleq Jdanov Zalujnının xüsusilə də Kiyevə gözlənilən hücum barədə dediklərinin “soyuq duş effekti yaratdığını” bildirib. Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç isə deyib ki, Zalujnıy sadəcə, Rusiyanın niyyətlərini səsləndirib və bu, heç də həmin niyyətlərin mütləq həyata keçiriləcəyi anlamını daşımır. Çünki birincisi, Ukraynanın da 1 milyona yaxın canlı qüvvəyə malik ordusu var. İkincisi, Rusiyaya sözügedən 200 min əsgəri hazırlayıb cəbhəyə atmaq üçün azı iki ay vaxt lazımdır. Bu zaman kəsiyində isə Ukrayna Ordusu əllərini sallayıb durmayacaq və o, məsələn, ölkənin cənubunda, yaxud Donbass istiqamətində elə bir situasiya yarada bilər ki, Kreml Kiyevə hücum barədə düşünməyə belə macal tapmaz və bütün qüvvələrini həmin istiqamətlərə atmalı olar. 

Amerika Müharibə Araşdırmaları İnstitutu da V.Zalujnının müsahibəsini şərh edib. İnstitutun ekspertləri qeyd ediblər ki, Rusiya ordusu hətta yenidən Belarus istiqamətindən Kiyevə hücum etsə belə, onun Ukrayna paytaxtını ələ keçirməsi ehtimalı hədsiz dərəcədə aşağıdır. İnstitutda əmindirlər ki, 2023-cü ilin qışında belə bir hücum olacağı təqdirdə belə, o, 2022-ci ilin fevralındakından daha uğurlu olmayacaq. Ekspertlər bildirirlər ki, Rusiya ordusu deqradasiyaya uğrayıb, onun hava məkanında üstünlüyü aradan qalxıb, yüksək dəqiqlikli silahları tükənir və sair. Əvəzində, Ukrayna Belarusla sərhəddə 2022-ci ilin fevralı ilə müqayisədə müdafiə istehkamlarını xeyli gücləndirib. Həm də həmin ərazilərin coğrafi relyefi və kommunikasiyaları böyük hücum əməliyyatı üçün olduqca əlverişsizdir. Həmçinin, Ukrayna Ordusu müharibənin ilk günlərilə müqayisədə xeyli güclənib, inkişaf edib. Onun silah-sursat təminatı istiqamətində də durmadan yeni addımlar atılır, hərbi yardım davam edir və sair.
Nəhayət, Zalujnının bu müsahibəsindəki daha bir maraqlı məqam diqqəti cəlb edir. O, deyib ki, Ukrayna Ordusunun bu savaşda qalib gəlməsinə əsas kömək edən cəhət onun 2014-cü ildən bu yana əldə etdiyi təcrübədir: “Bizim yaşadığımız və az qala bir din kimi qəbul etdiyimiz ən başlıca təcrübə budur: rusları, yaxud digər düşmənləri öldürmək lazımdır, sadəcə öldürmək və ən əsası, bundan qorxmamaq! Bizim etdiyimiz də elə budur!”/“AzPolitika.info”/скачать dle 12.1