Bia.Az

Müdafiə sektorunda qəpiyin də hesabı sorulacaq - MN-də yeni təyinatların anlamı

Gündəm
 15-12-2022, 13:10     301

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin yeni müavini təyin olunub. O, ixtisasca hərbçi deyil və ən müxtəlif dönəmlərdə iqtisadi sferada təmsil olunub.

A.Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. Ən son isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.
Onun hərbiçi olmadan müdafiə nazirinin müavini vəzifəsinə təyin olunmasını bəzi şəxslər təəccüblə qarşılayıb.
Amma burada qəribəlik yoxdur. Ona görə ki, A.Qurbanovun ordunun hərbi-texniki təchizat, maliyyə məsələlərinə nəzarət edəcəyi bildirilir. Hansı ki, orduda maliyyə məsələləri hər zaman həssas məsələ olub və korrupsiya iddiaları da təsdiqini tapıb. Belə ki, bir müddət öncə ordunun maliyyə, maddi-texniki təchizat məsələlərinə məsul olan xeyli şəxs, o cümlədən MN-in Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, Satınalmalar və Təchizat İdarəsinin rəisi Məlikməmməd Qurbanov da qandallanıblar. Onlar milyonlarla manat mənimsəyib. Bu baxımdan dövlətin bel sütunu olan orduda maliyyə məsələlərində şəffaflıq yaradılması prioritet kəsb edir.
Dünya praktikasında orduda maliyyə üzrə şəxsin, hətta ümumi siyasəti həyata keçirdiyi, hərbi işlərə dair qərarı qərargah rəisi verməsi şərtilə müdafiə nazirinin mülki şəxs olması təcrübəsi də var.
Burada qeyd edək ki, bir qədər öncə türk general Bəxtiyar Ersay müdafiə nazirinin müşaviri təyin edildikdən sonra orduya maliyyə məsələlərinə hərbçi yox, sınanmış maliyyəçinin müavin postuna təyin olunaraq, məsul edilməsi önəmli məsələdir və orduda şəffaflığın təminatına hesablanmış addımdır.
Xatırladaq ki, bir neçə gün öncə də Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Gedişat onu deməyə əsas verir ki, orduya ayrılan vəsaitlərin mənimsənilməməsi üçün mümkün olan hər şey edilir.
Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA
Rövşən Məhərrəmov: “Bununla nazirlikdə korrupsiya hallarının qarşısı alınacaq və...”
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi  Rövşən Məhərrəmov mövzunu şərh edərkən bildirdi: “Müdafiə nazirinə yeni müavinin təyin olunmasında, özü də bu şəxsin maliyyəçi olmasında təəccüblü bir şey yoxdur. Hesab edirəm ki, bu çox doğru bir addımdır. Bilirsiniz ki, Sipilin Prezidentin hərbi-texniki təminat məsələləri üzrə köməkçisi təyin olunub. Müdafiə Nazirliyində maliyyə məsələləri üzrə müavin təyinatından sonra artıq Baş Qərargah öz professional vəzifələrini rahat şəkildə görməyə başlayıb. Çünki təminat, satınalma və başqa sahələrdə məsul vəzifəli şəxs artıq var. Büdcədən ayrılmış maliyyəyə onun özü birbaşa nəzarət edəcək. Korrupsiya və başqa çirkin hallara yol verilmənin qarşısı alınacaq. Bu sahə nazirlikdə olduqca vacib sahə idi. Bilirsiniz ki, Müdafiə Nazirliyinə dövlət büdcəsindən xeyli vəsait ayrılır. O pulların səmərəli istifadəsi üçün belə bir qurum çoxdan vacib idi. Düşünürəm ki, müdafiə nazirinin müavini olmaqla yanaşı, onun həm də personal funksiyası olacaq. Bu funksiya bütün satınalmaları, ordu ilə bağlı digər təminatlı sahələri əhatə edəcək ki, Baş Qərargah öz funksiyasına aid olan vəzifələrini yerinə yetirə bilsin. Hər kəsə məlumdur ki, son zamanlar Müdafiə Nazirliyində xeyli sayda vəzifəli şəxslər həbs olunub. Həbs edilən maliyyə rəisi 83 milyon manat yeyinti halına yol vermişdi. Ondan başqa satınalma sahəsinin rəhbəri həbs edilib. Bundan sonra bütün alqı-satqılar müdafiə nazirinin yeni müavini tərəfindən həyata keçiriləcək. Hesab edirəm ki, onun tabeliyində professional işçilər olmalıdır. Hətta ona tövsiyə edərdim ki, maddi-texniki təminat bazasının əvvəlki fəaliyyəti də yoxlanılsın. Bəzi məsələlərə aydınlıq gətirilməsinə bu gün də ehtiyac var. İnanıram ki, həmin yoxlamalar aparılsa, yeni korrupsiya faktları aşkarlanacaq. Yəqin ki, o məsələ də gündəmdə olacaq. Düşünürəm ki, təkcə satınalmanı deyil, hərbçilərə evlərin paylanılması, eləcə də ehtiyatda olan zabitlərə evlərin verilməsi məsələsini də üzərinə götürməlidir ki, şəffaflıq olsun. Bilirsiniz ki, bu istiqamətdə zabitlər arasında narazılıqlar çoxdur. Mənzillərlə bağlı dövlət külli miqdarda pul ayırır. Elə zabitlər var ki, 2-3 dəfə mənzillə təmin olunublar. Amma elələri də var ki, indiyə qədər mənzillə təmin edilməyiblər. Həmin sahə də yeni müavinə verilsəydi, daha səmərəli olardı. Bununla nazirlikdə olan xeyli narahatlıqlar aradan götürülərdi. Bundan başqa, bütün tenderlər onun nəzarəti altında həyata keçirilməlidir. İnanıram ki, şəffaflıq olacaq. Müdafiə Nazirliyində oxşar Maddi-Texniki Təminat Baş İdarəsi var. Onlar ordunun daxilində təminat prosesini aparmalı, lazım olanları vaxtında çatdırmalıdır. Eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin lazımi ərzaqları doğrudan da vaxtında hərbçilərə çatdırdığı yönündə də araşdırma aparılmalıdır. Bu idarədə xeyli sayda vəzifəli şəxslər var ki, onların say tərkibinin azalmasına da ehtiyac var. Onların əvəzində yeni müavinin sahəsinə aid olan qurumda ştatların sayı artırılmalıdır. Oxşar vəzifələr orada ləğv olunmalı və yeni müavinin ixtiyarına verilməlidir. Müdafiə Nazirliyinin tərkibində xeyli təsərrüfatlar var. Hansı ki, maliyyə ilə məşğul olurlar. Xeyli sayda zavodlar da var. Hesab edirəm ki, həmin zavodlara tapşırıqlar, təminat məsələləri yeni müavinə verilməlidir. Çünki o, professional maliyyəçidir. Bazarı da çox gözəl bilir. Bilirsiniz ki, adi tikinti materialını bazar qiymətindən daha artığına qiymətləndirirdilər. Bu halların hamısının qarşısı alınmalıdır. İnanıram ki, alınacaq da. Dövlət başçımız bu qərarı qəbul edib. Bir də burada bir məsələ də var ki, o da silah-sursat təminatıdır. Yəqin ki, nazirlikdəki müvafiq idarələr silah-sursat, eləcə də müqavilələrin sifarişini yeni müavinə edəcəklər. Onlar dəqiqliyi ilə araşdırıb, qiymətləndirəcəklər. Ümid edirəm ki, bununla nazirlikdə korrupsiya hallarının qarşısı alınacaq və şəffaflıq ortada olacaq. Mənzillərlə bağlı Maliyyə Nazirliyinin komissiyasına məhz bu yeni müavini mütləq salmaq lazımdır. Hazırda Müdafiə Nazirliyində bu işə məsul Babayev Rasimdir. Həmin şəxsdən də çoxlu sayda şikayətlər var. O, kənara çəkilməli, bu sahəni də müdafiə nazirinin yeni müavini öz üzərinə götürməlidir. İstənilən halda çox yaxşı haldır ki, bu təyinatla Baş Qərargah, döyüş hazırlığı idarələri öz professional vəzifələri ilə məşğul olacaqlar. Türkiyə sistemində müdafiə naziri və onun aparatı var. Baş Qərargah tam ayrıdır. Düzdür, son zamanlar bir yerdədirlər. Baş Qərargah, ümumiyyətlə, alqı-satqıya qarışmır. Bu işlə ancaq təminat idarələri məşğuldur”.
Emin Həsənli: Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin  verilməsi göstərir ki, heç kəs yaddan çıxmır - AZƏRTAC
Emin Həsənli: “Müdafiə Nazirliyində maliyyə şəffaflığı məsələsi tam şəkildə təmin olunacaq”
Hərbi ekspert Emin Həsənli bu təyinatın qısa zamanda çox böyük müsbətlər verə biləcəyinə ümidlidir: “Bu, Ali Baş Komandan, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Dövlət başçısı nəyi nə zaman etdiyini yaxşı bilir. İndi də bu şəxsə Ali Baş Komandan çox böyük ehtimad göstərib. Hesab edirəm ki, Müdafiə Nazirliyində maliyyə şəffaflığı məsələsi tam şəkildə təmin olunacaq. Bu istiqamətdə ciddi şəkildə islahatlar aparılır. Bilirsiniz ki, ölkədə gömrük, vergi, maliyyə sahələri üzrə çox böyük islahatlar aparılır. Dövlət əmlakının, xüsusilə büdcənin hesabatlığı və şəffaflığı çox vacibdir. Silahlı Qüvvələrimizdə bu məsələ daim gündəmdə olan məsələlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə başlayan islahatlar ASAN Xidmət və digər sahələrdə olduğu kimi özünü doğruldacaq. Bu təyinatdan öncə də cənab Prezident maddi-texniki məsələlər üzrə özünə köməkçi təyin etdi. Hər iki təyinat onu göstərir ki, bu sahə ölkə rəhbərinin birbaşa nəzarətindədir və bu sahələr üzrə islahatların aparılmasında israrlıdır. Çox qısa bir zamanda bu sahələr üzrə çox böyük dəyişikliklər görəcəyik. Bu sahələr üzrə son zamanlar bəzi müzakirələr gedirdi ki, bu da cəmiyyətimizi çox ciddi şəkildə narahat edirdi. Təbii bir narahatlıq idi. Son təyinat ətrafında gedən müzakirələr də normal idi. Çünki cəmiyyət Silahlı Qüvvələrini sevir. Onun güclü olmasını istəyir, ordusuna həssaslıqla yanaşır./“Yeni Müsavat”/скачать dle 12.1