Bia.Az

ERMƏNİ DİLİNDƏ DANIŞAN “SÜLHMƏRAMLI” – Onun Qarabağda qalmağa nə hüquqi əsası, nə də mənəvi haqqı var!

Gündəm
 30-11-2022, 14:52     370

“Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu, YOLVERİLMƏZDİR”.

Bu cümlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son bəyanatından götürülüb.

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”. Bu cümlə də nazirliyin Rusiyanın “susqunluğuna” cavab olaraq dünən yayımlanan bəyanatındandır.
Artıq neçə gündür ki, demək olar, eyni bəyanatlar təkrarlanır. Bu, o deməkdir ki, Rusiya tərəfi Azərbaycanın haqlı irad və tələblərini yekəxanalıqla qulaqardına vurur. Əvəzində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməkdə, Azərbaycan torpaqlarına uydurma erməni toponimlərindəki adları qoymaqda davam edir və əlavə olaraq bizi Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə, quldur dəstələrinə guya atəş açmaqla “atəşkəsi pozmaqda” günahlandırır. Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, bu iddialar həqiqəti əks etdirmir. Ancaq əslində, Azərbaycan tərəfinin bu iddiaları təkzib etmək əvəzinə, doğrudan da həmin birləşmələrə nəinki atəş açmağa, onları yerli-dibli məhv etməyə ixtiyarı çatır. Vaxtilə dünyanın ikinci ordusu sayılan, hazırda isə az qala bütün dünyanın terror təşkilatı kimi tanımaqda olduğu rus ordusunun Qarabağdakı “qırıntılarından” soruşan lazımdır ki, həmin erməni birləşmələrinin orada nə işi var ki, hələ onlara atəş də açılır? Axı, 10 noyabr üçtərəfli sazişinə görə bu qanunsuz erməni birləşmələri rus hərbi kontingentinin daxil olmasına paralel olaraq, çoxdan oradan rədd olub getməli idilər. Ancaq sazişin nə həmin bəndi, nə də Zəngəzur dəhlizi ilə bağlı maddəsi bu günə qədər yerinə yetirilməyib...
Unutmayaq ki, bu gün bütün dünyada rus ordusu deyəndə, Ukraynada döyüş meydanında əlindən heç nə gəlməyən, fərariliyin, başıpozuqluğun, “dedovşina”nın baş alıb getdiyi, heç bir müharibə qanununa və ənənəsinə məhəl qoymayan, müdafiəsiz, günahsız mülki əhaliyə qarşı qətliamlar törədən, zorakılıqla, talançılıqla məşğul olan, milyonlarla insanı işıqsız, susuz, istiliksiz qoyaraq, açıq terror törədən işğalçı dəstə nəzərdə tutulur. Bu, artıq çoxdandır Suvorovun, Kutuzovun, heç Jukovun da yox, aşpaz Priqojinin, “səhra komandiri” Kadırovun ordusudur. Bir ordunun ki, sütununu kriminal “bespredel” yuvası olan “Vaqner” dəstələri və Kadırovun başkəsənləri təşkil edə, ondan nə gözləyəsən və belə bir ordunun hansısa hissələrinin Azərbaycan torpaqlarında mövcudluğu nə dərəcədə məntiqə və dünyada oturuşmaqda olan təsəvvürlərə, reallığa uyğundur?


Bu gün-sabah ABŞ başda olmaqla kollektiv Qərb rus ordusunun aparıcı qüvvəsinə çevrilən “Vaqner”i terrorçu təşkilat, yəni “Əl-Qaidə”nin bir tayı kimi tanıyacaq. Digər yandan, artıq Avropa Parlamenti və NATO Parlament Assambleyası Rusiyanı terrora dəstək verən dövlət kimi tanıyıb. Yəni, bütünlükdə hazırkı Rusiya dövlətinə və onun ordusuna haqlı olaraq terrorçu damğası vurulmaqdadır. Azərbaycan isə nə Rusiyanın KTMT-sinə, nə də digər hərbi təşəbbüslərinə qoşulmayıb və heç zaman da qoşulmayacaq. Əksinə, bizim Ordumuz NATO üzvü olan Türkiyə Ordusu ilə birgədir. Ölkə başçısının dediyi kimi, bizim Ordu Türkiyənin, Türkiyənin Ordusu da bizimdir. Yeri gəlmişkən, tanınmış rusiyalı politoloq Andrey Piontkovskinin bu günlərdə verdiyi müsahibədə dediyi kimi, Azərbaycan Ordusu çoxdan de-fakto Türkiyə Ordusu ilə birgə NATO-dadır. İndi isə NATO faktiki olaraq, Rusiyanı terroru dəstəkləyən dövlət elan edib. Bəs, belə bir dövlətin hərbi kontingentinin “ordusu de-fakto NATO-da olan” bir ölkənin, yəni, Azərbaycanın ərazisində mövcudluğu hansı məntiqə uyğun gəlir?
Gerçəklikdə və real beynəlxalq hüquq baxımından Qarabağdakı qanunsuz erməni birləşmələri ilə Rusiya “sülhməramlı”ları arasında elə bir ciddi fərq yoxdur. Sirr deyil ki, Kreml nə qədər təzyiq göstərsə də, Azərbaycan tərəfi onun hərbi kontingentinə hüquqi status vermir və yəqin ki, verməyəcək də. Çünki həm Azərbaycanın milli maraqları, həm də “sülhməramlılar”ın indiyə qədərki “fəaliyyəti” bunu istisna edir! Odur ki, hazırkı Rusiya hakimiyyətinin dünya birliyindəki statusu və Ukraynada törətdiyi bəşəriyyətə qarşı açıq hərbi cinayətləri fonunda Azərbaycan ərazilərində müvəqqəti yerləşən rus hərbi kontingentinin varlığı sülhməramlıdan daha çox işğalçı statusuna uyğundur...
Erməni birləşmələri demək olar hər gün təxribatlara əl atır, Azərbaycan əsgərini hədəf alır, şəhid edir, yaralayır və s. Sülhməramlılar isə yalnız Azərbaycanla “erməni dilində” danışmaqda davam edir, nə iki il əvvəl imzaladığı sənədə, nə ölkəmizin suverenliyinə, nə də bizim irad və tələblərimizə məhəl qoyur. Beləsinə yerini göstərmək, 5 il tamam olmamış ondan ərazilərimizdən çıxmasını tələb etmək gərək deyilmi? 10 noyabr sazişinin digər bir neçə bəndi yerinə yetirilmədiyi halda, məhz rus hərbi kontingentinin 5 il qalması şərti nədən sonadək qüvvədə qalmalıdır?
Axı, o torpaqlar hazırda orada müvəqqəti küllənən İvanın, Petyanın dədəsinin torpağı deyil, bizim torpaqlarımızdır! Odur ki, 10 noyabr sazişinin bütün bəndləri yerinə yetirilməyəcəksə, “sülhməramlılar” Ukraynadakı rus gəmisinin ardınca məlum istiqamətə və ünvana göndərilməlidir…/“AzPolitika.info”скачать dle 12.1