Bia.Az

"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." - GİLEY

Gündəm
 9-04-2020, 17:45     324

"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız..." - GİLEYSumqayıt şəhər Təcili Tibbi Yardımın stansiyasının tibbi heyəti mart ayında maaşlarından kəsilmə olduğunu və rəhbərliyin şikayətlərini geri götürməsi üçün onlara təzyiq etdiyini deyirlər.

Təcili Tibbi Yardımın əməkdaşları onların koronavirus təhlükəsi ilə hər gün üzləşmələrinə baxmayaraq, lazimi qoruyucu vasitələrlə təmin edilməmələrindən də narazıdırlar.

Sumqayıt şəhər Təcili Tibbi Yardımın stansiyasının rəhbərliyi "anlaşılmazlıq" olduğunu və maaşlardan kəsilmənin geri ödəniləcəyini bildirib. Səhiyyə Nazirliyi isə ittihamlarla bağlı suallara cavab verməyib.

BBC News Azərbaycancana danışan həkim və tibb bacısı əmək haqlarından 200 manata kimi vəsaitin tutulduğunu deyiblər.

Adının çəkilməsini istəməyən həkim BBC News Azərbaycancaya bildirib ki, onlara səbəb deməyiblər, amma eşidiblər ki, "kəsilən məbləğ koronovirusla mübarizə fonduna köçürüləcək".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, "əvvəlcədən nəzərdə tutulmuş vəsait onlar tərəfindən ödəniləcək."

"Hazırlıqsız idik"
"Həkimlərin, tibb bacılarının, sürücülərin maaşından kəsilib, ancaq bizə səbəbini deməyiblər. Bu maaşı Bakı Təcili Yardım stansiyasının işçiləri martın 17-də alıblar bayram pulu ilə birgə alıblar. Biz Novruz bayramında işləmişik, 24 saat iş vaxtımız olub. Amma o pul bizə verilməyib" - adının çəkilməsini istəməyən həkim iddia edib.

Onlar iddia ediblər ki, təcili yardım heyəti şikayət yazıb internetdə yerləşdirdikdən sonra rəhbərlik onlara şikayətlərini silmələri üçün təzyiq edib.

"Bizə dedilər ki, beş-altı manat puldan ötəri nahaq şikayət yazmısız. Bu 150 manat civarında puldur." - Təcili Tibbi Yardımın həkimi deyib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının baş həkimi İlkin Namazov səslənən ittihamlara cavab olaraq deyib ki, "bayrampulu ilə bağlı anlaşılmazlıq olmuşdu, amma yeni tabellər hazırlanıb TƏBİB-in göstərişi ilə o pullar ödəniləcək".

Qoruyucu vasitələrin təmin olunmaması ilə bağlı isə deyib ki, belə problem olub.

"Hər yerdə var belə şərait, qəflətən baş verdi bu problem hazırlıqsız olduq. Artıq məsələ həllini tapıb. TƏBİB lazimi vasitələri göndərib", - İlkin Namazov deyib.

"... maskalar, əlcəklər hamısını özümüz alırıq"

Onun sözlərinə görə, Sumqayıt şəhər səhiyyə idarəsinə şikayət yazıblar. "Bu problemdən başqa bizə qoruyucu ləvazimatlar da verilmir. Məsələn: geyimlər, maskalar, əlcəklər hamısını özümüz alırıq. Hər növbədə işə gedəndə bunların hamısını özümüz alırıq. Son vaxtlar, ancaq 200 qram spirt verirlər bu qədər. " - həkim bildirib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasında işləyən adının açıqlanmasını istəməyən tibb bacısı da deyir ki, maaş kəsintisi ilə bağlı şikayət yazıblar, amma cavab almayıblar.

"Bayram günü işlədiyimizin pulunu bizə ödəmədilər. Dedilər ki, guya ölkədə Novruz bayramı keçirilməyib deyə bayram pulu verilməyib. Mart ayı ərzində bayram pulunu yalnız 8 marta görə hesablayıblar. Nə həkimlərə, nə tibb bacılarına bu pul verilmədi. Biz guya nə çox əmak haqqı alırıq ki, üstündən kəsələr də hələ" - tibb bacısı deyib.

"İcbari Tibbi Sığorta ödəyəcək"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova Sumqayıt şəhər Təcili Tibbi Yardımın stansiyasının tibbi heyətinin ittihamlarına cavab verib.

"Sumqayıt Təcili Tibbi Yardım stansiyasının həkim və tibbi personalına, həmçinin stasionarda çalışanlara bayramla bağlı əvvəlcədən tutulmuş növbəlilik prinsipinə uyğun olaraq vəsait İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödəniləcək."- Aynurə Əhmədova deyib.

Qoruyucu vasitələrlə bağlı səslənən ittihamla bağlı isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi bildirib ki, Sumqayıt Şəhər Səhiyyə şöbəsindən 2 dəfə Agentliyə sorğu daxil olub.

Onun sözlərinə görə, "birinci sorğuya əsasən, Sumqayıt Təcili Tibbi Yardım stansiyasının ehtiyacları (kombinezon, N95 maska, cərrahi maska, əl, səthlər və alətlər üçün məhsullar və s.) tələb olunan səviyyədə qarşılanıb.

Aynurə Əhmədova deyib ki, ikinci sorğu aprelin altısında daxil olub və növbəti gün təmin olunub.скачать dle 12.1