Bia.Az

Kreml "çevriliş düyməsi"nə basdı, Paşinyan təhlükədədir: Erməni baş nazirin gizlənəcəyi sığınacaqlar da hədəf göstərildi

Gündəm
 5-11-2022, 17:35     280

Kreml Paşinyan hakimiyyətinin "qələmini qırıb", indi Rusiyanın maraqları Ermənistanda dövlət çevrilişi tələb edir... Erməni baş nazirin devrildikdən sonra öz ətrafında yenidən qüvvə toplamaq ehtimallı olduğundan, ona sağ qalmaq şansı tanınmaya da bilər...

Rusiya Cənubi Qafqaz uğrunda mübarizəni uduzmaq üzrədir. Kremlin Rusiyanın maraqlarını xilas məqsədilə atdığı addımlar ümidverici nəticələrdən uzaqdır. Və Rusiyanın Cənubi Qafqaz siyasəti iflasa uğrayır. Üçtərəfli Soçi görüşündə Kreml sahibi Vladimir Putin Rusiyanın regiondakı mövqelərini yenidən möhkəmləndirmək üçün son siyasi-diplomatik cəhdlərini etdi. Ancaq Rusiyanın ənənəvi hegemon mövqelərini bərpa edə bilmədi. Əksinə, Kreml Cənubi Qafqazda cərəyan edən proseslərə nəzarəti tamamilə itirmək təhlükəsi ilə üzləşmiş duruma düşdü.
Ona görə də, indi Kreml daha radikal ssenarilərin icrasına başlamış kimi görünür. Kreml üçün hazırda ən təhlükəli istiqamət Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdləridir. Rəsmi İrəvan son vaxtlar bu istiqamətdə daha israrlı addımlar atmağa başlayıb. Və Rusiyanın buna qarşı işə sala biləcəyi geopolitik mexanizmlər indi o qədər də təsirli deyil.
Təbii ki, belə situasiyada Rusiyanın son və əsas vasitəni işə salmaqdan başqa çarəsi qalmamış görünür. Çünki, Paşinyan hakimiyyəti Rusiyanı Kremlin verdiyi vədlərlə şantaj edir. Ermənistan cəmiyyətinə Rusiyanın öz öhdəliklərini və vədlərini yerinə yetirmək imkanında olmadığı barədə mesajlar verir. Bununla bir tərəfdən, Rusiya prezidenti Vladimir Putinin baş naziri Nikol Paşinyanın "Vaşinqton sənədi"ni imzalamaqla, Ermənistanın maraqlarına xəyanət etməyə hazırlaşması barədə dolayısı eyhamlarını əhəmiyyətdən salır. Digər tərəfdən isə Rusiyanın artıq Ermənistan üçün önəmli hərbi-siyasi müttəfiq olmadığını, hətta ziyanlı tərəfdaşa çevrildiyini qabardır.
233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB) 
Belə situasiyada Paşinyan hakimiyyəti Rusiyanın Cənubi Qafqaz maraqları qarşısında əsas problemlərdən birinə çevrilmiş kimi görünür. Ona görə də, Kreml Ermənistanda Rusiyanın təsir dairəsində olan siyasi qüvvələrin hərəkətə gətirilməsinə qərar verib. Və indi Paşinyan hakimiyyəti növbəti dəfə Rusiyanın dəstəklədiyi radikal və revanşist erməni müxalifəti ilə mübarizə aparmalı olacaq.
Ermənistanda Kremlin dəstəyi ilə hakimiyyət uğrunda mübarizənin növbəti raunduna start vermiş radikal-revanşistlərin əsas şüarları isə yenə də "Dağlıq Qarabağ mövzusu" üzərində qurulub. Rusiyaya bağlı erməni radikal-revanşistlər bəyan edirlər ki, Ermənistanı və "Dağlıq Qarabağı" xilas etmək üçün əvvəlcə Paşinyan hakimiyyətini devirmək vacibdir. Və erməni toplumunun "tarixi hədəfləri"nin reallaşmasında Rusiya yeganə strateji müttəfiqdir.
Belə anlaşılır ki, yaxın günlərdə Ermənistanda ölkədaxili situasiya daha da gərginləşəcək. Bu düşmən ölkədə xaosun və iğtişaşların olma ehtimalı indi tamamilə inandırıcı görünür. Hətta Ermənistanın əsas beynəlxalq himayədarları sırasında olan ABŞ və Fransanın səfirlikləri öz vətəndaşlarını bu ölkəni tərk etməyə, bu, mümkün olmadığı təqdirdə isə küçə toqquşmalarının baş verə biləcəyi yerlərdən uzaq durmağa çağırıblar. Və əsas səbəb kimi də kütləvi zorakılıq hallarının ola biləcəyi barədə məlumatların mövcudluğunu qabardıblar.
Maraqlıdır ki, Rusiyayonümlü erməni radikal-revanşistlər ABŞ və Fransa səfirliklərinin çağırışlarını Qərbin Ermənistan cəmiyyətinə təsir göstərmə cəhdləri kimi dəyərləndirirlər. Onların fikrincə, Qərb siyasi dairələri Ermənistana xəyanət edən Paşinyan hakimiyyətini yenə xilas etmək niyyətinə düşüblər. Və bu dəfə Qərbə belə bir imkan verməyəcəklərini, Paşinyan hakimiyyətini devirəcəklərini vurğulayırlar.
7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB) 
Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələri də Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsində birbaşa maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Hətta bəzi "məxfi məlumatlar"ın yayılması ilə Rusiyaya bağlı erməni müxalifətinə əlavə impuls verməyə çalışırlar. Və həmin məlumatlarda əsasən Paşinyan hakimiyyətinin kütləvi etiraz dalğasının baş qaldırma ehtimalından ciddi narahatlıq keçirdiyi iddia olunur.
Rusiya siyasi dairələri tərəfindən dövriyyəyə buraxılmış məlumatlarda o da vurğulanır ki, Paşinyan hakimiyyəti kütləvi etiraz dalğasının küçə toqquşmalarına və iğtişaşlara çevrilə biləcəyini ehtimal edir. Ona görə də, artıq əvvəlcədən baş nazir Nikol Paşinyan üçün iki - əsas və ehtiyat təhlükəsiz sığınacaq hazırlanıb. Əsas sığınacaq kimi Ermənistan Müdafiə Nazirliyinin binası altında olan yeraltı bunker nəzərdə tutulub. Ehtiyat sığınacaq olaraq isə baş nazir Nikol Paşinyanın Fransanın İrəvandakı səfirliyində gizlədilməsi planlaşdırılır. Eyni zamanda, fors-major situasiyalar üçün daha bir neçə yeraltı obyektin lazımi avadanlıqlarla təmin edildiyi vurğulanır.
Bütün bunlar onu göstərir ki, Kreml Paşinyan hakimiyyətinin "qələmini qırmaq" qərarına gəlib. Rusiyanın maraqları indi Paşinyan hakimiyyətinin devrilməsini tələb edir. Üstəlik, Kreml bu məsələdə ABŞ və Qərb ilə rəqabət aparmaq məcburiyyətində olduğunu da anlamamış deyil.
Məsələ ondadır ki, indiyə qədər ABŞ və Qərb Paşinyan hakimiyyətini bir neçə dəfə Rusiyanın çevriliş ssenarisindən xilas edə bilib. Rusiyanın belə cəhdlərindən birisi sentyabr ayında reallaşmalıydı. Ancaq həmin dövrdə yenicə hərəkətlənməyə başlayan Rusiyaya bağlı erməni müxalifətini ABŞ və Avropa Birliyi siyasətçilərinin İrəvana ardıcıl səfərləri blokladı.
Xüsusilə də, ABŞ parlamentinin aşağı palatasının spikeri Nensi Pelosinin səfəri Paşinyan hakimiyyəti üçün "siyasi müdafiə çətiri" rolunun oynadı. Digər cəhd isə Qərb kəşfiyyatının Rusiyanın planları barədə rəsmi İrəvanı məlumatlandırması ilə ifşa olundu. Bəzi iddialara görə, hakimiyyət çevrilişini koordinasiya etmək üçün Rusiyadan siyasi emissarlar gəlməliymiş.
aca12984-caf0-4f89-a9b1-8b532e9680b3.jpg (102 KB) 
Onlardan biri olan ermənipərəst rus deputat Konstantin Zatilin İrəvanda keçirilən forumda çıxış edərkən, Paşinyan hakimiyyətinin devrilməsinin vacibliyinə yönəlik mesajlar verməliymiş. K.Zatulinin birbaşa çevriliş işarəsi rolunu oynamalı olan çıxışından sonra Ermənistanın qarışdırılması planlaşdırılırnış. Qərb kəşfiyyatının verdiyi məlumatdan sonra rəsmi İrəvanın K.Zatulin də daxil olmaqla, Rusiyanın "çevriliş emissarları"nın Ermənistana girişinin bloklandığı bildirilir.
Ancaq belə anlaşılır ki, Kreml öz niyyətindən və hədəfindən imtina etməyib. Paşinyan hakimiyyətinin devrilməsi üçün artıq "düymə"yə basılıb. Üstəlik, baş nazir Nikol Paşinyanın həyatına real təhlükənin olduğu da qətiyyən istisna deyil. Hər halda, erməni baş nazirin siyasi səhnədən çəkilməsi Kreml üçün olduqca vacibdir. Halbuki, yalnız hakimiyyət çevrilişi ilə bunu təmin etmək o qədər də asan deyil. Yəni, çevrilişdən sonra baş nazir Nikol Paşinyan öz ətrafında qüvvə toplayıb, daha yüksək reytinqlə, Rusiyanın sayəsində hakimiyyətə qayıtmış, ancaq Ermənistanda rəğbəti olmayan Qarabağ klanına qarşı mübarizə apara bilər.
Məsələ ondadır ki, "Armenia Today" nəşrinin keçirdiyi sosial sorğunun nəticələri də radikal-revanşistlərin Ermənistan cəmiyyətində dayaqlarının olmadığını göstərir. Hətta respondentlərin mütləq əksəriyyəti erməni revanşistləri müxalifət deyil, Rusiyanın Ermənistandakı beşinci kolonu hesab edirlər. Ona görə də, hakimiyyətə dönəcəyi təqdirdə, Qarabağ klanının ciddi daxili müqavimətlə üzləşəcəyi qətiyyən şübhə doğurmur.
Təbii ki, bu reallığı Rusiya siyasi dairələri də bilməmiş deyil. Bu baxımdan, Rusiya siyasi dairələrinin baş nazir Nikol Paşinyanın gizlənə biləcəyi ünvanları əvvəlcədən qiyamçılara nişan verməsi qətiyyən təsadüfi ola bilməz. Böyük ehtimalla erməni baş nazirin iğtişaşlardan gizlənmək şansı tanımaq istəmirlər. Bu isə baş nazir Nikol Paşinyanın şəxsi həyatına real təhlükə olduğunu ehtimal etmək mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert.
скачать dle 12.1