Bia.Az

Türkiyə hərəkətə keçdi - gündəm Azərbaycandır

Gündəm
 2-11-2022, 11:36     285

Xarici işlər naziri Mövlud Çavuşoğlu eyni gündə Rusiya və İran xarici işlər nazirləri ilə danışdı

Oktyabrın 31-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefonla danışıb. Verilən rəsmi məlumatda deyilir ki, Sergey Lavrovla telefon söhbəti zamanı Qafqazdakı son hadisələr müzakirə edilib. Eyni zamanda söhbət zamanı taxıl sazişi ətrafında vəziyyət və 3+3 regional platforması çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığında isə ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıldığı bildirilir. Abdullahian Türkiyə xarici işlər nazirinə Şirazdakı terror aktı ilə bağlı başsağlığına görə təşəkkür edib. İranlı nazir bildirib ki, bəzi düşmənlər son hadisələrdən sui-istifadə edərək İranda qeyri-sabitlik yaratmağa çalışır. Çavuşoğlu isə öz növbəsində bildirib ki, İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də yaxşı və pis gündə həmişə bir-birinin yanında olan iki qardaş ölkədir. XİN rəhbəri Şirazdakı terror hadisəsini pisləyərək bir daha Türkiyə hökuməti və xalqı adından başsağlığı verib. “Biz terrorla mübarizədə həmişə İranın yanında olmuşuq və olacağıq”, - deyə Çavuşoğlu əlavə edib. Türkiyənin xarici işlər naziri İran və Azərbaycan arasında danışıqlar prosesini bir daha alqışlayıb. O vurğulayıb ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.
Türkiyəli nazirin son günlər Azərbaycan-Ermənistan münasibətlərində baş verən proseslərin, xüsusilə də İran-Azərbaycan, Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun müşahidə olunduğu vaxtda eyni gündə rusiyalı və iranlı həmkarı ilə danışıqlar aparması təsadüfdür, yoxsa həm də Azərbaycanın müdafiəsi üçündür? Belə hesab etmək olarmı Türkiyə adıçəkilən iki böyük dövlətin Azərbaycana qarşı son zamanlar nümayiş etdirdiyi davranışlardan narahat olub?
Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az
Anar Əliyev 
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə xarici işlər nazirinin eyni gündə Rusiyanın və İranın xarici işlər naziri ilə telefon danışığı aparması və bu danışıqlar zamanı Azərbaycan məsələsini qabartması qardaş ölkənin hərəkətə keçməsidir: “Türkiyə son günlər şimal və cənub qonşularımız vasitəsilə Azərbaycana qarşı edilən təzyiqləri görür. Türkiyə Azərbaycanın tək olmadığını və Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Çünki bildiyiniz kimi, həm "Valday" diskussiya klubunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin, həm də son günlər İranın bir çox rəsmiləri tərəfindən Azərbaycana qarşı sərt ritorika nümayiş olunub. Rusiya Prezidentinin daha çox erməni xalqının maraqlarının qorunması istiqamətində, erməni xalqı hansı varianta razılıq verəcəksə, ona dəstək verəcəyini ifadə etməsi, eyni zamanda İran tərəfindən Azərbaycana qarşı açıq mətnlə təhdid dolu bəyanatların səsləndirilməsi, Azərbaycanla sərhəddə məqsədləri aydın olmayan hərbi təlimlərin keçirilməsi şübhəsiz ki, Ankaranı razı sala bilməzdi. Türkiyə Rusiya və İrana, eləcə də Ermənistan üzərindən Azərbaycana təzyiq etmək istəyən Avropa güclərinə çatdırır ki, bu təzyiqlərin qarşısında Azərbaycan tək deyil, Azərbaycana qarşı təzyiqlərdən narazıdır. Türkiyə xarici işlər naziri şübhəsiz ki, ölkəsinin bu barədə mövqeyini hər iki həmkarı ilə telefon söhbətində açıq ifadə edib".
Politoloqun sözlərinə görə, Türkiyə Rusiya və İranın onu Cənubi Qafqazdakı proseslərdən kənarda qoymaq niyyətlərinin də olduğunu müşahidə edir. Telefon danışıqlarında bu məsələ ilə bağlı da Ankaranın mövqeyinin qarşı tərəflərə çatdırıldığı şübhəsizdir.скачать dle 12.1